"Bu, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək" - Ekspert danışır

15-12-2021, 13:04           
 "Bu, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək" - Ekspert danışır
Ötən günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu baş direktoru Zakir Eminov yerli KİV-ə bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmürlər. Onun sözlərinə görə, rayonun mərkəzi hökümətdən dotasiyasının az olması üçün müəyyən işlər görülməlidir.
Zakir Eminov bildirib ki, yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Direktor qeyd edib ki, əslində problem ərazi bölgüsündə deyil, idarəetmədədir.

“Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda, onları birləşdirmək olar”,- deyən direktor həmçinin əlavə edib ki, Azərbaycanda 14 iqtisadi rayon ayrılıb və onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. Eminovun fikrincə, idarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır.

DİA.AZ xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, bəzi rayonların ləğv edilməsi ilə bağlı təkliflə razı deyil. “Biz bu təcrübəni çox yaşamışıq. Bəzi rayonlardan kəndləri alıb, yeni rayonlar yaradıblar. Bu, Bakının özündə də yaradıldı. Bakının özündə də mərkəzi rayon yaradılma planı var. Əgər bir rayonun ərazisi böyük, iqtisadi vəziyyəti aşağı dərəcədədirsə, bunu başqa bir rayonla birləşdirib yeni nə isə əldə etmək mümkün olmayacaq. Bu sadəcə, Azərbaycanı əyalətlərə, bölgələrə bölmək kimi səslənəcək. Ancaq ərazisi böyük olan, iqtisadiyyatı aşağı olan rayonları bölmək, onlardan yeni rayonlar yaratmaq olar. İqtisadi vəziyyəti aşağı olan rayonu ləğv edib, başqa bir rayonla birləşdirmək, digər rayonların da iqtisadi vəziyyətinə mənfi təsir edəcək” - deyə ekspert bildirib. Onun sözlərinə görə, rayonlarda iqtisadi vəziyyətin aşağı düşməsinə səbəb, kənd təsərrüfatı sektorunun inkişafdan qalmasıdır:

“Rayonlar əsasən kənd təsərrüfatı, əkin-biçinlə, heyvandarlıqla inkişaf edir. Hazırda bu sahə zəifdir. Rayonlarda bu sahələrin inkişafı üçün işlər görülsə, iqtisadiyyatı da güclənər və rayonlardan şəhərə iş üçün gələnlərin sayı da azalar".

Ekspert həmçinin bildirirb ki, ərazisi böyük olan rayonlar bölünməli və xüsusi idarəetməyə sahib olmalıdır. Belə olan halda, bölgələrin inkişafından danışmaq olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.