AŞ PA-dan qayıdan hüquq müdafiəçiləri danışdı

18-10-2017, 09:34           
AŞ PA-dan qayıdan hüquq müdafiəçiləri danışdı
Novella Cəfəroğlu: “Əgər onların tələblərini yerinə yetirsək, növbəti mərhələdə biz Qarabağ məsələsini orada qaldıra bilərik”; Səadət Bənəniyarlı: “Ölkəmizin AŞ PA-dan çıxarılması mövqeyini sərgiləyənlər Azərbaycana qarşı olanlardır”

Azərbaycanla Avropa Şurası arasında münasibətlər gərgin olaraq qalır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası üzvlüyündən çıxarılma, yaxud çıxma ehtimalı da istisna edilmir. Oktyabrın 11-də AŞ PA-da keçirilən dinləmələr zamanı Azərbaycanla bağlı iki qətnamə qəbul edildi. Bu qətnamələr də dolayısı ilə hər zaman olduğu kimi Azərbaycanda insan haqları məsələsinə aid oldu. Ümumilikdə AŞ PA-nın Azərbaycana təzyiq arqumenti dəyişməz qalıb. Oktyabrın 25-də isə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddənin tətbiq edilməsi haqqında məsələyə baxacaq.

Azərbaycanla bağlı dinləmələrdə iştirak edən hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a bildirib ki, belə bir situasiyanı normal hesab etmir: “AŞ PA üzvlərindən kiminsə qurumdan xaric edilməsi doğru deyil. Çünki bu, haradasa həmin nümayəndə heyətinin öz fikrini bildirməsinə mane olur. Birinci Belarusa, ardınca isə Rusiyaya qarşı oxşar metodlar tətbiq olundu. Lakin zaman göstərdi ki, bu, o qədər də müsbət effekt verən tədbir deyil.

Azərbaycanın məsələsinə gəlincə isə düşünürəm ki, bu proseslər yoluna qoyulacaq. AŞ PA-da hüquqları pozulan məcburi köçkünlərimizin də məsələsini qabardırıq. Ancaq indiki məsələlərin çözülməsi üçün hesab edirəm ki, bir qədər vaxta ehtiyac var. Azərbaycanın AŞPA-dan çıxarılması və ya səslərinin alınması heç də müsbət nəticəyə gətirib çıxarmaz. Ona görə də çıxışlarda daha çox dialoq sözünü eşitdim. Çıxarılma haqqında bəyanatları eşitmədim. Bizim bəzi insanlar Azərbaycanın AŞ PA-dan çıxarılması ideyasını dəstəkləyirlər. Ancaq mən bunun əleyhinəyəm. Çünki bir daha görünür ki, ölkəmizin AŞ PA-dan çıxarılması mövqeyini sərgiləyənlər Azərbaycana qarşı olanlardır. Orada qalmaq mənə elə gəlir ki, daha müsbət haldır”.

Dinləmələrdə iştirak edən digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da söyləyib ki, Azərbaycanın AŞ PA-dan çıxarılacağını gözləmir:

“Bu cür proseslər hər zaman baş verir. Düşünürəm ki, indiki məqamda bizim hökumətimiz hansısa bir addım atmalıdır. Çalışmalıdırlar ki, Azərbaycanın adına mənfi nə isə yazılmasın. Əgər biz AŞ PA-nın üzvü olaraq qalmaq istəyiriksə, məsələlərin çoxunu həll etməliyik. İstəmiriksə, o zaman istədikləri kimi davrana bilərlər. Mənim zənnimcə, çox məsələləri həll etməyin vaxtı çatıb. Biz AŞ PA-ya daxil olan zaman üzərimizə öhdəliklər götürmüşük. İndi həmin öhdəlikləri yerinə yetirmək lazımdır. Doğrudan da bu, çox vacib haldır. Orada olan zaman gördüm ki, digər dövlətlərdə də bu kimi hallar var. Yəni belə bir durumla onlar da qarşı-qarşıyadır. Məsələn, biz bu gün Rusiyanın məsələsini görürük. Əgər Rusiya oradan çıxarsa, o zaman Avropa Şurasında doğrudan da problemlər yarana bilər. Elə bu səbəbdən Rusiyanın ora qayıtması vacib haldır. Biz də müvafiq addımları atmalıyıq ki, məsələ çözülsün. Axı nə üçün bizə oradakı digər dövlətlərin içərisində təzyiqlər edilməlidir? Özümüzü orada olan zaman çox pis hiss etdik. Biz bu məsələləri çözsək, digər problemlər də həll olunar. Azərbaycan bəzi məsələlərdə doğrudan da addımlar atıb, reformlara gedir. Hər şeyi həll etmək olar və bu, Azərbaycan üçün çətin deyil. Onların tələbləri istiqamətində bir addım atılarsa, digər məsələləri də AŞ PA-da qaldıra bilərik. Sabah Qarabağ məsələsini müzakirəyə çıxarıb, biz onları suçlayarıq. Deyə bilərik ki, nə üçün siz ancaq insan haqları məsələlərinə baxırsız. Çox böyük iradlar tuta bilərik. İnsan hüquqlarından danışırlarsa, Qarabağda evsiz qalanlar da insanlardır. Onların da hüquqları var. Bax, birinci məsələ çözülərsə, bu istiqamətdə də təzyiqlər edə bilərik”.


N.Cəfəroğlu bildirib ki, bir müddət idi bu cür dinləmələrə getmirdilər: “Ona görə ki, hər dəfə çıxışlar edib, bizə təzyiqlər göstərirlər. Nə qədər Azərbaycan məsələsini qabartmaq olar. Məsələ burasındadır ki, bizim hökumət son zamanlar addımlar atır. Məsələn, nardaranlıları buraxdılar, Faiq Əmirlini, Mehman Əliyevi buraxdılar. Bütün bunlar müsbət haldır. Ancaq bunu birdəfəlik qurtarmaq lazımdır. Əgər birdəfəlik bu mövzunu qapadarsaq, artıq biz nəyisə onlardan tələb edə bilərik. Yoxsa gördüyünüz kimi, onlar hər dəfə eyni məsələləri qabardıb, bizə təzyiqlər edirlər. Şəxsən məni, mənim dostlarımı incidən budur ki, orada Qarabağla bağlı qeyd etdiyim məsələni qaldıra bilmirik. Orada 100 məsələ qoymaq olar. Doğrusu, mən dinləmələrdə səhhətimlə əlaqədar iki gün oldum. Ancaq məlum olduğu kimi, bu dəfə də 2 qətnamə qəbul edib, onu orada səsləndirdilər. Onlara demək olar ki, nə üçün bizim 500 min insanımızı evsiz-eşiksiz qoyan Ermənistanın məsələsini burada qaldırmırsız? İndiki halda Azərbaycanın AŞ PA-dan çıxarılmasını gözləmirəm. Çünki çıxmaq məsələsi Azərbaycandan asılıdır. Çıxarsalar onlar nə əldə edəcəklər? Və ya biz nə əldə edəcəyik? Məqsədimiz odur ki, Avropaya doğru inkişaf edək. Əgər bunu istəyiriksə, o zaman bəzi məsələlərdə güzəştlərə də getməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.