Rusiya Ermənistanı Bakı ilə qorxudur – Kremlin forpostuna təzyiq “kartı”
23-05-2016, 10:34
Ötən həftənin siyasi olaylarından biri də Rusiya baş naziri Dmitri Medvedyevin İrəvana gəlişi oldu. Səfər Avrasiya Birliyinə üzv ölkələrin baş nazirlərinin görüşü çərçivəsində reallaşsa da, Ermənistan rəsmiləri Medvedyevin səfəri ilə bağlı gözləntilərini gizlətmirdilər. Söhbət Rusiyanın hələ ötən il İrəvana vəd elədiyi 200 milyon dollarlıq güzəştli krediti və bu kredit çərçivəsində işğalçıya yeni silah partiyasının verilməsinin ləngiməsindən gedir.
Maraqlıdır ki, kreditlə bağlı anlaşma sənədi Ermənistan parlamentində dərhal ratifikasiya olunsa da, Rusiya tərəfi buna tələsmir. İrəvan isə aprel hərbi uğursuzluğundan sonra bəlli səbəbdən bərk narahatdır və tələsir. Lakin Ermənistanın baş naziri Ovik Abramyanın və müdafiə naziri Seyran Ohanyanın az öncə Moskvaya etdikləri səfərlərə, verdikləri nikbin bəyanatlara rəğmən, məsələdə köklü irəliləyiş yoxdur.
Erməni mənbələri bildirir ki, prezident Serj Sərkisyanın Medvedyevlə İrəvan görüşü zamanı əsas müzakirə mövzularından biri bu olub. Ermənistanın narahatlığı bir daha müttəfiq dövlətin diqqətinə çatdırılıb, müqavilə bir ildir bağlansa da, onun indiyədək reallaşmamasından yana məyusluq ifadə edilib.
Doğrudur, görüşdən bir gün sonra baş nazir Abramyan bir növ ictimaiyyəti sakitləşdirmək üçün bəyan edib ki, guya silahların verilməsinə artıq başlanıb. Lakin onun sözlərini, yaxud Sərkisyan-Medvedyev görüşünün müsbət nəticə verdiyini nə yerli müstəqil qaynaqlar, nə də ən önəmlisi, Rusiya mənbələri hələlik təsdiqləmir.
* * *
Tanınmış erməni analitiklərindən biri isə yaranmış vəziyyəti “Kremlin İrəvana qarşı silah şantajı” adlandırıb və hətta bu xüsusda Bakının Rusiyaya 200 dollarlıq kreditlə bağlı vaxtilə verdiyi etiraz notasını yada salaraq, həmin notanın da artıq effekt verdiyini bildirib.
Təcavüzkar ölkənin vəziyyətini qəlizləşdirən həmçinin, odur ki, onun hərbi parkı Azərbaycandan fərqli olaraq bütünlüklə sovet-rus silahlarından təşkil olunub. Bu silah-sursatın ehtiyat hissələri isə Rusiyadadır. Üstəlik, Rusiya Ermənistana başqa ölkələrdən silah almağa izn vermir. Acından ölən Ermənistanın heç belə imkanı da yoxdur.
Ən absurdu da belə acınacaqlı durumda olan forpost bir ölkənin - Ermənistanın öz yeganə xilaskarı və havadarı Rusiyaya diş qıcamasıdır. Aprel döyüşlərindən sonra özünü göstərən bu nankorluğu təbii ki, Kreml rəhbərliyi görürdü və mütləq ciddiyə alacaqdı...
* * *
Medvedyevin səfəröncəsi isə Rusiyanın Ermənistana vassal münasibətini göstərən daha bir olay baş verib. Belə ki, iki ölkənin parlament komissiyalarının müdafiə və təhlükəsizlik üzrə İrəvanda keçirilən iclasından sonra Qarabağla bağlı qalmaqal yaşanıb.
Məlumatlara görə, aprelin 15-də keçirilən iclasdan sonra birgə bəyanat verilməsi barədə razılıq əldə olunub. Ermənistan nümayəndələri yenə təxribata əl ataraq öz xeyirlərinə olan bəyanat hazırlayıblar. Ruslara təqdim edilən bəyanatın mətninə Azərbaycanın aprelin əvvəlində Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsi ilə bağlı bənd də salınıb.
Lakin “Aykakan jamanak” qəzetinin yazdığına görə, Rusiya nümayəndə heyəti bəyanatı qəbul etməkdən imtina edib və vaxt istəyib. Amma iclasdan 1 aydan çox vaxt keçməsinə baxmayaraq Rusiya nümayəndələri Ermənistan tərəfinə heç bir məlumat verməyiblər. Qəzetin yazdığına görə, komissiya sədri Koryun Naapetyan rusiyalı həmkarına bəyanatın qəbul edilməsi ilə bağlı məktub da göndərib. Ancaq məktub indiyədək cavabsızdır...
* * *
Əlbəttə, Rusiya istəsə, ondan ötrü elə böyük məbləğ olmayan 200 milyon krediti özünün ağır iqtisadi durumuna rəğmən, tapa bilər. Amma tələsmir. Ehtimal ki, bununla ilk növbədə Ermənistanın təkcə iqtisadi deyil, hərbi sahədə də ondan nə dərəcədə asılı olduğunu İrəvana və erməni ictimai toplumuna anlatmaq istəyir. Eyni zamanda son vaxtlar Moskvaya qarşı qəzəb püskürən erməni toplumuna yerini göstərir.
İkincisi, istisna deyil ki, Moskva bu yolla həm də Azərbaycanla silah ticarətindən narazı olan erməni ictimai rəyində bəraət qazanmağa çalışır. “Yəni kimin imkanı-pulu var, silahı da o alır, Moskvadan inciməyə dəyməz” məntiqi.
Üçüncüsü, Rusiya yaxşı bilir ki, maliyyə imkanı zəif olan Ermənistana Rusiyadan başqa heç kim ucuz və kreditə silah verməz. İşğalçı ölkənin hansısa digər dövlətdən müasir silahlar almaq imkanı isə şifrin yanındadır. Başqa sözlə, ermənilərin Rusiyadan incikliyi, ona qarşı aqressivliyi enində-sonunda elə özlərinə qalacaq.
Nəhayət, silah şantajının dördüncü mühüm məqamı kimi, Rusiyanın Qarabağ və Güney Qafqazla bağlı planlarında (sülhməramlılar məsələsi, Cənubi Qafqaz ölkələrinin Qərbə yaxınlaşmasını önləmək və s.) İrəvanı daha üzüyola və sözə baxımlı eləmək istəyini qeyd eləmək mümkündür.
***
Qarabağ danışıqlarının donunun açıldığı və prezidentlərin gələn ay planlaşdırılan görüşü ərəfəsində Moskvanın Ermənistan sarıdan arxayınçılığı indi xüsusi əhəmiyyət kəsb edir. Çünki bəzi ehtimallara görə, Qarabağ məsələsində artıq ABŞ-Rusiya rəqabəti başlayıb. Vyana görüşünü də məhz Amerikanın təşkil elədiyi sirr deyil.
Bu mövzuda danışan rusiyalı tanınmış siyasi ekspert Qriqori Trofimçuk hesab edir ki, hazırda status-kvonu saxlamaq mümkün deyil: “Situasiyadan görünür ki, əgər yaxın zamanda Rusiya, Azərbaycan və Ermənistan lazım olan qərarı verməsələr, Qərb problemin həlli ilə bağlı öz mexanizmini işə sala bilər. Məsələn, regionda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə fəaliyyəti aktivləşdiriləcək və sair”.
Yeri gəlmişkən, üç ölkə müdafiə nazirlərinin mayın ortasında Qəbələdə keçirilən görüşündə Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə təlimlərin keçiriləcəyi bəyan edilib. Belə bir həssas durumda Ermənistanın Rusiyaya münasibətdə yersiz və narazı ovqat yox, sədaqət göstərməsinə Moskvanın daha çox ehtiyacı duyması məntiqlidir.
Güclüyə sədaqət isə gücsüzə xas keyfiyyətdir ki, bunu da elə Kreml vaxtaşırı İrəvana xatırlatmaqla ona hər hansı başqa çıxış yolunun qalmadığına, Qərbə boylanmalarının lüzumsuz olduğuna işarə vurmaqdadır.
Sonda əlavə edək ki, Moskvanın İrəvana qarşı iddia edilən silah şantajı əsla Azərbaycana yaxşılıq eləmək və ya Bakının mövqeyini gücləndirmək məramından irəli gəlmir, ümumən bölgədə daha da möhkəmlənmək planından qaynaqlanır. Görünür, bundan ötrü Rusiyaya təcavüzkarı ara-sıra həm də Bakı il qorxutmaq lazım gəlir.
Bütün hallarda Kreml, əlbəttə ki, regionda Ermənistanın 1 nömrəli sadiq müttəfiqi olaraq qalır və İrəvan özünü “yaxşı aparanadək”, ələlxüsus da Qərblə separat sövdələşməyə gedənədək çətin ki, ona pislik eləsin, Ermənistanın silahlanma məsələsində Azərbaycandan güclü şəkildə geri qalmasını arzulasın.
Onu da unutmayaq ki, Ermənistan adlı qondarma dövlət yalnız Rusiyanın sayəsində mövcuddur. Sadəcə olaraq, Moskva fərqindədir ki, Azərbaycanı da öz yanında saxlamalıdır. Bundan ötrü isə silah ticarəti asılılıq yaratmaq üçün Moskvanın əlində yeganə sınanmış vasitədir - vassal Ermənistan bundan narazı qalsa da.