Ermənistan qarışır: Şahramanyan bütün gizli məqamları açıqlamağa qərar verdi

26-10-2023, 10:57           
Ermənistan qarışır: Şahramanyan bütün gizli məqamları açıqlamağa qərar verdi
Separatçıların “rəhbəri” Samvel Şahramanyan uzun müzakirələrdən sonra susqunluq andını pozaraq yaxın günlərdə bir sıra məsələlərə aydınlıq gətirmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri iddia edib ki, qondarma “DQR”in “prezidenti” müsahibə vermək qərarına gəlib.

Qəzet xatırladıb ki, S. Şahramanyanın Ermənistanın İctimai Televiziyasında müsahibə verməsi ilə bağlı informasiyalar yayılsa da, hakimiyyət nümayəndələri buna əngəl olub:

“Şahramanyanın müsahibəni hansı platforma üzərindən verəcəyi bəlli deyil, lakin onun artıq İctimai TV-yə çıxmayacağı məlumdur”.

KİV əlavə edib ki, S. Şahramanyan müsahibəsində “prezident” postuna seçilməsi, niyə və hansı şəraitdə “prezident” postunu tutmağa razı olması barədə bəzi təfərrüatlara aydınlıq gətirəcək:

“O, həmçinin 19-20 sentyabr hərbi əməliyyatları, Azərbaycan tərəfi ilə danışıqlar və digər məsələlər barədə də danışacaq. “Prezident” “Artsax xalqı”nın problemlərinə toxunacaq və onların suallarını cavablandıracaq”.

Xatırladaq ki, son zamanlar separatçı rejim təmsilçiləri ilə Paşinyan hakimiyyəti arasında qarşıdurma böyüyür. Dərinləşən ixtilaf fonunda tərəflər bir-birini ittiham edir və Qarabağın itirilməsində bir-birlərini günahkar kimi göstərirlər.

Qeyd edək ki, Nikol Paşinyanın qondarma rejimin “dövlət büdcəsi”ndən Ermənistana könüllü əsaslarla gəlmiş Qarabağ ermənilərinin sosial müavinətlərinin ödənilməsi üçün ayrılan vəsaitə blok qoyması İrəvanda ajiotaja səbəb olub. Revanşistlər hakimiyyəti Qarabağ ermənilərinin taleyinə biganə yanaşmaqda ittiham edərək Paşinyana qarşı silsilə aksiyalara start vermişdilər.

Rafi MÜSLÜMOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.