Azərbaycan rəsmiləri Ermənistanın verdiyi mina xəritələrində koordinatların yanlış olduğunu bildirir

13-02-2024, 09:34           
Azərbaycan rəsmiləri Ermənistanın verdiyi mina xəritələrində koordinatların yanlış olduğunu bildirir
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Ermənistan Azərbaycanın nəzarətinin bərqərar edildiyi ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib, lakin təqdim edilən formulyarlardakı məlumatlar "qeyri-dəqiq, etibarsız və natamam" əks olunub.

"Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib,” ANAMA-nin məlumatında qeyd edilir.

Azərbaycan rəsmiləri ANAMA bildirir ki, keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Ermənistan rəsmiləri ANAMA-nin açıqlaması ilə bağlı hələ şərh verməyib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi əsgərlərinin əsirlikdən azad edilməsi müqabilində Azərbaycana bir sıra xəritələr verib.

Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra 345 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 278 nəfər yaralanıb.

Müşahidəçilərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün $2,5 milyon dollar ayırıb.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.