“Sonuncu mərmiyədək xalqa qarşı...”

22-06-2023, 10:34           
“Sonuncu mərmiyədək xalqa qarşı...”
Tehran rejimi ömrünü uzadmaq üçün kütləvi qırğınlar törətməkdən çəkinmir...
Dünya, cəmiyyət tərəqqiyə, yoxsa tənəzzülə gedir? Nə qədər fəlsəfi sual sayılsa da, bütün
hallarda yenilik üçün dəyişiklik vacib şərtdir.
Dövlətlərdə dəyişikliklərin islahat və təkamüllə reallaşması arzuolunandır. Bir sıra dövlətlər və
millətlər bu istiqamətdə qansız-qadasız uğur əldə ediblər.
Ötən yüz ildə İranda 5 dəfə inqilab, bir neçə dəfə də ona yaxın hadisə baş verib.
Məşrutiyyə Hərəkatı, Xiyabaninin başçılıq etdiyi milli demokratik hərəkat, Seyid Cəfər Pişəvərinin
başçılıq etdiyi milli hökumət və sosial-demokrat hərəkatı, Məhəmmədəli Müsəddiqin demokratik
hərəkatı, 1979-cu il inqilabı.
Bu xronika İranda baş verən hadisələrin bir-birini doğurduğunu deməyə əsas verir. Başqa sözlə,
bu hərəkatların heç biri hədəfə çatmayıb. Ona görə də bir ildə 5 böyük hərəkat baş verib.
Zahirən bunu İran əhalisinin etirazçı olduğu kimi dəyərləndirə bilərlər. Yaxud, dini baxımdan
buna “naşükürlük” də deyilər. Ancaq İran əhalisi barədə hər iki fikir yanlışdır. Bu cəmiyyət yenilik
və dəyişiklik istəyir. Hərəkatların da əsasında həmişə bu amil durub.
İranlı sosioloq Səid Mədəni İranda baş verənləri dəyərləndirərək bildirib ki, diktatura hakim olan
ölkələrdə hakimiyyəti silahlı mübarizə və inqilabla dəyişmək olar: “Tarixdə həmişə diktatura
rejimləri son nəfəsə, sonuncu mərmiyədək xalq qarşı dayanır”.
Hazırda İranda yaşayan Səid Mədəni dolayısı ilə İranın indiki durumundan bəhs edərək, qeyd
edib ki, onlar hakimiyyətlərinin ömrünü uzatmaq üçün küçə və meydanlarda kütləvi qırğınlar
törədir, həbslər həyata keçirir, təcridxanalarda dözülməz işgəncə verir, edamlar həyata keçirirlər.
Həbslər, təzyiqlər, təqiblər, işgəncələr, edamlar heç vaxt cəmiyyətin inkişafına mane ola
bilməyib. Diktatorlar cəmiyyətin dəyişməsinin qarşısını almaq üçün istədiyi bu tip mübarizə
vasitələri, əksinə, etirazları artırıb.
Son yüz ildə İran cəmiyyətinin bütün inqilabları istibdad və diktaturaya qarşı olub.
Səid Mədəni bildirib ki, müasir dünyada bəzən diktatura rejimləri də ağıllı davranıb və
referendum keçirərək, ölkəsini böhrandan, məhv olmaqdan xilas edib. O, İtaliyadakı dəyişikliyi
nümunə kimi göstərib: “77 il öncə diktatura sistemi sakit hərəkət və bir referendumla
cümhuriyyət sisteminə dəyişildi”. Onun sözlərinə görə, bununla da ölkə demokratiya və
iqtisadiyyat sahələrində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib.
Qeyd edək ki, İtaliya hazırda iqtisadiyyatına görə, dünyanın 9-cu dövlətidir.
“İranın tarixinə baxsaq biz də bu tərzlə davransaydıq, demokratik və güclü bir dövlət ola bilərdik.
Bu fürsət sonuncu Qacar sülaləsinin sonuncu şahı – Əhməd Şahın hakimiyyəti illərində
mümkün idi” – Səid Mədəni bununla məşrutiyyə dövründən bəhs edib. Qeyd edək ki, bu
hərəkata Azərbaycan türkləri rəhbərlik edib. Onların başında duranlardan biri Səttarxan olub.
Sosioloq qeyd edib ki, həmin dövrdə hakimiyyət parlamentdə olub, Əhməd Şah isə səlahiyyət
sahibi olmayan simvolik lider idi: “Rza şah gələndən sonra bu fürsət qaçırıldı. Pəhləvilər şahlıq
sülaləsi İrana hakim oldu, Rza şah diktaturası başladı. Sonra oğlu onun yerinə keçdi. Bu
diktatura 1979-cu il inqilabınadək davam etdi”.
44 il əvvəl İran əhalisi “Azadlıq!”, “Ədalət!”, “Məhv olsun istibdad” şüarı ilə inqilab elədi. Ancaq
2022-ci ilin sentyabrında Tehran rejiminin tətbiq etdiyi hicaba qarşı etiraz aksiyalarında azadlıq
uğrunda mübarizənin başa çatmadığını və dəyişikliyin vacibliyini bir daha bəyan elədi. Bu
günədək davam edən aksiyaların şüarları da 44 il əvvəlki kimidir: “Qadın, Həyat, Azadlıq!”, “Bəsic,
Sepah müftəxor, qan qusacaq diktator!”, “Ölüm olsun zülmkara, istər şah olsun, istər dini
rəhbər!”, “Xamneyi qatildir, hakimiyyət batildir”, “Diktatora ölüm!” və s.
Hadisələr bir daha göstərdi ki, İran əhalisi azadlıq və ədalət təşnəsidir. Bir də “Azadlıq, Ədalət,
Milli hökumət!” şüarı ilə keçirilən aksiyalar Güney Azərbaycan türklərinin və fars olmayan etnik
qrupların milli haqlarının təmininə diqqətin cəlb olunmasının göstəricisidir.
İranda etirazlar davam edir. Ölkədə diktatura rejimi qalıb. Hakimiyyətə qarşı çıxışlar İran
cəmiyyətinin dəyişiklik istəyindən xəbər verir. Bu hadisələrin aqibəti də əvvəlkilər kimi olacaqmı?
Hər halda, olsa, yeni və daha dərin proseslər başlayacaq. Bütün hallarda, beynəlxalq
ictimaiyyətin İranda yenilik istəməsi və ona hazır olması da başlıca şərtlərdəndir. Çünki İrandakı
hadisələrin uğurla nəticələnməsinə maneələrdən biri də həmişə xarici amil olub.
Sədrəddin Soltan
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.