İlqar Ulusoy: Pezeşkian dönəmi türklərin İranın siyasət gündəminə ciddi təsir etməsi üçün bir başlanğıc ola bilər

17-09-2024, 07:54           
İlqar Ulusoy: Pezeşkian dönəmi türklərin İranın siyasət gündəminə ciddi təsir etməsi üçün bir başlanğıc ola bilər
Keçmişdə İran Parlametində yaradılmış Türk Fraksiyasının başqanı olmuş Məsud Pezeşkianın keçən iyun ayında prezident seçkilərində namizdəliyinin təsdiqlənməsi ilə İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklər arasında artan siyasi fəallıq Pezeşkianın prezident olmasından sonra da davam edir.

Siyasi fəal İlqar Ulusoy Amerikanın Səsi ilə söhbətində Məsud Pezeşkian dönəmində türklərə İranın siyasət gündəminə ciddi təsir etmək üçün fürsət yarandığını vurğulayır.

İlqar Ulusoy prezident seçkilərində Pezeşkianın namizədliyinin təsdiqlənməsini müəyyən siyasi tənliklərin nəticəsi kimi dəyərləndirsə də, onun türklərin səsi ilə prezident seçilməsini Azərbaycan Milli Hərəkatının bir uğuru hesab edir.

“İllərdir İranın siyasi paradiqması sağ-sol və ya islahatçı-mühafizəkar üzərində qurulurdu və bütün analizlər bu çərçivədə olurdu. Son zamanlarda bərəndaz (rejim dəyişikliyi tərəfdarları) və ya xaricdəki müxalifət də bu siyasi analizlərdə yer alır. Amma diqqətlə baxdığımızda İranın siyasət sahəsinin qabığının altında hər zaman bir türklük və ya Azərbaycan-mərkəz ziddiyyəti də var idi. Saydığım o üç tərəf rasist sistemdən qazandıqları üçün heç bir zaman türklüyün üzə çıxmasını və siyasi paradiqmanın bir tərəfi olmasını istəmirdilər. Çünki Azərbaycanın konstruktiv gücü ortaya gəlsə türklərin və bütün bölgə xalqlarının daha demokratik və rifahda yaşamasına yol açacağını bilirlər,” İlqar Ulusoy ifadə edir.
Siyasi fəal hesab edir ki, fərqli siyasi cərəyanlar türkləri siyasi gündəmdən çıxarmaq məqsədilə onların rolunu inkar etməyə çalışırlar.

“İranın siyasi paradiqmasını şəkilləndirən qruplar fərqli yollarla türklərin siyasi fəallığını önləməyə çalışır. Bu doğrultuda islahatçılar və mühafizəkarlar türklərin seçkilərdəki zəfərini sahibləməyə çalışırlar. İslahatçılar Cavad Zərifin rolunu şişirdərək sanki Pezeşkianı Zərif prezident edib və kabineti də o qurur, o yönləndirir kimi göstərməyə çalışırlar. Mühafizəkarlar da Pezeşkianın Xameneyi və hakimiyyətin bir planı olduğunu irəli sürərək onu sahublənirlər. Xaricdəki müxaliflər də Pezeşkianın danışıqlarını və işlərini aşağılayaraq Azərbaycanın bu zəfərini dəyərsizləşdirməyə çalışır. Hər üç qrupun da ortaq hədəfi türkləri ümidsizləşdirərək siyasətin gündəmindən çıxarıb və rasist sistemin olduğu kimi davam etməsini təmin etməkdir”, o bildirib.
İlqar Ulusoy deyib ki, İran Azərbaycanında siyasi fəallıq artmağa davam etdiyi təqdirdə İranda ciddi dəyişikliklərə yol açıla bilər.

“Bu proseslər burayadək dərin təsir buraxıb və mən düşünürəm ki, belə davam edərsə İranın geosiyasi dəyişikliyinə yol açacaqdır. Bunun üçün bu məşəlin sönməməsi lazımdır. Burada milli fəalların üzərinə önəmli vəzifə düşür. Fəallar o üç qrupun propaqanda oyununa gəlməməli, öz uğur və zəfərlərinə sahib çıxmalı və öz modern və demokratik söyləmlərini İranın siyasi paradiqmasının ön planına çıxarmağa çalışmalıdırlar.”

Siyasi fəal Pezeşkianın prezident olduqdan sonra bəzi açıqlamalar və addımlarına diqqət çəkərək deyir ki, “mən Pezeşkianın tutduğu mövqelərlə qabığı qırmağa çalışdığını görürəm. Bu rahat bir iş deyil və yavaş-yavaş irəliləyəcəkdir. Pezeşkianın addımları nəzərə çox kiçik görünsə də bunlar böyük dəyişiklərin başlanğıc addımlarıdır. Bunlar o qabığın çatladığının səsidir. O qabıq qırılıb və Azərbaycanın diskursu gündəmə gəlsə, bu söyləm İranın siyasi paradıqmasının bir tərəfi olsa, türklər üçün və bölgədəki digər xalqlar üçün açılım imkanı olacaq. Xülasə, Pezeşkianın hər bir kəlmə türkcə danışması, Azərbaycanla əlaqədar hər bir mövqeyi bizim üçün önəmlidir və Güney Azərbaycan Milli Hərəkatını bir addım irəli götürəcəkdir.”
Məsud Pezeşkian prezident olduqdan sonra İran Azərbaycanı, eləcə də Tehran və Kərəc kimi şəhərlərdə yaşayan bəzi ziyalılar və türk fəallar bəyanatlar yayıb və görüşlər keçirərək, İranın siyasi gündəminə təsir etməyə çalışırlar.

İlqar Ulusoy əlavə edir ki, “alt səviyyələrdə də cəhdlərin olması lazımdır. Bunu da görürük. Məsələn türk aydınlar və Güney Azərbaycanın milli fəallarının mərkəz siyasəti təmsil edən qruplar və şəxslər ilə, o cümlədən Cavad Zərif ilə görüşmələrini mən Azərbaycan söyləminin gündəmə gəlməsi yönündə cəhdlər olaraq görürəm. Bu fəaliyyətlərin çox dəyərli olduğunu düşünürəm.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.