Əliməmməd Nuriyev Oqtay Gülalıyevi məhkəməyə verir - QALMAQAL
5-05-2016, 22:28
“İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının uzun müddətdən bəri planlaşdırılan yığıncağı aprelin 30-da tutdu.Biz daha əvvəl bu tədbirin keçirilməsi üçün beynəlxalq qurumlara müraciət etmişdik. Amma müsbət cavab gəlməmişdi. Ona görə də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik. Onlar da çox sağ olsunlar ki, bizim bu tədbirin keçirilməsini 7 min 500 manat dəyərində maliyyələşdirdilər.
Tədbirin baş tutması üçün otel sifariş olundu, videoçəkiliş, kofe-breyk, bukletlərin paylanması, zəruri olan hər bir şərait təmin edildi. Konfrans iştirakçıları üçün 5 mindən artıq çap materialları hazırladıq. Səhərdən axşama kimi tədbir davam etdi”.
Bu barədə Modern.az saytına Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının keçmiş koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib.
Əliməməd Nuriyev Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyevin koalisiyanın iclası haqqında yaydığı bəyanata münasibət bildirib.
O deyib ki, səsləndirilən ittihamlar hamısı şər və böhtandır:
“Koalisiyanın iclasının sabahı günü Milli Şura deyilən bir təşkilatın nümayəndəsi Oqtay Gülalıyev tərəfindən bir məktub ortaya atıldı. Hesabat xarakterli bu məktub Mehriban Vəzirin poçtuna da göndərilib. Mehriban xanıma göndərilən məktubda hansısa “qələbədən” danışılır.
Orada həm də iddia olunur ki, guya, biz qələbə çaldıq, hakimiyyətdən 400 min manat pul almışıq və s. Bütün bunlar tamamilə iftiradır. Bu yalnız Mehriban xanıma və mənə deyil, o iclasda iştirak edənlərin hamısına atılan böhtandır.
Gutya, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şurasına keçirilən seçkidə hansısa siyasi qüvvələrin təsiri olub. Tədbirdə iştirak edən Sabit Bağırov, Mehriban Vəzir, Azər Mehtiyev, Mirvari Qəhrəmanlıdan da izahat tələb edib. Bizə qarşı səsləndirilən bu ittihamlar koalisiya üzvlərini həddindən artıq narahat edir”.
Hüquqşünas deyib ki, əgər Otaq Gülalıyev irəli sürdüyü ittihamları sübut edə bilməsə, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəklər:
“Biz hələ də həmin şəxsdən bu məsələ ilə bağlı açıqlama, konkret izahat gözləyirik. Həmin insan deməlidir ki, bu necə qələbədir, həmin 400 min manat harda, kimlərə verilib?
Biz gözləyirik və ümid edirik ki, Oqtay Gülalıyev bu ittihamın tamamilə yalnış və iftira olması haqqında bəyanat verəcək. Əks halda, səsləndirdiyi ittihamlar haqqında əlində fakt və sübutlar varsa, bunu ortaya qoymalıdır.
Mən bu məsələ ilə bağlı adekvat addımlart atacağam. Hələ ki Oqtay Gülalıyevin izahatını gözləyirik. Lazım olsa, müvafiq hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik.
Çünki biz sübutu olmayan ağır korrupsiya faktında ittiham olunuruq. İttihamlar əsaslandırılmaldır. Təbii ki, bütün bunlar şər və böhtandır, elə şeylər olmayıb.
Bu böhtanı atanların əgər əllərində əvvəldən belə bir faktlar var idisə, nəyə görə konfransa qədər açıb demirdillər? Çünki belə şeylər olmayıb, hamısı yalandır. Heç bir şər və böhtan koalisiyanın fəaliyyətinə ləkə yaxa bilməz.
Bu məsələ ilə bağlı aydiyyatı dövlət qurumlarıda ciddi şəkildə maraqlanacaqlar. Bizə qarşı şər və böhtanlarla dolu ittiham irəli sürən insanlar bilirlər ki, bunlar tamamilə siyasiləşdirilmiş riyakarlıqdır”.