Rus generalitetində nələr baş verir ?– Müdafiə Nazirliyi Gerasimovun videosunu yaydı

1-08-2023, 14:48           
Rus generalitetində nələr baş verir ?–
Rusiya Müdafiə Nazirliyi bu gün iyulun 10-dan bəri ictimaiyyət qarşısına çıxmayan Baş Qərargah rəisi Valeri Gerasimovla bağlı video yayımlayıb.

“AzPolitika.info” xəbər verir ki, videoda Ukraynada işğalçı müharibə aparan rus ordu qrupuna ümumi rəhbərlik edən Gerasimov “Zaporojye istiqamətində qoşunlar qrupunun irəli komanda məntəqəsini” yoxladığı əks olunub. Gerasimov həmçinin zabitlərin hesabatlarını dinləyib. Müdafiə Nazirliyi onun yanında ordu qrupunun komandiri, general-polkovnik Aleksandr Romançukun da olduğunu açıqlayıb.

Xatırladaq ki, iyunun 23-24-də Yevgeni Priqojinin başçılıq etdiyi "Vaqner" PMC, Gerasimovun istefasını tələb edərək, Moskvaya qarşı silahlı üsyana qalxıb. “Tamaşa”dan sonra PMC muzdluları Belarusa köçməyə başladılar, Gerasimov və müdafiə naziri Sergey Şoyqu isə öz yerlərində qaldı. Bu hadisədən sonra Gerasimov Şoyqudan fərqli olaraq ictimaiyyət qarşısına çıxmayıb və bu, müxtəlif söz-söhbətlərə səbəb olub. Bu xəbərlərə cavab olaraq iyulun 10-da Müdafiə Nazirliyi Gerasimovla Rostov-Donda çəkildiyi iddia edilən videonu nümayiş etdirib.

Bəzi yüksək rütbəli zabitlər, xüsusən də qoşunların keçmiş komandiri Sergey Surovikin Priqojin üsyanından sonra ictimaiyyətə görünmürlər. Bir sıra Qərb mediası özəl mənbələrə istinadən onun həbs edildiyini və ya internasiya oluna biləcəyini əminliklə yazıb. Surovikinin və bir sıra digər generalların taleyi ilə bağlı rəsmi olaraq heç bir məlumat verilməyib.

İyunun sonunda bir çox hökumətyönlü teleqram kanalları general Mixail Teplinskinin əməliyyat komandiri kimi Gerasimovu əvəz edə biləcəyini yazmışdı. Lakin sonradan, əksinə, Teplinskinin rəhbərliyin gözündən düşdüyü barədə məlumatlar yayıldı. Həmçinin Gerasimovu tənqid etdiyinə görə 58-ci ordunun komandiri general İvan Popov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda general Andrey Mordviçevi cəbhədəki hərəkətlərinə görə tərifləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.