Azərbaycan “Milyarderlər layihəsi”ni zərərsizləşdirə biləcək? - AKTUAL

14-01-2023, 11:38           
Azərbaycan “Milyarderlər layihəsi”ni zərərsizləşdirə biləcək? - AKTUAL
Yanvarın 16-20-də Davos İqtisadi Forumu keçiriləcək.
- Əlində iqtisadi rıçaqlar və bu alətləri bərkidən hərbi-siyasi, diplomatik gücü olan ölkələr belə platformadan xeyirli çıxırlar, Azərbaycan da həmin ölkələr sırasında yer alır. Ona görə ki:
1. Azərbaycan qlobal enerji bazarlarındakı mövqelərini irəliyə apara bilib;
2. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə investisiya mühitini stimullaşdırır;
3. Azərbaycan ənənəvi enerji mənbələrinə alternativ olan enerji resurslarını inkişaf etdirməklə bunu beynəlxalq yanacaq tədarükünün tərkib hissəsinə çevirir. Bu da qlobal təchizatdakı zəncirlərin həlqəsi üçün vacibdir;
4. Xəzər dənizindəki zəngin ehtiyatların, işğaldan azad edilmiş ərazilərdəki qızıl ehtiyatlarının bolluğu xarici sərmayədarlar üçün cəlbedici görünür;
5. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirmək gücündədir ki, bu da strateji bir layihə kimi önəm qazanır.
- Prezident İlham Əliyevin Davos Forumu öncəsi, yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi bəyanatlar Azərbaycana qlobal dəstək miqyasının artırılması üçün çağırışlar idi.
- Buna görə də Azərbaycanı Davos İqtisadi Forumunda təmsil edəcək nümayəndə heyəti Zəngəzur dəhlizi üzrə əlavə iqtisadi-siyasi dəstəklər qazanmaqdan ötrü görüşlər keçirə bilər.
- Görüşlər, bağlı qapılar arxasındakı danışıqlar, bu müzakirələrdən sonra Azərbaycana rəqib olan ölkələrin digərlərinin qulaqlarına nələr pıçıldaması Bakının sonrakı gedişatları üçün açar olacaq.
- Azərbaycan və Türkiyə strateji müttəfiqliyi zərurət yaradır ki, bu iki ölkə regiondakı potensial şoklara qarşı dayanıqlılığı təmin etsin. Təhlükəsizliyin, davamlılığın hərtərəfli yenidən qiymətləndirilməsi baxımından Davos Forumu böyük rola malikdir.
- Qlobal və regional oyunçuların Davos Forumundan sonra Cənubi Qafqaz regionunda Azərbaycanın əldə etdiyi yeni razılıqlara reaksiya olaraq hansı addımlar atacaqları maraq doğurur.
- Davos Forumu iqtisadi platforma olduğundan, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki təbii sərvətlərin talanması məsələsini də qaldıra bilər.
- Davos Forumu Rusiyanın Cənubi Qafqazla bağlı “milyarderlər layihəsi”nin Azərbaycana tətbiq etmək cəhdlərinin qarşısının alınması üçün yaxşı platformadır.
- Təkcə Rusiya deyil, elə Qərbdəki milyarderlərdən də Azərbaycana qarşı təhdidlər var və Bakı elə fikirlər yürüdə bilər ki, həmin insanların da əl-qolu bağlansın. Amma çətin məsələdir, çünki dünyanın iqtisadi çarxının fırlanma trayektoriyasını təyin edən, hətta dövlətlərin siyasətlərinə təsir edəcək milyarderlərin əli çox uzundur.
- Bu baxımdan Azərbaycanın Davosda həmin dahi maliyyəçilərə alternativ qüvvələrlə əməkdaşlıq üçün müzakirələrə başlaması ağlabatan görünür (ətraflı rəy bölümündə)
Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru