Laçındakı suriyalı Andranik yenə Paşinyana qarşı çıxdı: - “Biz Zabuxu tərk etməyəcəyik…”

28-06-2022, 10:58           
Laçındakı suriyalı Andranik yenə Paşinyana qarşı çıxdı: -
“Biz Nikol Paşinyan yanlış danışıqlar apardığına görə evlərimizi tərk etməyə hazırlaşmırıq”. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu Laçın rayonunun Zabux kəndindəki qondarma "Aqavno" icmasının "rəhbəri" Andranik Çavuşyan NEWS.am-a müsahibəsində bildirib.

“Mən başa düşmürəm ki, Paşinyan niyə belə edir. Heç kim ona torpaqları təslim etmək üçün mandat verməyib... Mən buradan çıxmayacağam, üstəlik, daha ciddi addımlara hazırlaşacağıq”.

Sakinlərin bu məsələyə münasibəti barədə suala Andranik Çavuşyan bu cür cavab verib:

“Sakinlərin əhval-ruhiyyəsi də burada qalmağa yönəlib. Təqiblər nə qədər çox olarsa, bir o qədər qızışırıq. Biz evimizi tərk etməyə hazırlaşmırıq…”

Nikol Paşinyanın açıqlamasının sürpriz olub-olmaması ilə bağlı sualı isə üzdəniraq “mer” belə cavablandırıb:

"Yox, bu, sürpriz deyildi. Onun belə bir açıqlama verəcəyini gözləyirdim. Biz insanlara deyəndə onlar buna nifrətlə reaksiya verdilər… Minlərlə insan öldü ki, torpaq bizə qalsın. İndi biz torpağı veririk ki, insan həyatını xilas edək? Bizə belə həyat lazım deyil”

Xatırladaq ki, dünən – iynun 27-də Ermənistan baş naziri Nikol Paşinyan Laçın “dəhlizi”nə alternativ yolun tikintisi başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən ərazilərin Azərbaycana keçəcəyini bəyan edib. O, eyni zamanda Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri və Zabux kəndində işğal illərində məskunlaşmış ermənilərin həmin əraziləri tərk etdikdən sonra mənzillə təmin olunacağını bildirib.

Son araşdırmalarımızdan belə nəticəyə gəlinir ki, Laçın rayonunun “dəhliz” hissəsində - düz Xankəndi-Şuşa-Laçın-Gorus avtomobil yolunun üzərində yerləşən Zabux kəndində qanunsuz sülənən Suriya haylarının başçısı Andranik Çavuşyan və onu dəstəkləyənlər “Kalaşnikov” avtomatları ilə silahlanıb. Çünki 10 noyabr 2020-ci il razılaşmasından sonrakı ilk günlərdən A.Çavuşyan Ermənistan və xarici mediaya açıqlamasında dəfələrlə bildirmişdi ki, biz Zabuxdan çıxmayacağıq və silahlarımızı heç Rusiya hərbçilərinə də təhvil verməyəcəyik. Qondarma “mer”in sözlərinə görə, hətta rus komandirlər bir neçə dəfə kəndə daxil olaraq ondan özündə və sakinlərdə olan silahları təhvil vermələrini tələb ediblər. Lakin A.Çavuşyan cavab verib ki, siz bizim təhlükəsizliyimizi təmin edə bulməyəcəksiniz, Azərbaycan - türk hərbçiləri cəmi 2-3 kilometrliyimizdədir. Sonrakı vaxtlarda o, eyni zamanda Azərbaycan hərbçilərinin də kəndə daxil olmasına qarşı da çıxışlar edərək bildirib ki, əgər Zabuxa Azərbaycan əsgəri girsə, mən onun başını daşla əzərəm… Son günlər isə A.Çavuşyanın riyakarlıq maskasını taxaraq guya kənddən çıxmaq istəmədiklərini və Azərbaycanın nəzarəti altında yaşamağa razı olduqlarını bildirib…

Zəruri şərh:

Guya ki, ötən 1 il 8 aya yaxın müddətdə 1-ci müşahidə-nəzarət postları məhz Zabux kəndində yerləşən Rusiya “sülhməramlı” kontingenti komandanlığı Suriyadan(!) gəlmə Andranik Çavuşyanı və silahdaşlarını tərksilah etmək iqtidarında olmayıb? Görünür, Suriyada müharibə başlayandan sonra -2011-ci ildə A.Çavuşyan başda olmaqla oradakı “qaçqın” hayların Laçın rayonu, özü də dəhliz ərazisindən yerləşdirilməsini məhz Kreml – Putin rejimi təşkil edib. Məqsəd həm Azərbaycan torpaqlarındakı ermənilərin sayını artırmaqda, həm də gələcəkdə, yəni Azərbaycan ordusunun artıq torpaqlarının, o cümlədən Laçın rayonunun əksər hissəsini işğaldan azad etdiyi bu gün həmin terrorçu silahlı haylardan təxribat törətmək üçün istifadə etmək olub. Əgər bu gün “sülhməramlı”ların 1-ci postunun düz yanında silahlı haylar varsa, görün Şuşanın, Xocavəndin, Xocalının, Ağdərənin, Kəlbəcərin, Tərtərin və s. dağ və meşələrində neçəsi var…
Və Azərbaycan ordusuna, o cümlədən yaxınlıqda çalışan inşaatçılarımıza, “Azərenerji” əməkdaşlarına və s. qarşı təhlükə yaradan qanunsuz silahlı dəstəni tərksilah etmirsə, onda bu “sülhməramlı”ların Laçın və Qarabağdakı gerçək missiyası işğal durumunu saxlamaq deyil, bəs nədir?

Əgər alternativ yol hazır olduqdan sonra Rusiya hərbçiləri həmin Andranikləri torpaqlarımızdan çıxarmağa “qadir olmayacaqsa”, sözsüz ki, bunu Azərbaycan ordusu etməyə məcbur qalacaq…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.