Blinken: Fələstinli mülki vətəndaşları qorumaq üçün "daha çox iş görülməlidir"

11-11-2023, 09:44           
Blinken: Fələstinli mülki vətəndaşları qorumaq üçün "daha çox iş görülməlidir"
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, fələstinli mülki əhalinin müdafiəsi istiqamətində "müəyyən irəliləyişlər" əldə olunub, lakin itkiləri minimuma endirmək və müharibədən əziyyət çəkən Qəzzaya humanitar yardım çatdırmaq üçün "daha çox iş görülməlidir".

Blinken əsasən Yaxın Şərq münaqişəsinin kəskinləşməsinə yönəlmiş 8 ölkəyə 9 günlük turunun sonunda Yeni Dehlidə jurnalistlərə "Biz tərəqqi görürük, ancaq sadəcə daha çoxunu görməliyik" deyib.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, cümə axşamı İsrail Qəzzanın şimalındakı bəzi bölgələrdə HƏMAS militantlarına qarşı hərbi əməliyyatı hər gün dörd saat dayandırmağa razılıq verib.

Fasilələr daha çox humanitar yardımın çatdırılmasına, eləcə də İsrailin yerdən və havadan əməliyyatlarının ən intensiv olduğu bölgələri tərk etmək istəyən fələstinlilərə imkan yaratmaq məqsədi daşıyır.

Ağ Ev rəsmilərinin bildirdiyinə görə, cümə axşamı İsrail Qəzza sahili boyunca daha çox fələstinlinin qaçmasına imkan verəcək ikinci dəhliz açıb.

"İsrailin dünən elan etdiyi dəhliz yardım edəcək" deyən Blinken, həmçinin ABŞ-ın humanitar yardımın, eləcə də xəstəxanalar və sutəmizləyici qurğular kimi həyati əhəmiyyətli obyektlər üçün yanacağın müntəzəm çatdırılmasına imkan verəcək "konkret addımları" müzakirə etdiyini bildirib.

Fələstinli rəsmilərin dediyinə görə, İsrailin son bir ayda Qəzzaya ağır bombardmanları nəticəsində təxminən 40%-i uşaq olmaqla, 10 mindən çox insan həlak olub.

Çərşənbə günü Konqresə ifadə verən Bayden administrasiyasının yüksək vəzifəli rəsmisinə görə, əslində bu rəqəm daha yüksək ola bilər.

Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə itkilərin sayının bildiriləndən daha yüksək olmasının mümkün olduğunu bildirib. O, "Biz bunu yalnız silahlar susduqdan sonra biləcəyik" deyib.

İsrail ordusunun dediyinə görə, quru qoşunları fələstinli anklavı bölmək səyləri çərçivəsində HƏMAS-ın qalası sayılan Qəzza şəhərini mühasirəyə alıb.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanı idarə edən İslamçı HƏMAS qrupunun kökünü kəsəcəyinə söz verib. HƏMAS militantları keçən ay İsrail əsgərləri və mülki şəxslərinə qarşı gözlənilməyən qanlı hücum həyata keçirib və nəticədə 1400-dən çox insan həlak olub.

Netanyahu bildirib ki, HƏMAS girov saxladığı güman edilən 200-dən çox insanı azad edənə qədər atəşkəs olmayacaq.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.