Qərb fondları Azərbaycana qayıdır: iqtidarın şərti nə?

17-06-2016, 09:45           
Qərb fondları Azərbaycana qayıdır: iqtidarın şərti nə?
Mehman Əliyev: “Hakimiyyət istəyir ki, həmin fondlar müstəqil QHT-lər, müxalif mövqeli təşkilatlarla deyil, onların tövsiyə etdiyi qurumlarla əməkdaşlıq etsin”
Azərbaycan müstəqillik əldə edəndən sonra beynəlxalq təşkilatlara qoşulmaqla mövcud problemlərin dünyanın gündəmində olması və həlli istiqamətində müəyyən addımların atılmasına nail olub. İqtidar uzun sürəcəyi gözlənilən postneft dövründə bu kimi təşkilatlarla daha sıx və hərtərəfli əməkdaşlığın vacibliyini anlayır.

Bu səbəbdən də yeni strategiyanın ölkənin daxilində də öz müsbət təsirini göstərəcəyi, beynəlxalq qurumlarla münasibətlərdə əsas əngəl olan problemlərin, o cümlədən siyasi məhbuslarla bağlı məsələnin də birdəfəlik öz həllini tapacağına ümidlər yaranıb. Bu ümidləri artıran xəbərlər sırasında son illərdə Azərbaycanda fəaliyyəti dayandırılan və ölkədən çıxarılan beynəlxalq Qərb fondlarının, institutlarının geriyə qaytarılmasının gözlənildiyi də yer alır. Xəbərlərdə deyilir ki, Azərbaycanın təmsil olunduğu və əməkdaşlıq etdiyi bütün təşkilatlarla əlaqələrində, eyni zamanda vətəndaş cəmiyyətinə dəstək üzrə ixtisaslaşan fondlarla “yeni səhifə” açmaq tapşırığı verilib. Beynəlxalq təşkilatlarla münasibətlərin tənzimlənməsi prosesinə bəzi QHT-lər də cəlb edilir. Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Almaniya səfəri zamanı kansler Angela Merkellə görüşündə də bu məsələyə toxunulub.

Sirr deyil ki, Qərblə münasibətlərin daha da kəskinləşdiyi ötən ildə iqtidarla beynəlxalq qurumlar arasında gərginlik yaşanmışdı. Hakimiyyət dairələri Qərbin beynəlxalq fondlarının iqtidara yaxın olmayan təşkilatlarla əməkdaşlıq etdiyini açıq şəkildə dilə gətirməkdən çəkinmirdilər. Bildirilirdi ki, əsasən Almaniyada yerləşən fondlar Müsavat Partiyası və bu partiyaya yaxın QHT-lər, şəxslərlə əməkdaşlıq edir, ABŞ fondları AXCP və bu partiyaya bağlı QHT-lər və şəxslərə əməkdaşlıqdadırlar. Məhz bu cür iddiaların ortada olduğu bir dövrdə Qərb fondları ard-arda Azərbaycandan çıxarıldı. İndi isə hakimiyyətlə Qərb, əsasən də ABŞ arasında “buzlar əriyib” və görünür, bu səbəbdən iqtidar bir zamanlar ölkədən çıxarılan beynəlxalq fond və təşkilatların geri qayıdışına yaşıl işıq yandırmaq istəyir.



“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də “Yeni Müsavat”a açıqlamasında Qərb fondlarının fəaliyyətinin Azərbaycanda bərpası ilə bağlı hakimiyyətlə həmin ölkələr və qurumlar arasında danışıqlar getdiyini bildirdi: “Məndə dəqiq məlumat var ki, bu istiqamətdə danışıqlar gedir. Həmin beynəlxalq fondlar isə hakimiyyətin şərtinin qəbul etmirlər. Səbəb kimi isə bildirirlər ki, bu hakimiyyətin strukturları, bu sistemlə işləmək mümkün deyil. Hakimiyyət bir müddət öncə Sinqapurdan bir qrup adam çağırmışdı ki, burada Sinqapur modeli tətbiq edilsin. Həmin heyət bir müddət Azərbaycanda araşdırma apardı, hökumət adamları ilə görüşlər keçirdilər. Nəticəyə gəldilər və məruzə elədilər ki, bu komanda ilə Sinqapur modelini Azərbaycanda tətbiq eləmək mümkün deyil. Qərbin beynəlxalq fondları da bəyan edirlər ki, Azərbaycana qayıtmağa o zaman hazırdırlar ki, onlara kiminlə işləmək, kimlərlə əməkdaşlıq etmək məsələsində hökumət şərt qoymasın, diktə olmasın. Hakimiyyət istəyir ki, həmin fondlar Azərbaycana qayıtsın, lakin müstəqil QHT-lər, vətəndaş cəmiyyəti ilə, müxalif mövqeli təşkilatlarla deyil, hakimiyyətə yaxın, hakimiyyətin tövsiyə etdiyi qurumlarla əməkdaşlıq etsin. Buna isə fondlar razılaşmırlar. Hökumətin şərtləri ilə oturub-durmaq istəmirlər. Söhbət əsasən son illərdə Azərbaycandan çıxarılan təşkilatlardan, fondlardan gedir. Onlar deyirlər ki, siz iki-üç il öncə bizi ölkədən qovub çıxarırsınız, indi də deyirsiniz ki, bu şərtlərlə gəl işlə, biz isə bu şərtlərlə işləyə bilmərik. O qurumlar bəyan edir ki, biz sərbəst işləməliyik”.

M.Əliyev onu da dedi ki, son illərdə Qərb institutlarının, fondlarının Azərbaycanda fəaliyyətinə son qoyulması əslində Azərbaycanın özünün zərərinə işləyib: “Nəticədə az-çox mövcud olan ictimai nəzarət mexanizmi sıradan çıxdı. İctimai nəzarətin olmaması isə hökumət qurumlarının, vəzifəli şəxslərin arxayın şəkildə özbaşınalıq eləməsinə yol açıb. Nəticədə isə ölkəni gətirib bu vəziyyətə qoyublar. Məmur özbaşınalığı həm də ictimai nəzarətin yoxluğundan qaynaqlanır. Vətəndaş cəmiyyətinə qarşı aparılan siyasətin zərbəsi ölkəyə, həmçinin bumeranq kimi hakimiyyətin özünə dəyib”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.