Bayden Qərb müttəfiqləri və Roma Papası ilə Yaxın Şərqdə durumu müzakirə edib

23-10-2023, 08:48           
Bayden Qərb müttəfiqləri və Roma Papası ilə Yaxın Şərqdə durumu müzakirə edib
Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında davam edən münaqişəni müzakirə etmək üçün bazar günü oktyabrın 22-də Roma Papası Fransisklə telefonla danışıb.

Bəyanatda prezident Baydenin və Papa Fransiskin “bölgədə gərginliyin qarşısının alınması və Yaxın Şərqdə davamlı sülhə doğru çalışmağın zəruriliyini” müzakirə etdiyi bildirilib.

Bundan əvvəl Vatikan bildirib ki, təxminən 20 dəqiqə davam edən telefon danışığı “dünyadakı münaqişəli vəziyyətlərə və sülhə gedən yolların müəyyənləşdirilməsi zərurətinə həsr olunub”.

“Prezident HƏMAS-ın İsrail vətəndaşlarına qarşı vəhşicəsinə hücumunu pisləyib və Qəzzada dinc sakinlərin qorunmasının vacibliyini bir daha təsdiqləyib. O, İsrailə son səfərini və Qəzzada humanitar böhranın aradan qaldırılmasına kömək etmək üçün ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasını təmin etmək səylərini müzakirə edib”, Ağ Evin bəyanatında deyilir.

Prezident Baydenin və Papa Fransiskin həmçinin regionda eskalasiyanın qarşısının alınması və Yaxın Şərqdə davamlı sülhün bərqərar olması istiqamətində çalışmağın vacibliyini müzakirə etdiyi qeyd olunub.

Bayden daha əvvəl bazar günü İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefonla danışıb. Söhbət zamanı İsrail və Qəzza zolağında vəziyyət müzakirə olunub.

ABŞ prezidenti həmçinin Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trudo, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon söhbəti apararaq, Yaxın Şərqdə durumu müzakirə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.