Meydan TV-nin həbs edilən jurnalisti Ramin Dekonun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq
Bu gün, 15:34
Fevralın 4-də Xətai rayon məhkəməsində Meydan TV-nin həbs edilən jurnalisti Ramin Dekonun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq.
Bu barədə onun vəkili Nemət Kərimli Amerikanın Səsinə bildirib.
Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə qalması üçün heç bir hüquqi əsas yoxdur.
Bundan əlavə vəkil ötən həftə təcridxanda jurnalistlə görüşdüyünü deyib.
Vəkil Ramin Dekonun səhhətinin normal olduğunu bildirib.
Ötən ay Meydan TV-nin həbs edilən jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva , Aysel Umudova, Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.
Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti veriblər. Məhkəmə onlar barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.