Rusiya da ABŞ ilə sazişdən çıxdı: Dünyanı gözləyən real təhlükə nədir? – BİZİM TƏHLİL
19-12-2021, 00:05

Rusiya "Açıq Səma Sazişi"ndən çıxıb.
Moskva bu qərarını ABŞ-ın sazişdən çıxmasından sonra qəbul edib.
Amerikanın avropalı müttəfiqləri isə Rusiya ərazisi üzərində uçuşlar zamanı toplanan məlumatların Vaşinqtona ötürülməyəcəyinə dair Rusiya tərəfinə zəmanət verməkdən boyun qaçırıblar.
"Açıq Səma Sazişi"nə əsasən, Rusiya ilə vahid qrupa daxil olan Belarusun bundan sonra nə edəcəyi hələ də qaranlıq qalır. Minsk vurğulayır ki, Belarusun “açıq səma”da gələcək iştirakı və ya iştirak etməməsi ilə bağlı qərar diqqətlə təhlil edilərək Moskva ilə məsləhətləşmələr əsasında qəbul ediləcək. Belarusun hansı qərara gəldiyi hələ rəsmi olaraq açıqlanmayıb.
"Açıq Səma Sazişi" onun iştirakçılarına hərbi fəaliyyətləri müşahidə etmək üçün bir-birlərinin əraziləri üzərindən uçmaq hüququ verir. Hərbi məlumatların mübadiləsi və ərazilərin qarşılıqlı aerofotoçəkilişləri vasitəsilə yoxlanılması təklifi ilk dəfə 1955-ci il iyulun 21-də Cenevrədə SSRİ, ABŞ, Böyük Britaniya, Fransa dövlət başçılarının konfransında Amerika Prezidenti Duayt Eyzenhauer tərəfindən irəli sürülüb.
Danışıqlar 1950-ci illərin sonlarında başlasa da, 1960-cı ilin mayında Amerikanın “U-2” kəşfiyyat təyyarəsi ilə bağlı insidentdən sonra başa çatdı. 1989-cu ilin yazında ABŞ prezidenti ata Corc Buş NATO ölkələrinin və Varşava Müqaviləsi Təşkilatının rəhbərlərini bu məsələnin müzakirəsinə qayıtmağa dəvət edib.
İki il davam edən danışılardan sonra ATƏM-ə (ATƏT) üzv olan 27 ölkənin namayəndəsi bu sazişə qoşulmaq haqqında sənədi imzalayıb. "Açıq Səma Sazişi" 20 dövlətin ratifikasiya etməsindən sonra, 2002-ci il yanvarın 1-də qüvvəyə minib. Rusiya isə bu sazişi 2001-ci il mayın 26-da təsdiq edib.
Sənəd uçuşların aparılmasını tənzimləyir, hava gəmisinə və müşahidə avadanlığına olan tələbləri özündə əks etdirir, toplanmış məlumatların emalı qaydalarını müəyyən edir. Alınan məlumatlar bütün iştirakçılar üçün əlçatan olan informasiya bankına gedir.
Müşahidə aparan təyyarənin uçuş marşrutu müqavilənin tərəfi olmayan qonşu dövlətin sərhədindən 10 kilometrdən çox olmayan məsafədən keçməlidir. Müqavilə hər bir iştirakçıya müəyyən sayda kvota təyin edir. ABŞ ASM-ni tərk etməzdən əvvəl kvotaya uyğun olaraq 42 uçuş həyata keçirirdi. Eyni göstərici Rusiya-Belarus qrupuna da aiddir. Almaniya, Kanada, Fransa, Böyük Britaniya, İtaliya, Türkiyə və Ukraynanın hər birinə 12 uçuş ayrılıb.
ABŞ-ın bu müqavilədən Donald Trampın prezidentliyi dövründə çıxıb. Əsas səbəb isə Rusiya ilə yaranmış fikir ayrılığıdır. ABŞ Rusiyanı sənədin bir sıra şərtlərini pozmaqda, xüsusilə Kalininqrad vilayəti üzərində 500 km məsafədə, eləcə də Abxaziya və Cənubi Osetiya ilə sərhədlər boyunca 10 km-lik zonada müşahidə uçuşlarına məhdudiyyət qoymaqda ittiham edib.
Rusiya isə bildirir ki, Kalininqrad vilayəti ilə bağlı məhdudiyyət ASM çərçivəsində uzun uçuşların həyata keçirilməsidir. Nəticədə, bölgənin bütün hava məkanının mülki aviasiya üçün bağlanması ilə izah edir. Abxaziya və Cənubi Osetiyaya gəlincə, Rusiya Federasiyası onları müstəqil dövlətlər kimi tanıyır və bununla əlaqədar razılaşmaya əsasən, onlarla sərhəddən 10 km aralıda uçuşlar qadağan edilir.
Digər ölkələr isə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstan ərazisi hesab etdiyindən bunu ASM-nin pozulması kimi qiymətləndirmir. Öz növbəsində, Moskva iddia edir ki, Vaşinqton təsdiq prosedurunu çətinləşdirir, xüsusilə də Aleut və Havay adaları üzərində müşahidə uçuşlarını məhdudlaşdırır. 2020-ci il noyabr 22-də ABŞ müqavilədən çıxdığını elan edib. "Açıq Səma Sazişi"nə üzv olan Avropa ölkələri Prezident Trampın bu qərarını qarşılıqlı etimad mühitinin pozulması kimi dəyərləndirib.
Co Bayden ABŞ-da ötən il keçirilən prezident seçkiləri öncəsi Trampın bu addımını pisləmişdi. Bayden prezident seçiləcəyi təqdirdə, ABŞ-ın yenidən ASM-ə daxil olacağını vəd etmişdi. Lakin Baydenin bu vədi həyata keçmədi. Hətta son vaxtlar Qara dəniz, Ukraynanın işğal altındakı əraziləri üzərində ABŞ-ın kəşfiyyat təyyarələrinin uçuşu artıb. Görünür, Rusiyanın ASM-dən çıxmasının səbəbi də bu sazişdə ABŞ-ın iştirakı olmadan iştirak etməməsi ilə bağlıdır.
“Rusiya və ABŞ "Açıq Səma Sazişi"ndə iştirak etmədən onun effektivliyi kəskin şəkildə azalacaq, sözügedən sazişin tətbiq sahəsi təxminən 80 faiz azalacaq”.
Rusiya Xarici İşlər Nazirlyinin yaydığı bəyanatda belə deyilir.
Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya dekabrın 18-dən ASM-dən çıxıb və artıq onun müddəalarında nəzərdə tutulmuş İştirakçı Dövlətlər qrupunun üzvü deyil”.
Rusiyanın bu addımından sonra ABŞ və NATO ilə münasibətlərin gərginləşəcəyi gözlənilir.
Müşfiq Abdulla
Cebhe.info