“İranda çevriliş baş verə bilər”: Müharibə təhdidi
18-12-2021, 08:04

“Hazırda “Əl-Qaidə” liderləri İranda yaşayır".
Bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru Con Qodfri dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatını dərc etməsi ilə bağlı keçirilən xüsusi brifinqdə bildirib.
“ABŞ administrasiyası hesab edir ki, “Əl-Qaidə” terror qruplaşmasının bir sıra liderləri Tehran hakimiyyətinin məlumatı olduğu halda İranda qalmaqda davam edir. Tehranda və ətraf yerlərdə onların “Əl-Qaidə” şəbəkəsinin liderləri kimi fəaliyyətlərini davam etdirməsinə kömək edilir. İran hakimiyyəti də terrorçulara təhlükəsiz şəkildə yaşamağa imkan verir”, - o deyib. Amerikalı diplomat əlavə edib ki, İran “qara siyahı”lara daxil edilmiş terror qruplarının spektrini maliyyələşdirmə, təlim, silah və texnika ilə təmininidavam etdirir:
“İran hələ də ölkədə yaşayan “Əl-Qaidə” liderlərini məsuliyyətə cəlb etməyə hazır deyil. Həmçinin, İran ərazisində olan bu şəxslərin adlarını açıqlamaqdan da imtina edir. İran “Əl-Qaidə” nümayəndələrinə ən azı 2009-cu ildən öz ərazisində fəaliyyət göstərməyə, o cümlədən pul vəsaitləri və silahlıları Cənubi Asiya və Suriyaya köçürməyə icazə verib. Ona görə də, ABŞ İranı terrorçulara sponsorluq edən ölkə kimi təsnif edir”, - Con Qodfri qeyd edib.
Qeyd edək ki, ABŞ əvvəlki illərdə bu tip səbəblərə görə müxtəlif ölkələrə daxil olmuş və hətta hərbi müdaxilə etmişdi. Son illərə nəzər salsaq İraq, Əfqanıstan və Suriya kimi ölkələri buna nümunə hesab etmək olar. Həmçinin, ABŞ və İsrailin illərdir İranı terrora dəstək verməkdə ittiham etməsini də unutmaq olmaz. Bununla yanaşı, İsrail tərəfindən son günlərdə İrana hücumla bağlı çoxsaylı təhdidlər səsləndirilib. Bütün bunların fonunda ABŞ-ın bu açıqlamasının ardından İrana hücum üçün əsas olacağı iddiaları səslənməyə başlayıb.
ABŞ həqiqətən İrana hücum edə bilərmi?
Bununla bağlı Cebhe.info-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib ki, İrana hər hansısa hücum əməliyyatının reallaşması mümkün görünmür:
“Çünki ortada Fransa, Rusiya və Çin faktoru var. Bu üç ölkə heç bir əsasla ABŞ-ın İrana qarşı hansısa hücum etməsinə imkan verməyəcək. Ümumiyyətlə, ABŞ-ın bu bəyanatları və addımları ilə İrana qarşı koalisiya formalaşdırmağa çalışır. Bu isə əlbəttə ki, Vaşinqtonun təklənməməsi üçündür. Onu da nəzərə alaq ki, ABŞ artıq 50 ilə yaxındır hər hansısa bir ölkədə tək başına hərbi əməliyyatlar aparmır.
Xatırladım ki, ABŞ-ın İraq siyasətində bəzi məqamlar ortaya çıxmışdı. Onlar İraqın kütləvi qırğın silahına malik olduğunu bildirərək, ora hücum əməliyyatı həyata keçirdi. Lakin sonradan məlum oldu ki, İraqda sözügedən silahlar yoxdur. Həmçinin, bənzər ittihamlar Əfqanıstan, Suriya kimi ölkələrə qarşı də səsləndirilmişdi. Lakin unutmaq lazım deyil ki, İran İraq deyil. İranın hərbi gücü və dünyadakı mövqeyi İraqla müqayisədə yüksəkdir”.
Ekspert bildirib ki, Ağ Ev hər zaman olduğu kimi müttəfiq ölkələri bu proseslərə qoşmaq istəyir:
“Yəni ABŞ başqa ölkələri də proseslərə daxil etməklə, məsələni öz xeyrinə həll etməyə çalışır. Lakin Avropa ölkələrinin İraq hadisəsindən sonra növbəti dəfə ABŞ-ın yanında hansısa dövlətlərə qarşı hərbi əməliyyatlarda iştirak edəcəyinə inanmıram”.
Ekspert deyib ki, “Əl-Qaidə” liderlərinin İranda gizlənməsilə bağlı fikirlər də inandırıcı deyil:
“Ümumiyyətlə, dini məzhəb cəhətdən də “Əl-Qaidə” və İrandakı ideoloji baxışlar arasında ciddi fərq var. Hətta deyərdim ki, onların arasında düşmənçilik mövcuddur. Ona görə də İranın belə bir səhv edəcəyini düşünmürəm. Çünki bu, həm İrana, həm də Rəisi hakimiyyətinə çox ciddi problem yaradar. Əgər xalq “Əl-Qaidə” liderlərinin İranda gizləndiyini bilsə, ölkədə çevriliş də baş verə bilər”.