“3+3” görüşdə bəyanat qəbul edildi

24-10-2023, 06:38           
“3+3” görüşdə bəyanat qəbul edildi
Tehranda keçirilən “3+3” formatında görüşünün nəticələrinə dair birgə bəyanat qəbul olunub.

Bəyanatda iştirakçılar qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, bu baxımdan mübahisələrin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət və sülh yolu ilə həllinin vacibliyi barədə tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, hədə-qorxu və ya zor tətbiq etməmək və insan hüquqlarına hörmətlə yanaşmanı vurğulayıblar.

Bundan başqa, qarşılıqlı etimadın, xalqların rifahının və regionun sabitliyinin möhkəmləndirilməsində iqtisadi əməkdaşlığın müsbət rolu da qeyd olunub.

Mədəniyyət sahəsində əməkdaşlıq, ictimaiyyətlə əlaqələr və təhsil, elm, turizm, mədəniyyət, idman sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyi də bəyanatda öz əksini tapıb.

Qeyd olunub ki, davamlı sülhün yaradılması və regionun iqtisadi inkişafı üçün ikitərəfli və çoxtərəfli məsləhətləşmələri və qarşılıqlı əlaqələri gücləndirəcək.

Regionun bütün ölkələri arasında mövcud münasibətlərin normallaşması və inkişafı prosesləri alqışlanıb.

İşitirakçılar bu görüşün nəticələrini müsbət qiymətləndirməklə yanaşı, onlar bu platformada Gürcüstanın da bərabərhüquqlu iştirakı üçün açıq olduğunu bir daha vurğulayıblar.

Görüşdə Qəzzadakı vəziyyəti də müzakirə edilib. İştirakçılar günahsız mülki şəxslərin hədəfə alınmasının dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Növbəti görüşün diplomatik kanallar vasitəsilə razılaşdırılacaq tarixdə Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.