Frank Şvabe: AŞPA-nı şantajla hədələmək olmaz

12-09-2024, 16:14           
Frank Şvabe: AŞPA-nı şantajla hədələmək olmaz
Almaniyalı deputat Frank Şvabe Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaydalarına heç bir şərt qoymadan əməl etməli olduğunu deyib.

Şvabe bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin AŞPA ilə fikirlərinə münasibət bildirərkən deyib.

İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı bu ilin yanvar ayında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra Assambleya üzvlərinə qoyulmuş qadağa aradan qaldırılacaq.

“Avropa Şurası Parlament Assambleyasını, əlbəttə, şantajla hədələmək olmaz. Şərtlər çox aydındır. Azərbaycan heç bir şərt qoymadan Parlament Assambleyasının bütün qaydalarına əməl etməli, siyasi məhbuslar azadlığa buraxılmalı, Azərbaycan İşgəncələr Əleyhinə Komitə ilə tam əməkdaşlıq etməlidir”, Frank Şvabe X səhifəsində yazıb.

Almaniyalı deputat AŞPA üzvlərinə qarşı qoyulmuş səyahət qadağasının da götürülməli olduğunu əlavə edib.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın yanvar ayındakı sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

AŞPA prezidenti Teodoros Russopulos bu addımın yalnız əks nəticə verə biləcəyini, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini daha da çətinləşdirdiyini vurğulayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri yanvar ayında baş tutan qış sessiyasında ratifikasiya edilmədiyi üçün onların Assambleyadakı iştirakı dondurulub.

AŞPA-nın 26 ölkədən olan 76 deputatı Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə səs verib.

AŞPA bunu Azərbaycanda insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi, o cümlədən jurnalist və fəalların əsassız həbsləri, Azərbaycanın öhdəliklərinə məhəl qoymaması və qurumla əməkdaşlıq etməməsi, o cümlədən fevral ayında baş tutan prezident seçkilərinə qurumun dəvət edilməməsi ilə əlaqələndirib.

Bununla yanaşı, iyulun 3-də Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycanın bu qurumla əməkdaşlıq etməməsi, Azərbaycan hökumətinə, xüsusən də Daxili İşlər Nazirliyinə verilən tövsiyələrin uzun illərdir icra edilməməsi ilə bağlı bəyanat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.