Bayden sammitdə NATO-nun birliyini alqışlayıb

13-07-2023, 12:08           
Bayden sammitdə NATO-nun birliyini alqışlayıb
Prezident Co Bayden tarixi adlandırdığı NATO sammitini Ukrayna üçün nikbin qətiyyət və Moskvaya sərt xəbərdarlıqla başa vurub. Litva paytaxtında keçirilən iki günlük sammitdə NATO liderləri Kyivin alyansa qoşulmasına dəstəklərini təkrarlasalar da, heç bir konkret öhdəlik və vaxt açıqlaması verməyiblər.

Bayden bu Baltikyanı ölkədə Polşa, Rusiya, Sovet İttifaqı və Almaniya qüvvələrinin işğalına tab gətirən 4 əsrlik Vilnüs Universitetində toplaşan minlərlə insan önündə çıxış edərkən iki dəfə “Biz tərəddüd etməyəcəyik” deyib.

“Bizim Ukraynaya öhdəliyimiz zəifləməyəcək,” Bayden deyib. “Biz bu gün, sabah və lazım olduğu qədər azadlığı dəstəkləyəcəyik.”

O həmçinin Rusiya Prezidenti Vladimir Putinə sərt xəbərdarlıq edib.

“Təəssüf ki, Rusiya indiyədək diplomatik nəticəyə maraq göstərməyib. Putin hələ də səhv olaraq, Ukraynanı üstələyə biləcəyinə inanır. O inana bilmir ki, bu onların torpağı, onların ölkəsi, onların gələcəyidir. Və hətta bütün bu zamandan sonra, Putin hələ də bizim qalıcı gücümüzə şübhə edir,” Bayden deyib.

Kaset bombaları

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Bayden administrasiyasının Kyivi fərq qoymadan öldürmə qabiliyyətinə görə 120-dən çox ölkə tərəfindən qadağan olunan kaset bombaları ilə təmin etmək qərarını müdafiə edib və bunun Ukraynaya özünü Rusiyanın aqressiyasından müdafiə etməyə kömək edəcəyini bildirib.

“Kaset bombalarını tənqid etmək çox asandır,” Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı müxbirlərə deyib. “Bu qərar bizə bizi xilas etməyə kömək edəcək,” o əlavə edib.

Vaşinqtonun bu qərarı bəzi NATO müttəfiqləri arasında narahatlıq yaradıb. Belə ki, onları çoxu həmin silahları qadağan edən konvensiyanı imzalayıb.

Ukrayna lideri qeyd edib ki, Moskva döyüş meydanında artıq kaset bombalarından istifadə edib. “Mən sizin bəzi ölkələrinizin Rusiyanı tənqid etdiyini eşitmədim,” o deyib.

Bayden və Zelenski çərşənbə günü Litva paytaxtında NATO alyansının sammiti çərçivəsində görüşüb. Sammitdə NATO liderləri Kyivin alyansa qoşulmasına dəstəklərini təkrarlayıblar, lakin Zelenskinin gözləntilərinin əksinə heç bir konkret öhdəlik və vaxt açıqlaması verməyiblər.

"Bu gün biz bərabərhüquqlu kimi görüşürük. Müttəfiqlər olaraq görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm" – deyə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Çərşənbə axşamı NATO liderləri yazılı bəyanatda bildiriblər ki, blok "müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, alyansa qoşulmaq üçün Ukraynaya dəvət göndərmək iqtidarında olacaq."

Kyivin Rusiyanın hərbi müdaxiləsi fonunda NATO-ya üzv olması müttəfiqləri ittifaqın 5-ci maddəsində qeyd olunan “üzv ölkələrdən birinə hücum hamıya hücumdur” prinsipini tətbiq etməyə məcbur edəcək ki, bu da bütün üzv ölkələri Moskva ilə birbaşa münaqişəyə sala bilər.

Zelenski ilə birgə çıxış edən Stoltenberq Rusiyanın Ukraynanı dəstəkləməyin fəsadları ilə bağlı yeni təhdidlərinə məhəl qoymayıb.

“Əlbəttə ki, zəmanətlər, sənədlər, şuranın görüşləri vacibdir, ancaq hazırda ən ən aktual vəzifə Ukrayna Prezidenti Zelenski və onun silahlı qüvvələrini kifayət qədər silahla təmin etməkdir,” Stoltenberq deyib.

Kreml isə buna dərhal reaksiya bildirib. “Qərb üçün öldürmək müdafiə etməkdən daha vacibdir,” Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Telegram-da yazıb.

NATO Ukraynanın üzvlük prosesini sürətləndirməsə də, onun üçün alyansa qoşulmazdan əvvəl siyasi, iqtisadi və hərbi hədəflərdən ibarət “Üzvlük Fəaliyyət Planı”nı yerinə yetirmək tələbini aradan qaldırır.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.