Tramp taktikanı dəyişdi: “Düşmən” ölkədə görüş olacaq – “TikTok” detalı
Bu gün, 09:34
ABŞ Prezidenti Donald Trampın səlahiyyətə başladığı ilk gündən ölkədaxili məsələlərlə bağlı radikal qərarlar verməsi müzakirələrə səbəb olub. Tramp sadəcə ilk saatlarda sələfi Co Bayden hökumətinin 78 qərarının ləğvi ilə bağlı sərəncam imzalayıb.
Yeni prezident bundan sonra diqqətin ölkənin daxili məsələlərinə yönləndiriləcəyini və ABŞ-ın əvvəlki gücünün bərpa olunacağını bildirib. Həmçinin xarici siyasətlə bağlı da vacib qərarların veriləcəyini və böyük dəyişikliklərin olacağını açıqlayıb.
Trampın “daha güclü Amerika” vədinin reallaşması istiqamətində nə kimi planları var?
Referans.az bildirir ki, Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, yeni prezidentin andiçmədən sonra əsasən daxili siyasətə fokuslanacağı gözlənilir:
“O, sərhəd təhlükəsizliyi, deportasiya, enerji siyasəti kimi daxili məsələlərə diqqət yetirəcək. İlk həftələrdə ABŞ daxilində bir sıra tədbirlər keçirmək planlaşdırılır. Bu, Ağ Ev rəhbərinin xaricə səfərini bir qədər gecikdirə bilər. Tramp prezidentlik vəzifəsinə başladıqdan sonra Çinə səfər etmək niyyətində olduğunu açıqlamışdı.
Məqsədi, Çin lideri Si Cinpinlə münasibətləri dərinləşdirməkdir. Vaşinqton-Pekin münasibətlərindəki gərginliklərə baxmayaraq, Tramp daha sərt tariflər tətbiq etmək təhdidini saxlayıb. İdxal olunan Çin mallarına 60%-lik tariflərin tətbiqi ilə bağlı vəd verib.
Buna baxmayaraq Tramp administrasiyası dövründə ABŞ-Çin münasibətlərində gərginliyin davam edəcəyi ehtimal olunur. Tariflər və ticarət məsələləri iki ölkə arasında əsas münaqişə nöqtələri kimi qalır. Trampın Pekinə səfər etmək istəyi və şəxsi diplomatiya yanaşması, onun “liderlər arasındakı əlaqələr vasitəsilə problemləri həll etmə” strategiyasını nümayiş etdirir”.
Politoloq bildirib ki, Tayvan məsələsi ABŞ-Çin münasibətlərində həssas mövqedədir:
“Trampın bu mövzuya yanaşması, xüsusilə də Tayvanın müdafiə xərclərinin artırılması ilə bağlı çıxışları, Pekin tərəfindən narahatlıqla qarşılanır. Si Cinpinin Trampa Tayvan məsələsini “ehtiyatla” idarə etməklə bağlı xəbərdarlığı, Çinin bu məsələdə ciddi olduğunu göstərir.
Fentanil ABŞ-da ciddi problem olaraq qalır və Tramp administrasiyasının bunu Çinlə müzakirələrdə prioritet məsələlərdən biri kimi qəbul etməsi diqqət çəkir.
Həmçinin “TikTok” kimi texnoloji məsələlərin də müzakirə olunması, ABŞ-ın Çin texnologiyasına qarşı skeptik yanaşmasını əks etdirir. Trampın ilk 100 gündə Pekinə səfər planı, onun beynəlxalq arenada sürətli və cəsarətli diplomatik addımlar atmaq niyyətində olduğunu göstərir”.
Tağızadənin sözlərinə görə, Hindistana mümkün səfərin müzakirə edilməsi, Trampın ABŞ-ın Asiya-Sakit Okean regionundakı maraqlarını genişləndirmək niyyətindən xəbər verir:
“Donald Trampın prezidentliyin ilk günlərində ABŞ-Çin münasibətləri və beynəlxalq siyasətdə prioritetləri haqqında ilkin təssürat artıq formalaşır. Onun sərt ritorikası ilə şəxsi diplomatiya yanaşması arasındakı tarazlıq, xarici siyasət strategiyasının əsas elementi kimi çıxış edir.
ABŞ-Çin münasibətlərinin bu dövrdə gərgin və eyni zamanda dialoqa açıq olacağı gözlənilir”.