Səfir Stokholmda Avropada yaradılan ilk Azərbaycan "Tumurcuq" teatrı ilə tanış olub VİDEO/FOTO
16-12-2021, 20:50
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” teatrının fəaliyyəti ilə tanış olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin zəngin mədəniyyətinin İsveçdə təbliği ilə məşğul olan "Tumurcuq" teatrının bədii rəhbəri Sevinc Nəzərli və digər yaradıcı heyət üzvləri keçirilən görüşdə teatrın hazırkı fəaliyyəti haqqında söz açaraq, qarşıdan gələn dövr üçün nəzərdə tutulan layihələrdən bəhs ediliblər.
Səfir Zaur Əhmədov isə öz növbəsində, qarşıdan gələn dövrdə İsveç ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi mədəniyyət və teatr sahəsində əməkdaşlığın qurulub inkişaf etdirməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, İsveç teatr nümayəndələrinin Azərbaycana və Azərbaycanın sənət adamlarının İsveçə səfərlərinin təşkili və ümumən mədəniyyət sahəsində layihələr insanlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynaya bilər. Bunu nəzərə alaraq səfir, birgə tamaşaların səhnələşdirilməsi kimi layihələrin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan üçün əlamətdar günlərdə "Tumurcuq" teatrının iştirakı və burada mədəni tədbirlərin təşkili üçün imkanların olduğunu qeyd edən Zaur Əhmədov belə layihələrin labüdlüyünü xüsusi vurğulayıb.