Deputat cərimələrin artırılması ilə yanaşı, cəzaların sərtləşdirilməsini təklif edib

31-05-2017, 18:23           
Deputat cərimələrin artırılması ilə yanaşı, cəzaların sərtləşdirilməsini təklif edib
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə cərimələrin artırılması ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı mübahisə yaranıb.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, bu sahədə tək cərimələrin artırılmasına yox, həm də cəzaların sərtləşdirilməsinə ehtiyac var.

“Cəzaların sərtləşdirilməsi cinayətkarlığa qarşı mübarizədə yalnız az müddətdə effektli olur. Sonradan isə insanlara buna öyrənirlər. Əgər hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, o zaman cəzanın sərtliyi cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır. Hazırda biz cəzanın labüdlüyünün təmin olunmasına diqqət etməliyik. Digər tərəfdən çalışmalıyıq ki, cəzalar ədalətli olsun. Burada yüzlərlə sənədə əlavə və dəyişikliklər edilir. Ancaq mən bir norma haqqında danışmaq istəyirəm. Hesab edirəm ki, təkcə bu kifayət edir ki, biz bu məsələ üzərində yenidən işləyək. Misal üçün, 295-ci maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxarmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxarması üçün 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Hakimlər təmənnalı olaraq kefləri istədiyi qərar çıxarır. Yaxud da üç ilədək müddətə azadlıqdan məhrum etmək cəzası var. Bilirsiniz, hakim bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu, dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını sarsıdır. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarırıq. Ona görə də bu cür hallara qarşı cərimələri cəza növündən ümumiyyətlə çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərəkdən ədalətsiz qərar və ya qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır”.

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə bildirib ki, məhkəmələr Azərbaycan dövləti adından hökm çıxarır və onların hamısı barədə “hərraca çıxarırlar” demək düzgün deyil: “Mən özüm Məhkəmə Hüquq Şurasının üzvü kimi deyirəm ki, mütəmadi səlahiyyətindən istifadə edən hakimlər aşkar edildiyi təqdirdə, barələrində tədbir görülür. Bəli fakt var, amma tədbir də görülür. İndi bunu bütün məhkəmələrə şamil etmək düzgün deyil”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Q. Həsənquliyevin digər fikrinə cavab olaraq bildirib ki, Cinayət Məcəlləsində cərimələrin artırılması daha məqbuldur, nəinki azadlıqdan məhrum etmə sanksiyaları: “Onu da deyim ki, yaxın günlərdə Cinayət Məcəlləsinə yeni dəyişikliklərlə bağlı layihə daxil olacaq ki, bu da sırf iqtisadi cinayətkarlıqla bağlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.