Mirşahindən gədəbəy olayına reaksiya: “o ərazidə toplaşmaq qanunsuz olub”

21-06-2023, 11:00           
Mirşahindən gədəbəy olayına reaksiya:
Teref.az Real TV-nin rəhbəri Mirşahin Ağayevin “Süni göldə “balıq tutanlar”” adlı yazısını təqdim edir:

Əvvəlcə, DİN-in rəsmi məlumatı:

“Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

İNDİ İSƏ DAHA ƏTRAFLI:

… Deməli,

Birincisi: Gədəbəyin Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz(!!!) müdaxilə edir.

İkincisi: həmin şəxslərə dəfələrlə xəbərdarlıq edildiyi, izahedici söhbətlərin aparıldığı qeyd olunur, amma bu tədbirlər onların həmin əraziyə toplaşmasına mane ola bilməyib. Toplaşmamlıydılar!

Üçüncüsü: polisin qanuni tələblərinə qəsdən tabe olunmama, daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirmə və polis əməkdaşlarına müqavimət göstərməyə cəhd faktları baş verib.

Dördüncüsü: qeyd edilir ki, yalnız bundan sonra qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Beşincisi: Polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN Gədəbəy rayonuna qrup ezam edib. Fakt üzrə xidməti yoxlama aparılır.

Təkrarçılığa görə bağışlayın, amma sosial şəbəkələrdə Azərbaycan Polisinə başlanan növbəti epidemik və total hücum məni yenidən hər şeyi xatırlatmağa vadar etdi. Yenə də hadisə qərəzli şəkildə izah və təqdim edilir. Baxmayaraq ki, o ərazidə toplaşmaq qanunsuz olub, bu barədə susulur. Fəhlələrin daşa basılması, polisə müqavimət göstərilməsi faktları ilə olduğu kimi. Yalnız polis əməkdaşının bir qadına göz yaşardıcı qaz tətbiq etməsi qabardılır. Və sosial şəbəkələr ancaq bu hadisəyə fokuslanıb.

Sanki qəsdən unudulur ki, hadisənin baş verdiyi rayon Ermənistanla sərhəddə yerləşən, erməni tərəfdən mütəmadi atəşə məruz qalan Gədəbəydir.

Burda çox diqqətli olmaq, ən azı düşmən sevindirməmək lazımdır!

Sanki qəsdən unudulur ki, neçə gündür “üzdəniraq güruh tör-töküntüləri” özlərinə yaxın internet resurslarından Daşkəsən və Gədəbəy rayonlarının sakinlərini az qala üsyana çağırırlar. Bunu son bir ayın “qaragüruh tribunalarının” monitorinqini aparmaqla sübut etmək olar.

Sanki qəsdən unudulur ki, nədənsə aksiyanın aparıcı qüvvələri qadınlardır, özü də daha çox yaşlı qadınlardır-və bu heç də təsadüfə bənzəmir.

Bir qrup şəxsin qanunu bir neçə dəfə pozmaq faktı yox, “gözyaşardıcı qaz” məsələsi sərt və Məqsədli Şəkildə qabardılır. Sosial şəbəkələrin polisi gözdən salmağa hesablanmış ardıcıl təşəbbüslərinə daha biri-Gədəbəyin Söyüdlü kəndində baş verənlər əlavə edilir. Əlbəttə, mən də hamı kimi bu hadisədən narahatam. Amma heç də yalnız “yaşlı qadına gözyaşardıcı qaz” tətbiq edildiyinə görə yox. İlk növbədə “Süni Gölün tikintisinə Qanunsuz Müdaxilə” faktına görə. Çünki bu hadisə bir qrup məsum, məlumatsız kənd sakininin düşünə biləcəyi təxribat aktı deyil. Mən daha çox belə düşünməyə meylliyəm ki, o insanlardan sadəcə istifadə edirlər. Amma kim? Bax bu kimlik tapılmalıdır.

Təsəvvür edin: ötən ilin sonundan ay yarım əvvələdək, Azərbaycanın bütün ictimai-siyasi fəal korpusu Laçın-Xankəndi yolunda keçirilən ekoaksiyaya cəlb olunmuşdu, ermənilərin sərvətlərimizi talamasına yol verməyəcəyimizi bir səslə bəyan edirdik. Lap bu günlərdə, elə bu saatlarda Ermənistan Naxçıvan MR-in 50-60 metrliyində, Arazdəyən adlanan yerdə metallurgiya zavodu inşa etməyə var gücü ilə çalışır. Bu zavod inşa ediləcəyi təqdirdə burdan atılan tullantılar Araz çayının ərazimizdən keçən hissəsini terror təhlükəsi altına almış olacaq. Biz həyəcan təbili çalırıq!

- Və elə bu vaxt…

…bizi öz silahımızla vururlar. Özümüzünkülər, öz ana-bacılarımız, övladlarımız, doğmalarımız Ermənistanla sərhəddə, Gədəbəyin Söyüdlü kəndində Azərbaycanın ekoloji təhlükə yaratdığını iddia edərək etiraz aksiyası keçirir, Ermənistanın əlinə işləyir.

Kim edir bunu?

Cavab üçün ipucu verirəm. Qaragüruhun əlində olan internet resursları son zamanlar məhz Gədəbəyi, Daşkəsəni “artilleriya” altında saxlayırdı. Yəqin düşünürlər ki, artıq vaxtdır! Bulanıq və ya süni göldə balıq tutmaq olar! Bunu istəyənlər sadə, məlumatsız, səmimi kənd adamının məsumluğundan istifadə edir. Qızıl mədənlərimiz ətrafında yaradılmış bu gərgin fon Sizə Ruben Bardanyanın cavabı, revanş cəhdi kimi görünmür? Yaxud: sərhəddə məhz qadınların irəli çıx(arıl)ması kimin üslubunu xatırladır? 1992-ci ilin martında Milli Məclisin binasının qapı-pəncərəsini kimlər qırırdı? Yaşlı qadınlar!

Polis qadına yox, aksiyaya müdaxilə edir, əzizlərim! Fəvvarələr meydanında “feminizm” adı altında zərif məxluq olduqlarını bəhanə edərək asayişi pozanlara qarşı hərəkət edəndə də. Eynilə ucqar kənddə hansısa tikintiyə qanunsuz müdaxilə edənlərə qarşı addımlayanda da.

Polisin (səhvmi, düzmü-fərqi yoxdu!) gözyaşardıcı qaz tətbiq etdiyi qadının gözündən öpmək də olar, əlbəttə. Amma əvvəlcə öz gözümüzü açaq. Diqqətlə baxaq. Dördgözlə! Görək-kim bizi soxulcan yerinə qoyur? Sonra da gölü bulandırıb balığı tutmaq istəyən kimdir? Bəs “Tilov” kimdir, “ov” kim? Bəs balıq?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.