Təbrizdən millət vəkili prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

28-05-2024, 12:34           
Təbrizdən millət vəkili prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb
Təbriz millət vəkili Məsud Pezeşkiyan prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürəcəyini deyib.

Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Pezeşkiyan bildirib ki, onun məqsədi İranla bağlı daxili və beynəlxalq səviyyədə seçicilərin seçkilərə inamsızlığı təəssüratı yarandığı bir şəraitdə insanları seçkiyə cəlb etməkdir.

O, həmçinin seçkidə islahatçı siyasətçilərin namizədliyinin açıqlanmasını gözlədiyini, araşdırmalardan sonra razılaşma və ya seçkilərə müstəqil şəkildə qatılmaq barədə qərar verəcəyini bildirib.

Keçmiş islahatçı prezident Məhəmməd Xatəminin hökumətinin kabinet üzvü olan Pezeşkiyan deyib ki, əvvəllər prezident seçkilərinin şəhər şurası seçkiləri ilə birgə keçirilməsi seçki fəallığınının artmasına səbəb olmuşdu. Onun sözlərinə görə, “bu gün yaradılan şəraitə görə biz ancaq prezident seçkilərinin şahidi olacağıq, müxtəlif insanların və zövqlərin olması rəqabət meydanını aça bilər və İranda yalnız bir cərəyanın hakim olduğuna dair baxışı dəyişə bilər”.

İran İslam Respublikasının açıqladığı rəsmi statistikaya əsasən, son prezident seçkilərində seçki fəallığı 48,8%, son parlament seçkilərində isə 41% təşkil edib. Bu rəqəmlər İslam Respublikası seçkilərində qeydə alınan ən aşağı seçki fəallığını göstərir.

İranda islahatçı cərəyana yaxın olan Məsud Pezeşkiyan hazırda Təbrizin parlamentdəki nümayəndəsidir. Son parlament seçkilərində əvvəlcə namizədliyi Daxili İşlər Nazirliyinin Seçkilər İcra Heyəti tərəfindən diskvalifikasiya edilmişdi, lakin buna etiraz etdikdən sonra onun parlament seçkilərində namizədlik hüququ qeydə alınmışdı.

İranda prezident seçkilərində namizəd statusuna iddiaçı namizədlər Nəzarət Şurası tərəfindən təsdiq edildikdən sonra rəsmi şəkildə seçkidə namizəd olaraq qatılmaq hüququna malik olur. Şuranın təsdiq etdiyi namizədlərdən birini prezident olaraq seçilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.