Qubad İbadoğlu Nobel Sülh Mükafatına namizəd oldu
Bu gün, 12:24

ABŞ-ın Rutgers Universitetinin professoru, Avropa Tədqiqatlar Mərkəzinin direktoru Belinda Davis Bakıda ev dustaqlığında olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi doktor Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qubad İbadoğlunun 2025-ci il Nobel Sülh Mükafatı nominasiyasında namizədliyini artıq qeydə alınıb.
Rutgers Universitetinin professoru Belinda Davis ABŞ mətbuatına açıqlamasında deyib ki, tanınmış iqtisadçı, akademik və insan hüquqları müdafiəçisi Dr. İbadoğlu öz həyatını ədalətə, şəffaflığa və vətəni Azərbaycanda və onun hüdudlarından kənarda hüququ pozulanların müdafiəsinə həsr edib.
Son 2 ildə siyasi və akademik dairələrin, tanınmış vətəndaş cəmiyyəti təşkilatlarının professora verdikləri beynəlxalq dəstək müntəzəm xarakter alıb. Üç gün öncə İndoneziyanın paytaxtı Cakartada keçirilən beynəlxalq konfransda Qubad İbadoğlunun həmkarları onunla həmrəy olduqlarını bir daha nümayiş etdiriblər: “Ödədiyini açıqla” (PWYP – Publish What You Pay) beynəlxalq vətəndaş cəmiyyəti koalisiyasının ümumi yığıncağında professor Qubad İbadoğlunun qanunsuz həbsinə etiraz məqsədilə onun prezidiumdakı yeri boş saxlanılıb.
Qeyd edim ki, Qubad İbadoğlu Nobel Sülh Mükafatı nominasiyasında namizədliyi qeydə alınan ilk azərbaycanlıdır.