Baydenlə görüşdən sonra gözlənilməz qərar – “ Cənubi Qafqaza da təsir edəcək”

7-08-2023, 13:47           
Baydenlə görüşdən sonra gözlənilməz qərar – “
İtaliya 4 il əvvəl Çinlə imzaladığı “Bir Kəmər - Bir Yol” investisiya sazişindən çıxmaq barədə qərar verib. Roma 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməyəcək. Roma ilə Pekin arasında İtaliyanın “Bir Kəmər - Bir Yol” təşəbbüsünə qoşulması sazişi 2019-cu ilin martında imzalanmışdı. İtaliya Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu da təsdiqləmişdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir.

Mərkəzin ekspertləri deyirlər ki, İtaliya bu proqramı təsdiqləyən Avropa İttifaqının ilk ölkəsi idi:

“Romanın 4 il əvvəlki qərarı Brüssel və Vaşinqtonun narazılığına səbəb olmuşdu. ABŞ və Avropa İttifaqı İtaliyaya tələsik addımın nəticələri ilə bağlı xəbərdarlıq etmişdilər. İtaliya hökuməti 4 il sonra xəbərdarlığı nəzərə aldı.

İtaliyanın Çinin layihəsindən çıxmasının səbəbi nədir?

İtaliya Baş naziri Corciya Meloni sağ mühafizəkar siyasi cərəyanın təmsilçisi kimi ABŞ-la ittifaqın tərəfdarıdır. Meloninin bununla bağlı ABŞ Prezidenti Co Baydenlə geniş müzakirəsi olub. Bəllidir ki, İtaliyanın Çin layihəsindən çıxmasının təşəbbüskarı Vaşinqtondur. Ancaq Vaşinqton İtaliyanın Çinin layihəsindən çıxmasının əvəzinə alternativ layihə təklif etməlidir ki, İtaliyanın iqtisadi itkiləri olmasın.

İtaliyanın “Bir Kəmər - Bir Yol” layihəsindən imtinası Çinin iqtisadi və təhlükəsizlik maraqlarına zərbə vurur. Çin bu proje çərçivəsində yeni tikilən dəmir, avtomobil yolları və limanlar vasitəsilə Avropa ölkələrinə daşınan məhsulların həcmini artırmağı planlaşdırırdı. Çin mövcud layihə vasitəsilə müxtəlif bölgələrdə “yumşaq güc”ünü də artırmış olurdu. Çin müxtəlif ölkələrdən keçən nəqliyyat şəbəkələrinin qurulması layihələrinə 1.4 trilyon dollar xərcləməyi nəzərdə tuturdu. Layihə ümumi əhalisi 4 milyard 400 milyon nəfər olan 64 ölkəni əhatə etməli idi. Bu, dünya iqtisadiyyatının 40 faizi deməkdir. Çinin nəzərdə tutduğu vəsait ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinin yenidən bərpası üçün həyata keçirdiyi “Marşal planı”ndan 12 dəfə çoxdur”.

Təhlildə vurğulanır ki, Çin layihənin son məntəqəsi olan Avropa ölkələrində, o cümlədən İtaliyada müxtəlif layihələri maliyyələşdirməyi və strateji limanlarda pay sahibi olmağı planlaşdırırdı:

“Çin öz planını reallaşdırmaq istəyərkən, iki əngəllə üzləşib. ABŞ və Avropa İttifaqı Çinlə ticarət əlaqələrini davam etdirsələr də, “Bir Kəmər - Bir Yol” layihəsinin reallaşmasının əleyhinədir. Vaşinqton və Brüssel hesab edir ki, Pekin bununla Asiya və Avropa qitələrində möhkəmlənməyə çalışır. Vaşiqnton və Brüsselin əngəlləri Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsini ehtiva edən “Böyük İpək Yolu” layihəsinə də təhlükə yarada bilər. Çünki bu layihə “Bir Kəmər - Bir Yol” projesinin tərkib hissəsidir. Layihənin bir hissəsinə əngəl yaranacaqsa, digər hissəsi ilə daşınmaların artması da sual altında olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.