“Mən haradayamsa, oradayam və bunun əksini ləyaqətsizlik hesab edirəm”

19-06-2015, 10:50           

"Yeni Müsavat" qəzeti öz saytında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin 2008-ci il prezident seçkiləri dövründə etdiyi bir çıxışın videoyazısını yerləşdirib. Gültəkin Hacıbəyli orada İlham Əliyevin seçkidə vəkili qismində çıxış edərək, seçiciləri ona səs verməyə çağırır. "Yeni Müsavat" rəhbərliyi isə bu videonu yaymaqla öz aləmində Gültəkin xanımı ifşa edir. Gültəkin Hacıbəyli qəzetin bu hərəkətinə özünün facebook səhifəsində cavab verib. Onun cavabını təqdim edirik.


"Yeni Müsavat" qəzeti Milli Şuraya, onun dəyərli sədri Cəmil Həsənliyə qarşı bir aydır kampaniya aparandan sonra sıra mənə də çatdı. Mənim 2008-ci ildə YAP-ın təbliğat mitinqindəki çıxışımı paylaşıblar. Guya bu ölkədə mənim vaxtilə prezident İlham Əliyevin rəhbərlik etdiyi AŞPA nümayəndə heyətinin üzvü olmağım, 2008-ci ildə İlham Əliyevin vəkili olmağım və onun təbliğat mitinqində çıxış etməyim kiməsə sirdir. Mən nə vaxt öz keçmişimi danıb ondan imtina etmişəm ki, Rauf bəy bu gün məni keçmişimlə "vurur"?! Bir daha bəyan edirəm, həyatımın hər anı mənim üçün dəyərlidir, mən bütün həyatımı şərəflə yaşamışam və keçmişimdən heç bir halda imtina etmək niyyətim yoxdur.

İnsan mükəmməl varlıq deyil və hər birimizin həyatında doğrular və yanlışlar ola bilər. Önəmli olan bu həyatı ləyaqətlə yaşamaq, insanların üzünə mərdi-mərdanə, dim-dik baxmağı bacarmaqdır.İnsan iqtidarda da ola bilər, müxalifətdə də. Bunların heç biri qəbahət və ya ayıb deyil. Ayıb olan iqtidarda olub müxalifətə "agentlik" etmək və ya müxalifətdə olub gizlində hakimiyyətə işləməkdir. Mən 10 il bitərəf millət vəkili kimi parlamentdə təmsil olunmuşam. Kim bilməsə də hakimiyyətdəkilər yaxşı bilir ki, mən komandanın içində müxalifət olmuşam, əksər məsələlərdə mübahisə etmişəm, qəbul edilən qərarların yanlış olduğunu gördükdə öz mövqeyimi qorumuşam, bu, mənə ağır zərbələr və məhrumiyyətlər hesabına başa gəlsə də.

Yeri gəlmişkən, hakmiyyətin məlum qanadının sifarişi və Rauf bəyin parlamentdəki qadın dostlarının vasitəçiliyi ilə "Yeni Müsavat" qəzeti hələ millət vəkili olduğum dönəmdən mənə qarşı kampaniyaya başçılıq edib, sonralar da bu mövqeyindən imtina etmədi.

Heç vaxt ağlımın ucundan belə keçirməmişəm ki, Rauf Arifoğlunun Ramiz Mehdiyevin müşavirəsində etdiyi kimi, müxalifətdən təlimatlar alıb onları dəftərçəmə qeyd edim və sonradan həyata keçirim, hakimiyyət düşərgəsində təfriqə yaradım. Mən hakimiyyətin yanında olanda 100 faiz orada idim və heç vaxt riyakarlıq etməmişəm. Bu gün Milli Şuradayamsa, demək, bütün varlığımla bu təşkilatdayam və hakimiyyətlə gizli sövdələşmələri şəxsiyyətimə sığışdıra bilmərəm. Mən haradayamsa, oradayam və bunun əksini ləyaqətsizlik hesab edirəm.

İnsanın siyasi mövqeyi dəyişə bilər, insan siyasi partiyasını da dəyişə bilər və bu, bütün dünyada yayılmış bir təcrübədir (hərçənd, mən elə bu gün də bitərəfəm). Rauf Arifoğluna da bizim, cəmiyyətin, ictimai fikrin qınağı onun hakimiyyətə xidmət etməsi ilə bağlı deyil. YAP sıralarında olan yüzlərlə fəal insana qarşı niyə cəmiyyətədə belə münasibət yoxdur, bəzilərinə hətta cəmiyyət hörmət edir? Çünki onlar oynamırlar, olduqları yerdədirlər. Rauf bəyə qarşı iradlar da onun hakimiyyətə xidmət etməsinə görə yox, bu xidməti açıq şəkildə deyil, gizlində, müxalifət, Müsavat ideologiyasına bürünərək göstərməsinə görədir. Rauf bəy millət vəkili olmaq istəyir. Niyə də istəməsin? Ən azından adam deyə bilər ki, niyə Gültəkin Hacıbəyli 27 yaşında millət vəkili ola bilər, iki dəfə seçilə bilər, mən isə hakimiyyətə bu qədər xidmətlərimin, az qala ağsaqqal yaşımın qarşılığında yox? Haqqı var. Ancaq bunun üçün adam gərək açıq şəkildə hakimiyyətə işlədiyini bəyan etsin, ondan sonra lap YAP onu öz siyahısına salsa da, kimin nə işi?! Milli Şura haqqında heç bir Azərbaycan kişisinə, düzü heç Rauf bəyə də yaraşdırmadığım təhqirlər və böhtanlar yağdırmağına baxmayaraq, bu halda mən də onu təbrik edəcəyimə söz verirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.