Rusiyanın Ermənistandakı hərbi bazası ləğv olunur?

11-11-2023, 10:09           
Rusiyanın Ermənistandakı hərbi bazası ləğv olunur?
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər. Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır:

“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ-la Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb:

“Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən xətlə davam edir. Ehtimal etmək olar ki, daha tərəflər arasında münasibətlər düzəlməyəcək. Ən azından Nikol Paşinyan Ermənistanda hakimiyyətdə olduğu müddət ərzində bu, real görünmür. Heç Qərb də Paşinyanın Moskva ilə yenidən yaxınlaşmasına imkan verməyəcək. 102-ci hərbi bazasının uzun illər Ermənistanda mövcudluğunun əsas məqsədlərindən biri məhz rəsmi İrəvana təzyiq olub. Rusiya bu yolla Ermənistan iqtidarına təsir etməyə çalışıb”.

Müsahibimizin sözlərinə görə, 102-ci hərbi baza vasitəsilə asanlıqla Ermənistanda hakimiyyət çevrilişi etmək olar: “Ermənistanın xeyli müddət Rusiyanın diktəsindən kənara çıxmamasının səbəbi də elə bu qorxu olub. Düşünürəm ki, Rusiya hərbi bazasını asanlıqla Ermənistandan çıxarmayacaq. Çünki həmin hərbi baza Ermənistana bir neçə təsir vasitəsindən biridir. Hərbi bazanın ləğvi Rusiyanın Ermənistanla və regionla bağlı çoxillik planlarından imtina etməsi deməkdir. Rusiya yalnız bir halda könüllü şəkildə Ermənistandakı bazasını ləğv edər- əgər oradakı texnikalar, hərbçilər Ukrayna cəbhəsi üçün lazımdırsa…Əks halda, Moskva mümkün qədər çalışacaq ki, bu ssenarinin qarşısını alsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.