"BU, RUSİYA FTX-sına ZƏRBƏDİR” - “Kreml daxilində güc balansı dəyişib”

23-07-2023, 00:01           
"BU, RUSİYA FTX-sına ZƏRBƏDİR” -
Məlum olduğu kimi, Donbas separatçılarının sabiq lideri və müharibə başlayan ilk aylardan Rusiya hərbi-siyasi rəhbərliyini, son zamanlar isə şəxsən Vladimir Putini tənqid, hətta təhqir etməsilə tanınan İqor Strelkov(Qirkin) ekstremizim ittihamı ilə həbs olunub.

ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) Qirkinin həbsini Rusiya FTX-sına vurulmuş zərbə hesab edir.

İnstitut hesab edir ki, sabiq FTX polkovniki Qirkinin həbs edilməsi Rusiya hakimiyyətindəki qruplaşmaların daxili çəkişməsində balansın dəyişdiyindən xəbər verir: “Görünür, bununla da Qirkinin vaxtilə xidmət etdiyi FTX-nın reputasiyasına zərbə vurulması məqsədi güdülüb. “Vaqner”-in üsyanı Kreml daxilindəki güc balansını və Putinin Qirkinin himayədarlarına münasibətini dəyişib”.

ABŞ mütəxəssisləri bildirirlər ki, hələ də Qirkinin himayədarının konkret kimliyi bilinmir. Lakin Kremlin xüsusilə də “Vaqner” üsyanından sonra ultramillətçilərə qarşı münasibəti dəyişib və Putin artıq onu açıq tənqid edən hər kəsdən qorxmağa başlayıb.

Ona görə də təkcə Qirkini deyil, digər bir neçə tanınmış şovinist və ultramillətçi fəalları susdurmağa, həbsə atmağa qərar verib. Qeyd olunur ki, bir neçə gün əvvəl digər sabiq FTX polkovniki Mixail Polyakov və sabiq hərbi kəşfiyyat polkovniki Vladimir Kvaçkov da həbs olunub. Onlar da Putin hakimiyyətinin kəskin tənqidçilərindəndirlər.

Məsələn, Polyakovun kifayət qədər yüksək reytinqli teleqram kanalları var və bu kanallar Kreml daxilində baş verənlərlə bağlı özəl məlumatlar yayımlamaları ilə tanınıblar. Mütəxəssislərin fikrincə, sözügedən ultramillətçi qüvvələrin arxasında Rusiya FTX-sı dayanır və onların “təmizlənməsi” məhz FTX-nın reputasiyasının korlanmasına, zəiflədilməsinə yönəlib .

Qeyd edək ki, son çıxışlarının birində Qirkin Putini “istedadsız qorxaq” adlandırmışdı və onun daha layiqli birisi ilə əvəzlənməli olduğunu bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.