Britaniya Ukraynaya “Typhoon” qırıcıları göndərə bilər - "The Times"
19-02-2025, 15:42

Böyük Britaniya Ukraynaya Typhoon qırıcı təyyarələri göndərmək və hava patrulu missiyasını həyata keçirmək imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" nəşri yazır.
Məlumata görə, Britaniya nazirləri Ukraynanın təhlükəsizliyinə təminat verməyin yollarını müzakirə ediblər. Bu zaman ölkə ərazisində çoxsaylı qoşun yerləşdirməyə ehtiyac qalmadan təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, hava patrulu missiyası məntiqli olardı, lakin bunun üçün xeyli sayda təyyarə, eləcə də qırıcıları qorumaq üçün hava hücumundan müdafiə sistemləri tələb olunur.
Məqalədə qeyd olunur ki, nəzəri cəhətdən onlarla "Typhoon” döyüş hazırlığında ola bilər və Rusiya hücumlarına qarşı cavab tədbirləri görə bilər. Eyni zamanda, Britaniya və digər Avropa ölkələrinin kiçik sülhməramlı qüvvələri yerüstü müdafiəni təmin edərdi.
Nəşr ehtimal edir ki, bu cür missiya NATO-nun Baltikyanı ölkələrdə həyata keçirdiyi hava patrulu əməliyyatlarının nümunəsi əsasında təşkil oluna bilər.
Britaniya Kral Hərbi Hava Qüvvələrindəki mənbə belə bir missiyanın uçuşa qadağa zonasının yaradılmasından daha real olduğunu bildirib.
Hazırda müzakirələr ilkin mərhələdədir, lakin mənbə qeyd edib: "Bizə nə tapşırılsa, etməyə hazırıq".
"The Guardian"ın məlumatına görə, Britaniya Ukraynada sülhməramlı missiya üçün "bir neçə on min" hərbçinin kifayət edəcəyini hesab edir.
Bundan əvvəl "The Washington Post" Avropanın Ukraynaya potensial olaraq 30 minə qədər hərbi qulluqçu göndərməyə hazır olduğunu və bu qüvvələrin təxminən üçdə birinin Fransadan olacağını qeyri-rəsmi şəkildə öyrənmişdi.
İtaliyanın baş naziri Corca Meloni isə Avropa qoşunlarının Ukraynaya göndərilməsinin məqsədəuyğunluğu barədə şübhələrini ifadə edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə müharibənin həlli ilə bağlı razılaşma əldə edildikdən sonra NATO ölkələrinin hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsinin Moskva üçün qəbuledilməz olacağını bildirib.