Zahid Oruc: “Mənim fikrimi bildirmək haqqım var”

26-06-2016, 13:52           
Zahid Oruc: “Mənim fikrimi bildirmək haqqım var”
İyunun 24-ü Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclasında parlamentin sədri Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə baş verib. 1news.az-ın verdiyi məlumata əsasən, mübahisəyə səbəb Vergi məcəlləsinə “Tax free” sisteminin daxil edilməsinin müzakirəsi olub.
Zahid Orucun fikrinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması və bu qurumun dağılması ərəfəsində “Tax free” sisteminin tətbiqi məqsədəuyğun deyil. Buna cavab olaraq isə Oqtay Əsədov məsələni Aİ ilə bağlamağın düzgün olmadığını bildirib: “Bu sistem dünyanın 130 ölkəsində fəaliyyət göstərir. Onun tətbiqinin Aİ-yə heç bir aidiyyatı yoxdur”. “Sən danışanda mən qulaq asırdım. İndi isə sən mənə qulaq as. Bundan sonra Azərbaycanın ticari dövriyyəsi artacaq, turizmi inkişaf edəcək. Mən sənin çıxışını kəsməmişəm. Yaxşısı budur, sən gündəlikdə olan məsələlər barədə danışasan, yoxsa həmişə müzakirə edilən mövzuların çərçivəsindən kənara çıxırsan. Mən səni başa salmaq istəyirəm, anlamırsansa, öz problemindir. Özünü apara bilmirsən və çərçivələrdən kənara çıxırsan”, – deyə O.Əsədov əlavə edib. Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər.
Ancaq Milli Məclis üzvünün spikerlə söz güləşdirməsi qəbuledilməzdir. Sədri Milli Məclisin üzvləri seçib. Onun vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə də bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi. A.Əbiyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatdırıb. Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcəyini deyən Ağacan Əbiyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək. “Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik. Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarşı belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq” (1news.az).
Biz deputat Zahid Orucdan xahiş etdik ki, yaranmış situasiyanı şərh etsin. O xatırlatdı ki, plenar iclasda vergi qanunvericiliyinə dəyişiklik etməkdən söz gedirdi. “İclasda biz dünya praktikasından nümunələr gətirdik. Biz hamımız vəzifəmizdən asılı olmayaraq müxtəlif ölkələrə baş çəkmişik və “Tax free”nin qaytarılmasını istəmişik. İclasda mən bildirdim ki, müxtəlif xalqlar “Tax free”ni müxtəlif cür tətbiq edirlər”, deyə deputat Legion.az-a bildirib.
Zahid Oruc qeyd edib ki, yaxşı qanunlar olduğu halda, dövlət “Tax free”ni daha kiçik həcmdə qaytarmaq imkanına malik olur. “Biz Azərbaycanın iqtisadi maraqlarının vacibliyini qeyd etdik. Mən sadəcə bunu dedim. Bir daha deyirəm, öz fikrimi bildirmək haqqım var. Hər zaman etika normalarına riayət etməyə çalışmışam. Parlamentdə yaranan belə kəskin reaksiyanın səbəbkarı deyiləm. Axı biz cəmiyyətdə olan fikirləri parlamentə daşımaqla, cəmiyyətdəki proseslərə harmoniya veririk. 1990-cı illərin ortasında mərhum prezidentimiz Heydər Əliyev ölkədə yaranmış vəziyyətə baxmayaraq, hər zaman fərqli fikirləri dinləməyə hazır idi. Bu, ekstremizm və radikalizmlə mübarizə üçün ən yaxşı üsuldur”, – deyə deputat vurğulayıb.
Legion.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.