Gürcüstanın “orbanlaşması” - Necə oldu ki, ölkə Aİ yolunda Macarıstanın mühafizəkarlıq populizmini seçdi?

7-08-2023, 10:53           
Gürcüstanın “orbanlaşması” -
Qərb və Ukrayna ilə münasibətlərinin soyuması fonunda Gürcüstan hakimiyyətinin Avropa İttifaqında əsas məsləkdaşı kimi Macarıstan gözə çarpır. Azadlıqların məhdudlaşdırılması və Vladimir Putinlə dostluq münasibətlərinə görə Avropada tənqidlərə məruz qalan Macarıstanın Baş naziri Viktor Orban hazırkı Gürcüstan rəhbərliyi üçün qolay tərəfdaşdır. Lakin, ola bilsin, bu, ilin sonunadək Aİ namizədi statusuna ümid edən ölkə üçün heç də ən əlverişli seçim deyil.

“Sizin üçün həmin o bəzi ölkələrdə cinsiyyətin dəyişməsi ilə bağlı azğıncasına aparılan təbliğat məqbuldur. Bu, uşaqları məktəblərdə zəhərləyən təbliğatdır, hələ universitetləri demirəm”, -mayda Budapeştdə Mühafizəkar Siyasi Hərəkətlər Konfransından (CPAC) qayıdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirmişdi.
Qaribaşvili həmin tədbirdə əsas sözçü olan Macarıstanın Baş naziri Viktor Orbanı çıxmaqla, yeganə fəaliyyətdə olan ölkə lideri olub. Qaribaşvilinin tənqidçilər tərəfindən populistlər və avroskeptiklər iclası adlandırılan mühafizakarlar yığıncağına getməsi nümayişkaranə idi, amma bu, heç də Gürcüstan rəhbərliyinin liberal dəyərlərə yeganə qarşı çıxması deyildi.

Əvvəllər də azlıqların hüquqlarının müdafiəsində xüsusi ilə fərqlənməyən Gürcüstan iqtidarı son zamanlar xüsusi fəallıqla “LGBT-təbliğatı” deyilən anlayışa qarşı çıxır, opponentlərini “liberal faşizm”də, etiraz edən gəncləri isə “oriyentasiyalarını qarışdırmaq”da günahlandırır.

Hətta müdafiə naziri belə, bu məsələdə biganə qala biməyib. Gürcüstan ərazisinin 20 faizini Rusiyanın işğal etdiyini bildirdiyi şəraitdə belə, Cuanşir Burçuladze bəyan edib ki, ölkənin təhlükəsizliyi və suverenliyinə məhz liberalizm birbaşa təhlükə ola bilər.

Gələn il Gürcüstanda parlament seçkiləri gözlənilir və iqtidarın belə ritorikası eyni zamanda, həm elektoratın mühafizəkar hissəsini cəlb etmək, həm də - Aİ namizədi statusu verilməyəcəyi halda, özünü sığortalamaq üçün cəmiyyəti Avropaya dair şübhəyə salmaq cəhdi ola bilər.

Bu yolda Gürcüstan hakimiyyəti bir çox cəhdlə, LGBT, adət-ənənə və kilsə mövzularını manipulyasiya edərək Macarıstan və Rusiyanın artıq keçdiyi yolları təkrarlayır.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.