Kreml hələlik sakit görünür: Ancaq istənilən an... - NƏ BAŞ VERİR?

15-12-2021, 19:39           
Kreml hələlik sakit görünür:
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşündə iki ölkə dəmir yolu əlaqəsinin bərpasına dair razılaşma əldə edilib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Nikol Paşinyan özünün “Facebook” səhifəsində açıqlama yayıb.

“Dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı prinsiplər əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiyaya dəmir yolu ilə çıxış əldə edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev də Brüsselə səfəri zamanı NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Zəngəzur dəhlizinin yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də faydalı olacağını deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla, Ermənistan isə İranla və Azərbaycan ərazisindən keçməklə Rusiya ilə əlaqə yarada bilər. Azərbaycan Prezidenti onu da bəyan edib ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır.

Çünki üçtərəfli Bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Lakin Ermənistanın Baş naziri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən üçtərəfli müzakirələrdən əvvəl Zəngəzur və Laçın dəhlizlərində giriş rejiminin eyni olması barədə Azərbaycan tərəfinin şərti ilə razılaşmayıb.

“Azərbaycan regional kommunikasiyaların açılması məsələsini çıxılmaz vəziyyətə salmağa çalışır”. Baş nazir Nikol Paşinyan özünün “Facebook” səhifəsində belə yazıb. Paşinyanın fikrincə, Azərbaycan tərəfinin Laçın dəhlizi ilə regional kommunikasiyaların açılması arasında paralel aparmaq cəhdlərinin bu günədək aparılan müzakirələr və imzalanmış sənədlərlə heç bir əlaqəsi yoxdur.

“Bu, Ermənistan üçün qəbuledilməzdir”,-deyə Paşinyan görüşdən əvvəl öz mövqeyini belə ifadə edib. Paşinyanın Azərbaycanın mövqeyinə qarşı çıxması, eləcə də dəmir yolunun açılmasına dair razılaşmanın şərtləri Ermənistanın Zəngəzur dəhlizində sərhəd buraxılış və gömrük-keçid məntəqələri quraşdıracağını göstərir. Dəmir yolunun beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun fəaliyyət göstərəcəyi xüsusi vurğulanır. Bu isə o deməkdir ki, dəmir yolunun Ermənistanın yurusdiksiyasına aid ərazidən keçən hissəsində sərhəd buraxılış və gömrük-keçid məntəqələri yaradılacaq.

Eyni zamanda, razılaşmada “qarşılıqlı prinsiplər əsasında” ifadəsinin yer alması Azərbaycanın da Ermənistandan gələn qatarların ölkəmizə məxsus sərhəd buraxılış və gömrük-keçid məntəqələrində yoxlanışdan keçdikdən sonra hərəkətinə icazə veriləcəyi anlamına gəlir. Söhbət Ağbənd-Mincivan-Horadiz dəmir yolu xətti ilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya, eləcə də Mehri-Naxçıvan-Culfa-Culfa (İran) istiqamətində gedən qatarlardan gedir. Ancaq əldə edilmiş razılaşmanı gələcəkdə, yəni sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra Bakı-İcevan dəmir yoluna da tətbiq etmək mümkündür. Bunun reallaşması üçün əvvəlcə Ermənistan Qazax rayonunun işğal altında saxladığı kəndlərini geri qaytarmalıdır. Brüsseldə qəbul edilmiş sənəddə “qarşılıqlı prinsiplər əsasında” ifadəsinin qeyd edilməsi həmçinin, Ermənistanın addımına cavab olaraq Azərbaycanın da Laçın dəhlizində sərhəd buraxılış və gömrük-keçid məntəqələri quraşdıracağından xəbər verir.

Azərbaycan Prezidenti bu barədə Ermənistanı görüşdən əvvəl xəbərdar etmişdi. Görünür, Paşinyan mövqeyindən dəyişməsə də, Azərbaycanın şərti ilə barışmalı olub və rəsmi Bakının Laçın dəhlizində qarşılıqlı şəkildə sərhəd buraxılış və gömrük-keçid məntəqələri yerləşdirməsinə razılıq verib. Lakin həm Zəngəzur ərazisindən dəmir yolunun açılması, həm də Laçın dəhlizinin istifadəyə verilməsi üçün bir neçə il vaxt lazımdır. Laçın dəhlizinin 2023-cü ildə istifadəyə veriləcəyini nəzərə alsaq, Brüssel razılaşmasının yerinə yetirilməsi üçün təxminən üç il vaxt lazım olduğunu söyləmək olar.

Bununla yanaşı, tərəflər arasında nəqliyyat və kommunikasiyaların açılmasına mane ola biləcək siyasi risklər yüksək olaraq qalır. Bölgədə sülhyaratma prosesinə nəzarəti əldə saxlamağa çalışan Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın baş tutmasını Kremlin Cənubi Qafqaz siyasətinə müdaxilə hesab edir. Ona görə də noyabrın 26-da Soçidə, dekabrın 14-də isə Brüsseldə keçirilən görüşlər Rusiya və Avropa Birliyi arasında rəqabətin artmasından xəbər verir.

Əlbəttə, Zəngəzur dəhlizinin işə düşməsində Rusiya da maraqlıdır. Bu, Soçidə imzalanmış üçtərəfli Bəyananamədə də öz əksini tapıb. Ancaq rəsmi Moskva belə qərarların Qərbin deyil, Prezident Putinin direktivləri əsasında müəyyənləşməsini istəyir.

Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz Dəmir Yolu QSC Rusiya Dəmir Yolları ASC-nin 100 faiz filialıdır və Ermənistan dəmir yollarının konsessiya rəhbərliyini həyata keçirir. Ermənistanın dəmir yolu infrastrukturu 13 fevral 2008-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, 30 il müddətinə CQDY QSC-nin konsessiya idarəçiliyinə verilib. Rusiya və Ermənistan müqaviləni 10 il müddətinə uzatmaq barədə razılığa gəlib. Bu səbəbdən Ermənistan ərazisindən qonşu ölkələrə dəmir yolu xəttinin çıxışının təmini Rusiyadan çox asılıdır. Yəni əsas mülkiyyətçi kimi Rusiya Avropa Birliyinin bölgənin nəqliyyat-kommunikasiya dəhlizində iştirakını əngəlləməyə çalışacaq.

Avropa İttifaqı isə bu ilin iyul ayında infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı məqsədilə Ermənistana 2,6 milyard avro maliyyə yardımı ayırıb. Həmin vəsaitin təyinatı üzrə və şəffaf xərclənməsi üçün əsas şərtlərdən biri bölgədə sabitliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasıdır.

Bu baxımdan, Aİ-in vasitəçilik missiyasından imtina edəcəyi inandırıcı görünmür. Brüssel görüşünün nəticələri ilə bağlı Şarl Mişelin yaydığı bəyanatda da Avropa İttifaqının İqtisadi və İnvestisiya Planına uyğun olaraq əlaqələnmə xətlərinin inkişafına dəstək verməyə hazır olduğu xüsusi vurğulanır. Üstəlik, Aİ-nın sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsləhətçi qismində iştirakl etmək cəhdinə Moskvanın reaksiyası da sərt ola bilər. Çünki Azərbaycan-Ermənistan sərhədinin Rusiyanın təqdim etdiyi xəritələr əsasında müəyyənləşməsinə dair razılıq əldə olunub.

Soçi görüşündə imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan Rusiyanın məsləhətçi tərəf kimi iştirakı ilə 2021-ci ilin sonuna qədər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiya yaratmalıdır. Lakin Brüssel görüşündə Avropa İttifaqının da delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün bölgəyə ekspert missiyası göndərmək qərarına Rusiya sərhəddə eskalasiya yaratmaqla cavab verə bilər. Noyabrın 16-da Laçın və Kəlbəcər istiqamətində baş verən hadisələr də göstərdi ki, Rusiyanın sərhəddə təxribat törətmək imkanları hələ də yüksəkdir. Bölgəyə nəzarəti əldə saxlmaq üçün Rusiya noyabrın 17-də əldə olunmuş atəşkəs haqqında razılaşmanı Ermənistan tərəfdən pozmaqla xilaskar qismində yenidən vəziyyətə müdaxilə edə bilər.

Bu, Azərbaycandan daha çox Qərbyönümlü kursa malik Paşinyana təzyiq üsuludur. Kremlin Paşinyana və ona siyasi himayədarlıq edən Avropa Birliyinə bölgədəki proseslərin Rusiyanın iradəsindən asılı olduğunu xatırlatmaq üçün qeyd edilən addımı atacağı istisna olunmur.

Proses hələlik Soçi Bəyannaməsinin müddəlarından kənara çıxmayıb. Yəni Kreml hadisələrin inkişafını yaxından və diqqətlə müşahidə edir. Əgər Aİ-nın müdaxiləsi artarsa, Rusiya Qərbi oyundan kənarlaşdırmaq üçün əlavə təzyiq mexanizmlərini işə sala bilər.

Müşfiq Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.