"Heç kəs erməniləri qovmur. Onlar çörəyi qəbul etmir. Acdırlarsa, niyə qəbul etmirlər?"- Bakıda mənbə BBC-yə deyib

24-09-2023, 10:08           
"Heç kəs erməniləri qovmur.
Qarabağla bağlı danışıqlarda iştirak edən nümayəndə heyətinə yaxın olan mənbə BBC-yə açıqlamasında rəsmi Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında cümə axşamı Yevlaxda keçirilən görüşün bəzi detallarını açıqlayıb.

Mənbə bildirib ki, onlar daha çox humanitar məsələlərin həllinə kökləniblər. Danışıqların onlar üçün asan olmadığını diqqətə çatdıran mənbə əlavə edib ki, rəsmi Bakı Qarabağla bağlı bütün məsələlərin “Azərbaycanın daxili məsələsi” olmasında israr edib.

Bölgədəki humanitar vəziyyət çevik həll variantı tələb edir: minlərlə insan Xankəndi/Stepanakert aeroportu (Qarabağ erməniləri Xocalı aeroportunu belə adlandırır) yaxınlığında açıq havada yatmalı olur. Ən yaxşı halda isə çadırlarda gecələyirlər. Onlar nə edəcəklərini bilmirlər, BBC Rusca yazır.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həll edilməsi üçün işçi qrupu yaradılıb, Azərtac yazır.

Müxtəlif dövlət orqanlarının və xidmət sahələrinin yer aldığı işçi qrupu sentyabrın 20-dən etibarən Yevlaxda əldə edilmiş razılaşma çərçivəsində ilk olaraq bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərini yanacaq-sürtgü materialları ilə təmin edəcək, xəbərdə deyiilir.

Bundan əlavə, yayılan məlumatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciəti əsasında tibbi yardıma ehtiyacı olanların Ermənistana təxliyyəsinin təmin olunduğu bildirilir.
“Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir”, - Azərtac Prezident Administrasiyasına istinadən yazıb.

Azərbaycan ordusunun apardığı “antiterror tədbirləri” zamanı bir çox ailələr bir-birindən ayrı düşüb: misal üçün bəziləri Xankəndində, digərləri Xocavənd/Martunidədir. Onların arasında Azərbaycan ordusunun yeni mövqeləri mövcuddur. İki yaşayış məntəqəsi arasında əlaqə olmadığı üçün insanlar yaxınlarının sağ olub-olmaması barədə məlumat ala bilmirlər, BBC Rusca yazır.

Azərbaycan tərəfindən humanitar karvanın təşkilinə cəlb edilən bir nəfər BBC-yə bildirib ki, onlar Qarabağ ermənilərinə daha çox ərzaq karvanı göndərməyə hazır olsalar da, Qarabağdakı ermənilər “bu yardımı almaqdan imtina edirlər”.

“Başa düşə bilmirəm, insanlar niyə çörəyi götürmürlər. Hansı ac insan çörəyi götürməz? Əgər imtina edirlərsə, deməli ac deyillər”, - o bildirib.
“Heç kəs heç kəsi qovmur"
Danışıqlar zamanı Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə bir neçə təklif irəli sürüb. Onların ilk narahatlığı bir-birindən ayrı düşən ailələr arasında əlaqələrin itməsidir və onlar bu ailələrin birləşməsini istəyir.

İkinci məsələ isə ölən şəxslərin axtarılması və dəfn edilməsidir. Tanınmamış respublikanın rəsmiləri bildirib ki, son döyüşlərdə ən azı 200 nəfər ölüb, lakin bəzi yaşayış məntəqələrinə giriş bağlandığı üçün həlak olanların dəqiq sayı bilinmir.

Azərbaycan artıq Qarabağda keçirdiyi əməliyyatlarda həlak olan hərbçilərini dəfn edir. Onların rəsmi sayı hələ ki, açıqlanmayıb.

BBC Azərbaycanca müxbiri İlkin Həsənov cümə günü hərbçilərin dəfnindən video reportaj hazırlayıb. BBC Rusca müxbiri Olqa İvşina da ötən gün Bakı qəbristanlığında dəfn edilən 12 azərbaycanlı hərbçinin məzarını görüb və ən azı 25 məzarın qazıldığının şahidi olub. Dəfndə iştirak edən Azərbaycan hərbçilərinin sözlərinə görə, Azərbaycan 19-20 sentyabr tarixlərində baş verən döyüşlərdə onlarla hərbçisini itirib.
“Heç kəs heç kəsi harasa qovmur. Əgər mülki insanların, qadınların və uşaqların taleyi bizi maraqlandırmasaydı, Xankəndiyə girərdik”, - Azərbaycan tərəfindən olan mənbə BBC-yə bildirib.

O əlavə edib ki, Azərbaycan Ermənistanın Qarabağdakı hərbi birləşmələrini öz vətənlərinə göndərməyə hazırdır, lakin Qarabağdakı ermənilər siyahılar (Birinci Qarabağ müharibəsində müharibə cinayəti törətməkdə ittiham olunan şəxslərin siyahısı) əsasında yoxlanacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.