İndi Rusiyada SSRİ-dən çox ‘xalq düşməni’ var

8-08-2023, 12:04           
İndi Rusiyada SSRİ-dən çox ‘xalq düşməni’ var
2023-cü il ərzində Rusiyada “dövlətə xəyanət” maddəsi ilə bundan əvvəlki 20 il ərzində olduğundan daha çox cinayət işi açılıb.

Bu barədə məlumatı Xolod saytı son 7 ay ərzində açılmış cinayət işlərinin təhlili əsasında verib.

Saytın məlumatına görə 2023-cü ilin yanvarından iyul ayınadək Rusiyada dövlətə xəyanət ittihamı ilə 82 cinayət işi açılıb. Bu da qeyd olunur ki, bunlar hələ açıq mənbələrdə olan məlumatlardır.

Bildirilir ki, Sovet DTK-sının xələfi olan Federal Təhlükəsizlik Xidməti Rusiyada dövlətə xəyanət ittihamı irəli sürülən heç də bütün işlər haqqında məlumatlar yaymır.

Bütün 2022-ci il ərzində Rusiyada yalnız 20 belə cinayət işi açılmışdı.

Sayt vurğulayır ki, son dəfə bu sayda dövlətə xəyanət işləri yalnız İosif Stalinin hakimiyyəti dövründə qeydə alınıb.

Hətta onun ölümündən sonra da SSRİ-də belə işlərin sayı orta hesabla az idi.

Xolod saytının böyük təhlili materialı dövlətə xəyanət ittihamı ilə cinayət işlərində artımın səbəblərini araşdırıb.
Adi adamlar
Materialda deyilir ki, əvvəllər bu ittihamla üzləşməyin risk qrupunda dövlət sirlərinə çıxışı olanlar – hərbçilər, müdafiə sənayesi ilə bağlı olan şəxslər var idisə, hazırda bu maddə ilə ən adi adamları, məsələn sosial mediada hansısa postu bəyəndiyinə görə ittiham edə bilərlər.

Bu da qeyd olunur ki, belə cinayət işləri barədə məlumatlarda çox vaxt detallar olmur. Əslində bütün belə cinayət işləri rəsmən məxfiləşdirilib.

Xolod saytı fiqurantları müdafiə müəssisəsi işçiləri, hərbçilər və ya alimlər olmayan bir neçə cinayət işini misal kimi göstərib.

Bunların arasında Tolyatti şəhərindən 24 yaşlı Polina Yevtuşenko da avr. Belə görünür ki, ona qarşı cinayət işini Instagram-da “əsir düşməyin yol və qaydalarını” paylaşdığına görə açıblar.

Bəzi məlumatlara görə 1997-ci ildən 2017-ci ilə qədər Rusiyada dövlətə xəyanət ittihamı ilə 101 nəfər, başqa sözlərlə ilə beş nəfər məhkum edilib.
Əvvəllər təkcə moskvalılar idi
Xolod bunu da yazır ki, əgər dövlətə xəyanət maddəsi ilə ittiham əvvəllər 90 faiz hallarda əsasən Moskva sakinlərinə tətbiq edilirdisə, Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri bu maddədən başqa şəhər və regionlarda da istifadə edirlər.

Vəkil Yevgeni Smirnovun sözlərinə görə hazırda Rysiyada hər ay təxminən 20, az qala günə 1 belə cinayət işi açılır.

1960-ci illərdə SSRİ-də dövlətə xəyanət ittihamı ilə ildə 150 cinayət işi açılırdı.

Bu da qeyd olunur ki, dövlətə xəyanət ittihamı təkcə dövlət sirrinin ehtimal olunan yayılması və ya xarici kəşfiyyatla əməkdaşlığa görə yox, həm də “düşmənin tərəfinə keçmək niyyətinə” görə irəli sürülür.

Burada söhbət ilk növbədə Ukraynaya gedərək orada Rusiyaya qarşı döyüşmək niyyətində olduqları ehtimal edilənlərdən gedir.

Vəkillər bildirirlər ki, bu maddə ilə tutulanlardan etiraf alınması üçün onlara işgəncələrin verildiyi məlumdur.
Salamatçılığın yolu - heç nə görməmək, heç nə eşitməmək
Xolod saytının təxminlərinə görə 2023-cü ilin yanvarından 31 iyulunadək dövlətə xəyanət ittihamı ilə 22 hökm çıxarılması barədə media xəbərləri olub.

AzadlıqRadiosu təkcə ötən həftə bu maddə ilə üç hökm verildiyini yazırdı.

Məqalədə deyilir ki, dövlətə xəyanət maddəsi ilə çıxarılan azadlıqdan məhrumetmə cəzalarının müddəti orta hesabla 11 ildir.

Amma bəzən daha uzun müddətlər də olur. Məsələn müxalifətçi Vladimir Kara-Murzaya dövlətə xəyanət və bir neçə başqa maddə ilə 25 il iş kəsilib.

Xolod saytının araşdırmasında deyilir:

"Bugünkü Rusiyada dövlətə xəyanət ittihamından qorunmaq praktik olaraq mümkün deyil. Yeganə üsul xaricilərlə hər hansı təmaslardan qaçmaq, dövlət mediasından başqa heç bir xəbər oxumamaq, heç nə ilə maraqlanmamaq, tanışlardan heç nə soruşmamaq, sosial mediaya heç bir post qoymamaq və xaricə səfər etməməkdir”.
azadliq.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.