Gürcüstan "3+3" regional formatından niyə yayınır? - deputat

6-12-2023, 19:12           
Gürcüstan "3+3" regional formatından niyə yayınır? - deputat
Gürcüstan Azərbaycan Prezidentinin təşəbbüsü olan "3+3" regional formatından yayınmağa çalışır. Görəsən, Rusiya və Avropa amillərinin bu məsələdəki rolu nədən ibarətdir?
Mövzu ilə bağlı deputat Arzu Nağıyev fikirlərini Moderator.az-a açıqlayıb.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionun inkişafı üçün iqtisadi məsələlərin, proseslərin tənzimlənməsi üçün "3+3" formatının ən doğru yol olduğunu region dövlətləri ortaya qoydu: "Əsas məqam da ondan ibarətdir ki, "3+3" formatında bütün regional dövlətlər - Azərbaycan, Ermənistan, Gürcüstan İran, Rusiya və Türkiyə - 6 dövlət birgə fəaliyyət göstərmək üçün müvafiq addımlar atmalı idi. Bu istiqamətdə də görüşlər keçirməli idi. Təbii ki, burada Orta Dəhlizin inkişafı, eyni zamanda Zəngəzur dəhlizi, Gürcüstanın Poti limanından başlayaraq məhz Azərbaycan ərazisindən keçməklə Ələt limanından istifadə, İran ərazisindən keçən marşurutlar Rusiyadan, Gürcüstandan gələn yüklərin daşınması Ermənistanın da sülh müqaviləsi imzalandıqdan sonra atacağı addımlar hamısı "3+3" formatında öz əksini tapmalı idi. Bir neçə dəfə görüşlər keçirilməsinə baxmayaraq, Gürcüstan Rusiyaya görə orada iştirak etməkdən çəkindi. Burada Avropanın təzyiqindən söhbət getmir. Sadəcə olaraq, Rusiya və Gürcüstan arasında münasibətlərin gərgin olması, ərazi bütövlüyü ilə bağlı bu proseslər baş tutmadı".

Deputat əlavə edib ki, bununla belə İranda və Azərbaycanda keçirilən ikitərəfli görüşlər, eləcə də region dövlətləri arasında ikili görüşlər "3+3" formatı üçün mühüm əhəmiyyət kəsb edirdi: "Məlumdur ki, Azərbaycanla Gürcüstan arasındakı münasibət strateji əhəmiyyətli tərəfdaşlıq səviyyəsindədir. Eyni zamanda, digər dövlətlərlə də normal münasibət var. Sadəcə olaraq, Gürcüstanın o tədbirlərdə iştirak etməməsi birmənalı şəkildə Rusiya ilə olan münasibətlərlə bağlıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması da bu proseslərə ciddi təsir edən amillərdəndir. Hər bir dövlət özü düşünməlidir ki, bu proseslərdə hansı müsbət nəticə əldə edə bilər. Məlumdur ki, Rusiya ona tətbiq olunan sanksiyaların bugünkü vəziyyətində regional formatda iştirakını və öz iqtisadiyyatını gücləndirə bilər. Bu gün Gürcüstan və İrandan başqa Ermənistana giriş yoxdur. Lakin "3+3" platforması üzrə bu ölkə digər dövlətlərə çıxış əldə edə bilər. Yəni bu proseslərin hamısı birmənalı şəkildə region dövlətlərinin ancaq inkişafına xidmət edə bilər. Ona görə də bəzi dövlətlər arasında olan narazılıq aradan götürülməlidir. Təbii ki, Ermənistanla sülh müqaviləsi imzalanmalı, Rusiya və Gürcüstan arasında gərginlik həll olunmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.