Qəzzanın Misirlə sərhəddində gözləyən yardım işçiləri: "Əsəbiyik, insanların suyu, cəsəd torbaları belə bitib"

20-10-2023, 14:54           
Qəzzanın Misirlə sərhəddində gözləyən yardım işçiləri:
Cümə axşamı günü Misir tərəfində, Qəzza ilə sərhəddə qalmış yardım işçiləri deyirlər ki, onlar artıq günlərdir ki, Rafah keçidini keçib təcili yardımların paylanması üçün icazə gözləyirlər.

Qida Bankından Möhsün Sərhan BBC-nin Radio 4 Today proqramına bildirib ki, Qəzza ilə sərhəddəki 120 yardım maşını və Türkiyədən gələn 7 və ya səkkiz yük təyyarəsi ləvazimatlarla doludur.

Sərhan əlavə edib ki, o və digər yardım işçiləri kömək edə bilmədiklərinə görə, getdikcə əsəbiləşirlər. "Biz çox qəzəblənirik, çünki bilirik ki, oradakı insanların suyu, hətta cəsədləri yığmaq üçün torbaları da bitib."

Sərhan deyib ki, o və komandası təcili yardımları paylamaq üçün Qəzzaya girənə qədər sərhəddən çıxmayacaq və əlavə edib: "Biz sadəcə olaraq, içəri girə bilməyimiz üçün qətllərin dayandırılmasını istəyirik".

Səfərlər dayandırıldıqdan sonra qurudan müdaxilənin başlayacağını gözləyirəm - Jeremy Bowen
BBC-nin hazırda İsrail-Qəzza sərhəddində olan müxbir Jeremy Bowen yazır:

Müttəfiqləri ABŞ, Almaniya və indi də BMT Təhlükəsizlik Şurasının üzvü olan Britaniya İsrailə gəlirlər.

Mənin məlumat verdiyim yerdə, sərhəddə qoşunları və tankları görürəm, bura toplanırlar.

Ehtiyatda olan hərbçilərə son bir neçə gündə corablarını dəyişmək, ailələri ilə görüşmək üçün vaxt verilib.

...bu səfərlər başa çatan kimi, İsrailin Qəzzaya qurudan müdaxilə edəcəyini gözləyirəm.

Britaniya baş naziri Rishi Sunak: "Qazanmağınızı istəyirik"
Bu gün Britaniyanın Baş naziri Rishi Sunak İsrailə səfər edib və deyib ki, “Mən dostunuz olaraq, İsrailin ən qaranlıq anında sizinlə birlikdə olmaqdan qürur duyuram.

"Biz sizinlə həmrəy olacağıq, xalqınızın yanında olacağıq. Həm də qələbənizi istəyirik", - Rishi Sunak deyib.

Onun sözlərinə görə, fələstinlilər də Həmasın qurbanıdır.

Rishi Sunak deyib ki, bu həftə xəstəxanada baş verən partlayış səhnələrində "hamımız heyrətlənmişik, hər tərəfdə günahsız mülki insanların itkisinə yas tuturuq".

Cənab Sunak onu da deyib ki, Böyük Britaniya bölgəyə yardımı artıracaq və oradakı insanlara mümkün qədər tez dəstək toplamağa çalışacaq.

Misir və ABŞ Qəzzaya yardım barədə razılaşıb
Cümə axşamı günü ABŞ Qəzzaya çox ehtiyac duyulan yardımı çatdırmaq üçün Misirlə razılaşma əldə edib və bu, tədarükləri kəsilən mülki insanlar üçün bir ümid işığı olduğunu göstərir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzaya 20 TIR-a qədər yardım daşımaq üçün Qəzza ilə sərhəddindəki Rəfah keçidini açmağa razılaşıb. Bu, ABŞ Prezidenti Joe Biden-nin İsrailə yüksək riskli səfərindən sonraya təsadüf edir.

Biden deyib ki, humanitar yardım çatdırılması cümə günündən başlaya bilər.

İnsanların Rəfah vasitəsilə Qəzzanı tərk etməsinə icazə verilib-verilməməsi barədə heç bir məlumat verilməyib.

Jurnalistlərin bu barədə sualına Biden cavab verib ki, "İnsanları çıxaracağıq, amma indi sizinlə heç bir təfərrüata varmaq fikrində deyiləm".
Misirin Rəfah sərhəd keçid məntəqəsinin bir tərəfində, Qəzzada insan izdihamı, digər tərəfində yardım ləvazimatları daşıyan yük maşınları sıraya düzülüb keçidin yenidən açılmasını gözləyirlər.

Böyük Britaniyanın baş naziri Rishi Sunakın cümə axşamı səhər tezdən İsrailə getməsi gözlənilir və orada həmkarı Benyamin Netanyahu və İsrail Prezidenti İsaak Hersoqla görüşəcək.

Fələstinin Həmas yaraqlı qruplaşması Qəzzada Əl Əhli xəstəxanasında baş verən dağıntılarda İsraili günahlandırıb, lakin İsrail ordusu partlayışın Fələstin raketinin səhv atılması nəticəsində baş verdiyini bildirib. Biden İsrailin iddialarını dəstəkləyib.

Yerli rəsmilər bildiriblər ki, fələstinli mülki şəxslərin sığındığı xəstəxanada izdihamlı ərazidə baş verən böyük partlayış nəticəsində 471 nəfər həlak olub.

Oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə başlayan son döyüşlərdə 1400-ə yaxın israilli və İsrailin Qəzzanı bombalaması nəticəsində 3500-ə yaxın fələstinli həlak olub.

İsrail ordusu Qəzzada girov saxlanıldığına inandığı insanların sayının 200-ə yaxın olduğunu deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Həmasın hücumu nəticəsində İsraildə səkkiz Azərbaycan əsilli şəxs həlak olub.

Biden Netanyahu ilə görüşüb
ABŞ prezidenti Joe Biden ölkəsinin dəstəyini ifadə etmək və Baş Nazir Benyamin Netanyahu ilə görüşmək üçün İsrailə səfər edib.

Onun səfəri Qəzzada xəstəxanaya hücumdan sonra baş verir. İsrail deyir ki, xəstəxanaya hücumu Fələstinin İslam Cihadı qrupu törədib. Hücum zamanı 500 insan ölüb. Həmas hücumu İsrailin etdiyini deyir.

ABŞ Prezidenti Joe Biden ərəb liderləri ilə üzbəüz danışıqlar üçün İordaniyaya getməyəcək. O, Air Force One-dan (ABŞ prezidentini daşıyan təyyarə) onlarla telefon zəngləri ilə kifayətlənməli olacaq, BBC-nin Diplomatik müxbiri James Landale yazır.

Müxbirimiz deyir ki, onun yalnız İsrailə səfər etməsi balansı pozmuş kimi görünür.

“Biden bir məqsədə nail ola bilər: Həmasın qəddar hücumundan sonra ABŞ-ın İsrailə dəstəyini nümayiş etdirmək. Lakin onun ikinci- diplomatik düyünü açmaq vəzifəsi daha çətin olacaq”, - James Landale deyib.
Çərşənbə günü ABŞ Prezidenti Joe Bidenin İsrailə səfərindən öncə, ötən gecə Fələstinin Qəzza şəhərində Əl Əhli xəstəxanası bombalanıb.

Partlayışdan sonra yüzlərlə insanın öldüyü ehtimal edilir. Həmas bildirib ki, zərbəyə görə İsrail ordusu cavabdehdir. İsrail öz növbəsində Qəzzada yerləşən Fələstin İslami Cihad silahlı qruplaşmasını günahlandırıb

İşğal altındakı İordan çayının qərb sahilində və dünyanın böyük şəhərlərində etirazlar başlayıb və bir çox dünya liderləri partlayışı pisləyib, bir çoxları atəşkəs çağırıb.

ABŞ Prezidenti Joe Bidenin İsrailə gəlməsinə saatlar qalmış xəstəxanada baş verən partlayışdan sonra ərəb liderləri ilə İordaniyada planlaşdırılan sammit ləğv edilib.

Təhlilçilər hesab edirlər ki, Biden müharibə zonasına səfəri zamanı İsrailə dəstəyini və döyüşlərin humanitar dəyəri ilə bağlı narahatlıqlarını balanslaşdırmalı olacaq.

Fələstinin Qəzza bölgəsində humanitar böhran dərinləşməkdə davam edərkən, ABŞ "Misirdən Qəzzaya yardımın daxil olması üçün razılaşma çərçivəsinə yaxınlaşdığını" bildirib. Qəzzanın Misirlə sərhədindəki Rəfah keçidi - Qəzzaya İsrail tərəfindən nəzarət edilməyən yeganə giriş - hələ də bağlıdır.

Həmasın son hücumundan sonra İsrail Qəzzanın şimalından 1.1 milyon insanın cənuba köçməsini tələb edib və şimal hissədə hərbi əməliyyatlar aparacağını deyib

Reuters xəbər verir ki, BMT Təhlükəsizlik Şurası çərşənbə günü Qəzza zolağına yardımın daxil olmasına icazə vermək üçün münaqişədə "humanitar fasilələr" tələb edən Braziliya tərəfindən hazırlanmış qətnamə layihəsini səsə qoyacaq.

Münaqişə Həmasın son hücumundan sonra daha da alovlanıb və bölgədə bir neçə tərəfin iştirakı ilə müharibə qorxusu yaradıb.

İsrail-Fələstin münaqişəsi tarixində son illərin ən böyük hücumu hesab olunan Həmasın son hücumu İsrail üçün gözlənilməz olub.

Oktyabrın 7-də Həmas döyüşçüləri İsrailin Qəzzaya yaxın ərazilərində mülki əhaliyə və əsgərlərə hücum etməsi nəticəsində 1400-dən çox insan həlak olub, 200-ə yaxın adam girov götürülüb, İsrail rəsmiləri bildiriblər.

İsrailin Qəzzanı bombalaması nəticəsində isə artıq 2750-dən çox insan həyatını itirib, azı 1000 nəfər dağıntılar altında itkin düşüb, 10 000-ə yaxın insan yaralanıb, Fələstin rəsmiləri bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.