ABŞ-ın maliyyə naziri: ABŞ və Çin danışıqlarda "irəliləyiş" əldə etdi

14-07-2023, 10:18           
ABŞ-ın maliyyə naziri:
ABŞ Maliyyə nazirinin Çinə dörd günlük səfəri bazar günü başa çatıb. Səfər münasibətləri son illərdə pisləşən iki ölkə arasında gərginliyi azaltmaq məqsədi daşıyıb. Səfər zamanı tərəflər iqtisadiyyat, casus hava şarı və iqlim dəyişikliyini müzakirə edib.

Çinin hərbi gəmisinin bu yaxınlarda Tayvan boğazında ABŞ Dəniz Donanmasının esminesinin yanından keçərək Birləşmiş Ştatların “təhlükəli” adlandırdığı şəkildə etdiyi manevr dünyanın iki ən böyük supergücü arasında gərginliyi vurğulayıb.

ABŞ maliyyə naziri Canet Yellen bu son hadisə fonunda ötən həftə Çin paytaxtına səfər edib. Pekində o, ticarətdən tutmuş, ətraf mühit və casusluğa qədər bir sıra məsələləri müzakirə edib. Görünür, müəyyən irəliləyişlər var, ancaq Yellen deyib ki, iki ölkənin hələ qət getməli olduğu çox yol var.

“ABŞ və Çin arasında əhəmiyyətli fikir ayrılıqları var. Onlar bu fikir ayrılıqlarını bir-birinə açıq şəkildə və birbaşa çatdırmalıdır. Ancaq Prezident Bayden və mən ABŞ və Çin arasındakı münasibətləri böyük güc münaqişəsi çərçivəsində görmürük. Biz inanırıq ki, dünya hər iki ölkənin inkişaf etməsi üçün kifayət qədər böyükdür,” Canet Yellen deyib.

Yellenin səfəri bu ilin əvvəlində Çinin casus hava şarı insidentindən sonraya təsadüf edir. Belə ki, həmin hava şarı yüksək hündürlükdə ABŞ və Kanadanın böyük hissəsinin üzərində uçmuşdu. ABŞ sonda hava şarını vurdu, Çin hökuməti bunu “həddindən artıq reaksiya” adlandırdı.

Çinin vitse baş naziri He Lifenq ötən həftə Yellenlə görüşü zamanı bu məsələni qaldırıb.

“Təəssüf ki, hava şarı kimi bir sıra gözlənilməyən insidentlər səbəbilə Çin-ABŞ münasibətlərində bəzi çətinliklər olub, xüsusilə də iki ölkənin liderinin konsensusunun həyata keçirilməsi baxımından… Biz istərdik ki, ABŞ tərəfi Çin-ABŞ münasibətlərini sabitləşdirmək və yaxşılaşdırmaq üçün rasional və praktik mövqe sərgiləsin, Çin tərəfi ilə kompromisə getsin və müsbət şərhlərini əmələ çevirsin,” o deyib.

Yellen həmçinin xüsusilə iqlim məsələləri ətrafındakı “səmimi kommunikasiya xəttlərini” müzakirə etmək üçün görüş keçirib.

“Dünyanın iki ən böyük iqtisadiyyatı olaraq bu çətinliklər üzərində birlikdə işləmək bizim marağımızdadır. Və dünyanın bizdən gözlədiyi də budur. İqlim dəyişikliyi də qlobal problemlərin başında gəlir. Birləşmiş Ştatlar və Çin bu ekzistensial təhlükəni aradan qaldırmaq üçün birlikdə işləməlidir,” o deyib.

Hər iki ölkə tərəfindən də böyük irəliləyiş gözlənilməsə də, Yellenin səfəri onlar arasındakı münasibətlərin təlatümlü olduğu bir vaxta tasədüf edib. The Wall Street Journal ötən ay xəbər verib ki, Çin Birləşmiş Ştatların cənub-şərqindən məlumat toplamaq qabiliyyətinə malik elektron dinləmə məntəqəsi quraşdırılması üçün Kuba ilə gizli razılıq əldə edib.

Bundan əlavə ABŞ Prezidenti Co Baydenin bu yaxınlarda Çin Prezidenti Şi Tsinpini diktator adlandırması məsələləri daha da qəlizləşdirib.

amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.