BQXK Laçın dəhlizi ilə yük keçirənlərin öz əməkdaşları olmadığını deyir

12-07-2023, 09:09           
BQXK Laçın dəhlizi ilə yük keçirənlərin öz əməkdaşları olmadığını deyir
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu, belə fəaliyyətləri dəstəkləmədiyini bildirir. Qurumun yaydığı məlumatda deyilir ki, BQXK-ya məxsus heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib, bütün humanitar yüklər Azərbaycan gömrük orqanları tərəfindən yoxlanılır.

"Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib", – məlumatda vurğulanır.

BQXK Laçın dəhlizi boyunca yalnız humanitar işlər gördüklərini bildirir. İndiyədək 600-dən artıq pasiyentin tibbi təxliyə olunduğu, səhiyyə ocaqlarına gərəkənlərin, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaradıldığı qeyd edilir. Qurum bildirir ki, bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir: "Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".

BQXK avtomobillərinin Laçından keçidi dayandırılıb
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandan Azərbaycana gələn avtomobillərində müxtəlif növ qaçaqmalın aşkarlandığı bildirilir. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, artıq bir neçə dəfədir ki, BQXK avtomobilləri ilə Azərbaycana gələn Ermənistan vətəndaşlarında "Laçın" sərhəd-buraxılış məntəqəsində yoxlanış zamanı gizlədilmiş mobil telefonlar və onların ehtiyat hissələri aşkarlanıb. Qaçaqmal sırasında siqaret və benzinin də aşkarlandığı qeyd olunur.

DSX faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldığını bildirir. Eyni zamanda, zəruri istintaq tədbirləri həyata keçirilənə qədər sözügedən buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırıldığı vurğulanır.

BQXK-nın Azərbaycan nümayəndəliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Xatırlatma
Apreldə Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.
azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.