Avtoritar ölkə vətəndaşının tipik bəhanəsi ilə müdafiə olunurlar...

3-08-2023, 12:14           
Avtoritar ölkə vətəndaşının tipik bəhanəsi ilə müdafiə olunurlar...
Ev tutduğumuz yaşayış kompleksində bir neçə kafe var, axşamlar camaat ora yığışır, dünən axşam oturmuşam kafedə, qonşu masada 3 rusiyalı pivə içir, söhbət edirlər. Biri deyir ki, Kipr yunanların olub, keçən əsrin 70-ci illərində türklər gəlib, işğal edib, əslində yunan torpaqlarıdı, gec-tez yunanlara qayıdacaq, və doğru olan da budur, qayıtmalıdır, türklər ordu, silahla işğal ediblər buraları.
Dözə bilmədim, söhbətə qarışdım, əvvəl soruşdum hardandılar, biri Moskvadan, digər ikisi Sibir tərəfdəndilər. Dedim ki, azca məntiqiniz olsa Türkiyə tərəfdə olarsız, çünki eyni şeyi siz Krımda, indi Ukraynanın cənubunda, şərqində edirsiz, silahla torpağı işğal edib, "rusları qoruyuruq", deyirsiz, 70-ci illərdə Türkiyə buraya türkləri soyqrımdan qurtarmaq üçün gəldi. Yox deyirsiz ki, yunanlar haqlıdır, bəs sizin Krımda, Ukraynada nə işiniz var, niyə işğal etmisiz, niyə camaatı qırırsız?! Bundan başqa, görürsüz türklər burda necə cənnət yaradıb?! Yunanların özləri belə hər gün türk tərəfinə gəlirlər, dincəlirlər, bazarlıq edirlər, düşmənçilik yox, nifrət yox - bəs siz nə etdiz bu 9 ildə Krımda?! Bəs siz nə qazandız bu müharibə və işğal ilə?! Ancaq nifrət, ancaq düşmənçilik, dağıntı, ölüm - başqa heç nə!
Çox sakit, emosiyasız danışırdım, səslərini çıxartmadan qulaq asdılar, sonda dedim ki, bu adanın şansı var, Türkiyə AB üzvü olan kimi problem hüquqi həll olunacaq, çünki arada nifrət yoxdur, bəs siz nə edəcəksiz?! İki slavyan xalqın arasına saldığınlz nifrəti necə aradan qaldıracaqsız?! Susdular, sonda Moskvadan olan dedi ki, biz nə edə bilərik, hər şeyi hakimiyyətimiz edir, yəni, adamlar hələ də öz məsuliyyətləri hiss etmək istəmirlər, avtoritar ölkə vətəndaşının (bizdə də belədir) tipik bəhanəsi ilə müdafiə olunurlar...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.