Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalistləri azad etməyə çağırıb
Bu gün, 15:34
![Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalistləri azad etməyə çağırıb](/uploads/posts/2025-02/1739220030_1.png)
Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalistləri azad etməyə çağırıb.
“Ötən həftə Azərbaycanda daha iki məşhur jurnalist həbs olunub. Şahnaz Bəylərqızı son aylar həbs edilmiş səkkizinci qadın jurnalist oldu”, Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.
Bəyanatda xatırlanır ki, Bəylərqızı və onun keçmiş həmkarı Şəmşad Ağa 2024-cü ildə bağlanmış müstəqil xəbər nəşri olan Toplum TV-də işləyirdilər.
"Norveç Komitəsi əsassız olaraq saxlanılmış jurnalistləri və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır", deyə təşkilatın bəyanatında bildirilir.
Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.
Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.
“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Fevralın 4-dən 5-nə keçən gecə isə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa saxlanıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib
Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb.
"Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər", onlar bildirib.
Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağa "MeydanTV işi" üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə günahlandırılır.
Vəkilin məlumatına görə, Şəmşad Ağa məhkəmədə tənqidi jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov jurnalistin saxlanması barədə məlumatı Amerikanın Səsinə təsdiq edib.
"Şəmşad Ağa "Meydan TV işi" üzrə şübhəli şəxs qismində saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunur", mətbuat xidmətinin əməkdaşı qeyd edib.
"MeydanTV işi" üzrə ötən il dekabrın 6-da altı jurnalist - Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.
Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.