İsrail Qəzzaya hücumları artıracağını bildirib

23-10-2023, 09:54           
İsrail Qəzzaya hücumları artıracağını bildirib
İsrailin Həmasla müharibəsinin miqyası böyüdükcə, ölkənin Livanla həmsərhəd şimal ərazisində də gərginlik getdikcə artır.

İsrail Livanla sərhədə yaxın yerləşən daha 14 yaşayış məntəqəsinin evakuasiya edildiyini açıqlayıb. Bazar ertəsi isə İsrail 28 yaşayış məntəqəsindən insanları evakuasiya etmişdi.

Bununla yanaşı, İsrail ordusu Qərb Sahilində yerləşən Cenin yaşayış məntəqəsində Həmas qruplaşmasına məxsus olduğu deyilən “terrorçu yuvasına” zərbələr endirib.

BMT-nin Yaxın Şərq regionunda Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib ki, İsrailin təhlükəsizlik qüvvələrin Qərb Sahilindəki Nur Şəms qaçqın düşərgəsində apardığı əməliyyat zamanı 13 dinc sakin öldürülüb.

İsrail Müdafiə Qüvvələri Qərb Sahilindəki vəziyyətlə bağlı hər hansı şərh verməsə də, qurumun sözçüsü Hizbullah silahlı qruplaşmasının Livan və İsrail sərhədində münaqişəni daha da gərginləşdirəcək “çox təhlükəli oyun” oynadığını bildirib.

İsrail ordusunun digər sözçüsü Daniel Hagari isə şənbə günü keçirdiyi mətbuat konfransında ölkəsinin Qəzzaya yönəlik hücumlarını “dərinləşdirəcəyi və artıracağını” bildirib.

Regionda münaqişənin gərginləşdiyi son iki həftə ərzində ötən gün ilk dəfə olaraq Misirdən Qəzza bölgəsinə humanitar yardım daşıyan yük maşınlarının girişinə icazə verilib.

BMT regionda vəziyyətin “fəlakətli” olduğuna diqqət çəkərən 20 yük avtomobili ilə gətirilən yardımın “dəryada bir damla” olduğunu deyib. Təşkilatın humanitar məsələlər üzrə katibi bu gün Qəzza ərazisinə ikinci yardım karvanının keçməsinə icazə veriləcəyinə ümid etdiyini bildirib.

Həmasın 7 oktyabrda başlatdığı hücumlardan sonra cavab tədbirləri görən İsrailin hərbi əməliyyatları davam etdirməsi nəticəsində Qəzzadakı mülki əhali bütövlükdə humanitar yardımlardan asılı vəziyyətə düşüb.

Bu arada, ABŞ-ın hərbi mərkəzi sayılan Pentaqondan bildirilib ki, “İran və onun Orta Şərqdəki proksi qüvvələrinin başlatdığı eskalasiya” səbəbindən ABŞ regiona əlavə qüvvə “səfərbər etməyə hazırdır”.

Həmas azı 55 nəfərin öldüyünü bildirib
BMT bildirib ki, İsrailin Qərb Sahilində yerləşən qaçqın düşərgəsində apardığı hərbi əməliyyat zamanı 13 mülki şəxs öldürülüb.

Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) açıqlamasına görə, əməliyyat Nur Şəms qaçqın düşərgəsində keçirilib və ölənlərdən 5-i uşaqlardır.

Qurum ötən gün yaydığı bəyanatda isə bir İsrail əsgərinin öldüyünü və bir neçə əsgərin yaralandığını açıqlamışdı.

Hücumlardan sonra agentlik məktəb və səhiyyə mərkəzləri də daxil olmaqla, bütün xidməti fəaliyyətini təxirə saldığını bildirib.

Fələstinin səhiyyə naziri isə daha 4 nəfərin hücumlar zamanı öldürüldüyünü deyib.

Həmasın bəyanatına istinad edən AFP (Agence France-Presse) İsrailin ötən gecə həyata keçirdiyi hava hücumları zamanı ümumilikdə 55 nəfərin öldüyünü yazıb.

İsrail ordusu Qərb Sahilində yerləşən Cenin yaşayış məntəqəsində Həmas qruplaşmasına məxsus olduğu deyilən “terrorçu yuvasına” zərbələr endirdiyini bildirib.

İsrailin işğal etdiyi Qərb Sahili üç milyon fələstinlinin yaşadığı ərazidir.

Son 50 il ərzində İsrail Qərb Sahilində və Şərqi Qüdsdə qəsəbələr tikib və hazırda həmin yerlərdə 700 mindən çox yəhudi yaşayır. Beynəlxalq hüquq normalarına görə salınan qəsəbələr qeyri-qanunidir. Bu qərar BMT Təhlükəsizlik Şurasının qərarlarında da əks olunub, lakin İsrail hökuməti bu qərarları rədd edir.

UNRWA-nin açıqlamasına görə bu il Qərb Sahili və Şərqi Qüdsdə öldürülən fələstinlilərin sayı ən yüksək həddə olub. Agentlik bildirib ki, təkcə Qərb Sahilində bu il 270 fələstinli öldürülüb, onlardan yalnız 82-si oktyabrın 7-də başlanan eskalasiyadan sonra öldürülüblər.

Hizbullah “təhlükəli oyun oynayır”

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Jonathan Conricus Qərb Sahilində baş verənlərə dair hər hansı şərh bildirməyib. Onun açıqlaması daha çox İsrail və Hizbullah arasındakı gərginliyə fokuslanıb.

İsrail rəsmisi Hizbullahın regionda vəziyyəti daha da gərginləşdirdiyini deyib və Livanda yerləşən silahlı qruplaşmanın “təhlükəli oyun oynadığını” bildirib.

“Biz hər gün hücumların daha da artdığını görürük. İndiyədək (Livanla) sərhəddə apardığımız cavab tədbirləri diqqətlə ölçülüb və taktiki xarakter daşıyıb”, - Jonathan deyib.

Onun sözlərinə görə İsrailin şimalında Livanla sərhəd ərazilərdən insanlar evakuasiya edilib.

ABŞ Orta Şərqə raketdən müdafiə sistemləri göndərir

Pentaqon bildirib ki, Orta Şərqə göndərilməsi nəzərdə tutulan əlavə Patriot hava hücumundan müdafiə sistemlərindən başqa, bölgəyə Yüksək Hündürlüklü Ərazinin Terminal Müdafiəsi sistemi (THAAD) də göndərəcək.

THAAD sistemi qısa və orta mənzilli ballistik raketlərin terminal fazada (raketin hədəfə doğru əyildiyi faza) uçusu zamanı məhv edilməsi üçün hazırlanıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, Pentaqon regiona əlavə canlı qüvvə “səfərbər etməyə hazırdır”, lakin amerikalı rəsmi onların sayı barədə məlumat verməyib.

Pentaqonun bəyanatında qeyd edilib ki, “İran və onun Orta Şərq regionundakı proksi qüvvələri regionda eskalasiyanı artırıb”.

İsrail və Həmas arasında iki həftə əvvəl münaqişənin başlamasından bəri, ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə qarşı hücumlar artıb.

Həmasın İsrailə hücumundan sonra, ABŞ Aralıq dənizi sahillərinə döyüş təyyarəsi daşıyan bir ədəd gəmi, digər növ hərbi gəmilər və döyüş təyyarələri yığıb və İsrailə əlavə hərbi təchizat və sursat verməyi vəd edib.

BMT Qəzzaya ikinci yardımın gələcəyinə ümid edir

BMT-nin humanitar məsələlər üzrə katibi Martin Griffith bazar günü verdiyi açıqlamada ikinci yardım karvanının Qəzzaya girişinə icazə veriləcəyinə ümid etdiyini bildirib.

“Ola bilsin, bu dəfə yük avtomobillərinin sayı nisbətən artsın, 20 yox 30 yük maşını gəlsin”, - Griffith deyib.

Şənbə günü Rəfah keçid məntəqəsindən humanitar yardım daşıyan 20 yük avtomobili Qəzzaya daxil olub.

Bu yardımlar Həmasın İsrailə etdiyi hücumdan sonra İsrailin Qəzzanı blokadaya aldığı son iki həftə ərzində ilk dəfə reallaşıb.

BMT-nin müxtəlif agentlikləri Qəzzada humanitar atəşkəsin elan olunmasına dair çağırışlar ediblər.

BMT-nin Düyna Ərzaq Proqramı və Dünya Səhiyyə Təşkilatı qurumun digər agentlikləri ilə birlikdə Qəzzadakı vəziyyətin “fəlakətli” olduğunu bildiriblər.

Yardım daşınmasında iştirak edən BMT nümayəndələri bu yardımları “dəryada damla” kimi təsvir ediblər.

Fələstinə Yardım Fəaliyyətinin sözçüsü müharibədən əvvəl Qəzzaya hər gün Rəfah keçid məntəqəsindən 500-dək yardım daşıyan yük avtomobillərinin daxil olduğunu deyib
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.