İranla Səudiyyə Ərəbistanı arasında növbəti gərginlik - YƏMƏN UĞRUNDA SAVAŞIN PƏRDƏARXASI...

20-01-2022, 11:34           
İranla Səudiyyə Ərəbistanı arasında növbəti gərginlik -
Tehranın himayə etdiyi husilər Abu Dabini PUA-larla vurdu, ərəb koalisiyası cavab olaraq Sənanı bombaladı; ekspert münaqişənin görünməyən tərəflərini açıqladı

İranla Səudiyyə Ərəbistanı arasında növbəti gərginlik yaşanır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabinin PUA-lar tərəfindən bombalanması Tehranla Ər-Riyadı üz-üzə qoyub. “Yeni Müsavat” məlumat verir ki, Abu Dabinin bombalanmasının məsuliyyətini Yəməndəki husilər üzərlərinə götürüb. Buna cavab olaraq Səudiyyə də Yəmənin paytaxtını bombardman edib.

Məlumdur ki, Yəməndə husiləri İran himayə edir. Ona görə Səudiyyənin Yəməni Abu Dabiyə görə bombalaması İran tərəfindən etirazla qarşılanıb. Ekspertlərin mülahizələrinə görə, bu olaylar həm də İran-BƏƏ arasındakı konflikt kimi başa düşülür. Onu da deyək ki, yanğın Əmirliyin ADNOC dövlət şirkətinin yanacaq anbarlarının yaxınlığındakı Əl-Misfah bölgəsində üç çəndə partlayışa səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmçinin Əbu-Dabidə yeni hava limanının tikintisinin aparıldığı ərazidə kiçik yanğının baş verdiyi bildirilir. “Əl-Mayadeen” bildirib ki, cavab olaraq ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələr nəticəsində 23 nəfər ölüb. Qurbanlar arasında qadınlar və uşaqlar, eləcə də tam ailələr də var. Əsasən Yəmən paytaxtının şimal-qərbində “Ənsar Allah” şiə hərəkatının nəzarətində olan Əl-Libi yaşayış məntəqəsi havadan hücuma məruz qalıb. Telekanalın məlumatına görə, beş yaşayış binası tamamilə dağılıb, onlarla binaya ziyan dəyib. Dağıntılar altında hələ də insanlar var. Davam edən hava reydləri səbəbindən təcili yardım maşınları zərərçəkmiş əraziyə daxil ola bilməyib. Həmçinin bu səbəbdən hadisə yerində çalışan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb. Analitiklərin sözlərinə görə, İrana tətbiq edilən sanksiyalar səbəbindən bu ölkənin xaricdəki müxtəlif şiə hərəkatlarına göstərdiyi hərbi və maddi yardımın həcmində ciddi azalmalar müşahidə olunsa da, Tehranın öz ənənəvi taktikasından yaxın gələcəkdə imtina edəcəyi inandırıcı görünmür.

Yəməndəki hakimiyyət böhranı və iqtisadi tənəzzül husi üsyançılarının İrandan asılılığını bir qədər də dərinləşdirəcək. Ərəb koalisiyası hava zərbələri nəticəsində husilərin Yəməndəki hərbi aktivliyini müəyyən qədər cilovlasa da, quru əməliyyatlarındakı uğursuzluq ciddi nəticələr əldə etməyə imkan vermir. Əgər gələcəkdə ərəb koalisiyası tərəfindən Yəmən ərazisinin husilərdən birdəfəlik təmizlənməsi istiqamətində qəti və ardıcıl tədbirlər görülməsə, husilərin ələ keçirdikləri ərazilərdə Tehrana bağlı yeni bir rejimin meydana çıxması ehtimalı olduqca yüksəkdir. Bu mənada Yəmən hələ uzun müddət İran və Səudiyyə Ərəbistanı arasında qızğın mübarizə məkanı olaraq qalmağa davam edəcəkdir.

Siyasi şərhçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Yəmən Səudiyyə ilə İranın döyüş poliqonuna çevrilməkdədir. Ekspertin fikrincə, burada məzhəb qarşıdurmasının elementləri var: “Tərəflər arasında ərazi iddiaları deyil, sünni-şiə toqquşması müşahidə olunur. Husilər şiədir və İran Livanda ”Hizbullah" kimi Yəməndə də onları himayə edir. Bununla öz ərazilərinə təhlükənin yaxınlaşmasına imkan vermir. Tehran yaxşı bilir ki Səudiyyə İranı vurmaqda həvəslidir və ABŞ-ın dəstəyini də yanına ala biləcək. Ona görə təhlükəni özündən uzaqlaşdırmaq üçün neytral məkan olan Yəmən plasdarma çevrilməkdədir. Husilər şiə məzhəbinin Zeydi təriqətinə aiddirlər. Onlara qarşı nəinki Sənadan qovduqları hökumət, həm də sünni tayfaları çıxış edirlər. Husilərə qarşı ərəb koalisiyası dəstək verməkdədir".

R.Məmmədovanın sözlərinə görə, orada baş verənlərdə konkret kimin günahkar olduğunu söyləmək çətindir, lakin İranla Səudiyyə arasında danışıqlar baş tutarsa, Yəməndə sabitlik əldə edilə bilər: “Bu dəfə Əmirliyin dronlarla vurulması kifayət qədər ciddi həmlədir. Səudiyyə bunu cavabsız qoymayacaqdı. Bu vəziyyət Ərəbistanı ciddi narahat edir. Di gəl, Ər-Riyad qonşu ölkədə İrana meylli hərəkatın yayılması qarşısında bir qədər gec ayılıb. Səudlar deyirlər ki, İranın regionda məzhəb ədavəti toxumlarını səpməsinə yol verməyəcəklər. Əslində münaqişənin görünməyən, maraqlı cəbhələri Səudiyyə Ərəbistanı və İrandır. Yəmənin əlverişli geosiyasi mövqeyi, Ədən körfəzinə və Hind okeanına, yəni dünya dəniz ticarətinin əsas yollarına çıxışının olması bu ölkəni ciddi geosiyasi qarşıdurma məkanlarından birinə çevirib. İslam inqilabından sonra Tehranın Yaxın və Orta Şərqdə ”şiə zolağı" yaratmaq siyasətinin icrasına başlamasından sonra Yəmən İran üçün həssas nöqtələrdən birinə çevrilmiş oldu. İlk növbədə ona görə ki, müxtəlif məlumatlara görə, Yəməndə şiə icması ümumilikdə ölkə əhalisinin 40%-dən çoxunu təşkil edir və bu da Tehran üçün ciddi sosial baza deməkdir. İranyönümlü qruplar vasitəsilə Tehran Səudiyyə Ərəbistanının strateji obyektlərinə, neft infrastrukturuna ciddi zərər vermək iqtidarındadır. Husi yaraqlılarının hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının endirdiyi zərbələr isə məsələni həll etməməklə yanaşı, beynəlxalq ictimai rəyi də Ər-Riyadın əlehinə çevirmiş olur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.