Heç bir təşkilat Rusiyada əsirlərin saxlandığı yerlərə baxış keçirməyib - Zelenski
17-01-2023, 11:58

"Hələ heç bir beynəlxalq təşkilat ukraynalı hərbi əsirlərin Rusiyada saxlandığı yerlərə girmək üçün icazə ala bilməyib".
Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə videomüraciətində qeyd edib.
O xatırladıb ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin bu gün Kiyevdə olub.
"Əlbəttə, biz ilk növbədə ATƏT-in fəaliyyətini necə daha da effektiv etmək barədə danışdıq. Bu, əhəmiyyətli potensiala malik beynəlxalq təşkilatlardan biridir, lakin müxtəlif səbəblərdən kritik vəziyyətlərdə onların konkret fəaliyyətlərində böyük qətiyyət çatışmazlıqları olduğu üzə çıxır”, - deyə dövlət başçısı qeyd edib.
O əlavə edib ki, ATƏT ukraynalıların işğal olunmuş ərazilərdən Rusiyaya deportasiyasına, eləcə də ukraynalı məhbuslarla bağlı vəziyyətə diqqəti xeyli artıra və buna uyğun hərəkət edə bilər.
“Heç bir beynəlxalq təşkilatın hələ ki, Rusiya ərazisində ukraynalı əsirlərin saxlandığı yerlərə çıxış əldə etməyə gücü çatmayıb. Bu çatışmazlıq tezliklə düzəldilməlidir. Ümid edirəm ki, Şimali Makedoniyanın ATƏT-ə sədrliyi buna öz töhfəsini verəcək”, - deyə Zelenski vurğulayıb.
Daha əvvəl Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, Rusiya 800 yaralı və ağır yaralı ukraynalı hərbçini qanunsuz olaraq saxlayır.
Məlumdur ki, 2022-ci ildə Rusiya Federasiyasından Ukraynaya əsirlərin dəyişdirilməsi zamanı təxminən 1600 nəfər geri qaytarılıb. Dekabrın sonunda prezidentin ukraynalı müdafiəçilərin hüquqlarının təmin edilməsi üzrə komissarı Alena Verbitskaya bildirib ki, hazırda 3400-ə yaxın ukraynalı hərbçi əsirlikdədir, daha 15 min nəfər isə itkin düşüb.