FETÖ-yə qarşı ortaq “YOL XƏRİTƏSİ: - “Azərbaycanla Türkiyənin birgə mübarizə taktikası...”

4-08-2023, 11:15           
FETÖ-yə qarşı ortaq “YOL XƏRİTƏSİ: -
“Həmin şəbəkənin Azərbaycandakı mövcudluğu, burada qol-qanad açması, onların fəaliyyətinə münbit şərait yaradılması haqda da çox yazılıb və deyilib”.

TEREF.AZ bildirir ki, bu fikirləri Aərbaycanla Türkiyənin FETÖ terror şəbəkəsinə qarşı birgə və sistemli mübarizə aparmasının zəruriliyini önə çəkən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, FETÖ-yə qarşı birgə mübarizənin təşkili üçün zəruri mexanizmlərin hazırlanması vacibdir:

“Terrorçu PKK Türkiyə üçün başağrısı olduğu kimi, FETÖ də ictimai rəydə və rəsmi kursda ölkəni təhdid edən şəbəkə kimi təqdim edilir. Bu günün özündə də Türkiyədə FETÖ-yə qarşı tədbirlər çərçivəsində əməliyyatlar keçirilir, həbslər olur və sair. Yəni bu mübarizə davamlı bir prosesə çevrilib.

Eyni zamanda, FETÖ-nün Azərbaycandakı mövcudluğu, həmin şəbəkənin burada qol-qanad açması, onların fəaliyyətinə münbit şərait yaradılması haqda da çox yazılıb və deyilib.

Ümumiyyətlə, bu şəbəkənin əsas metodologiyası nədir?

Şəbəkə o sırada ilk olaraq siyasi hakimiyyətlə güc və təhlükəsizlik sistemində çox sıx münasibətlərin qurulması və öz layihələrini həyata keçirmək üçün onlardan təminat alınmasına diqqət yetirir. Sirr deyil ki, Azərbaycanın bir sıra dövlət strukturları FETÖ ilə işləyiblər. Bunu hər kəs bilir, hətta paytaxtın baş sarayında təşkil olunan tədbirlərindən birində mən də iştirak etmişəm.

Lakin hazırda Türkiyə dövləti FETÖ-nü təhdid kimi görürsə, onun Azərbaycanda da qolu varsa, o zaman burada sözügedən şəbəkənin tanınma məsələsi gündəmə gəlməlidir. Türkiyə ilə Azərbaycan PKK, erməni terroru, o cümlədən də FETÖ ilə vahid mübarizə taktikası işləyib hazırlamalıdır. Konkret desək, bütün bu təhdidlərə qarşı ortaq “Yol xəritəsi”nin olması çox zəruridir.

Belə bir “Yol xəritəsi”nin olmayacağı təqdirdə, siyasi-spekulyativ davranışların artması və müxtəlif siyasi cərəyanların maraqlarına uyğun olaraq ictimai rəyin yönləndirilməsi qaçılmazdır. Bu şəbəkələrin mövcudluğu Azərbaycanla Türkiyəyə təhdiddirsə, bütün zərərli tendensiyalara qarşı birgə mübarizə taktikasının hazırlanması son dərəcə vacibdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.