Həbsdə olan “Meydan TV” jurnalisti ifadə verməkdən imtina edir
Bu gün, 17:44
Fevralın 4-də vəkil Zibeydə Saddıqova Bakı İstintaq Təcridxanasında “Meydan TV” işi üzrə həbs olunmuş jurnalisti Natiq Cavadlı ilə görüşüb.
Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, jurnalistin həbsindən sonra onunla bağlı istintaq hərəkətləri aparılmayıb.
Onun sözlərinə görə, iş üzrə ümumi hərəkətlər var.
“Eyni zamanda, Cavadlı istintaq materiallarını imzalamaqdan imtina edir, çünki əvvəldən qaçaqmalçılıq ittihamlarını əsassız sayaraq ifadə verməkdən imtina edib”, vəkil qeyd edib.
Zibeydə Sadıqova hesab edir ki, jurnalistin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
Natiq Cavadlı ilə bağlı yenidən ev dustaqlığına müraciətə gəldikdə isə, vəkil işin gedişatndaan aslı olaraq müraciət ediləcəyini istina etməyib.
Bundan əvvəl vəkil qeyd edib ki, Cavadov ruh yüksəkliyini saxlayır və ona dəstək olanların hamısına öz salamlarını çatdırır və saxlanma şəraitindən, səhhətindən şikayəti yoxdur.
Yanvarın 17-də Xətai Rayon Məhkəməsi Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Ötən il dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, nəşrin bəyanatında qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman təzyiqlərlə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.