İsrail İrana qarşı müharibə hazırlığında - “Bu, Azərbaycan üçün də müəyyən təhlükələr yaradır”

3-05-2018, 00:23           

Elxan Şahinoğlu: “İnanmıram ki, İran İsrailin tələbi qarşısında geri addım atsın”

“İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə edib”.

Bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı yayımında çıxış edib.

“Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt hərbi nüvə proqramının olmadığı yalan deyib”, - Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı İranda “Əhməd” adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn sənədləri də daxil olmaqla yarımton material əldə edib.

“İran 2015-ci ildə yalan danışaraq, IAEA-da sövdələşmənin tələb etdiyi kimi hər şeyi etiraf etməyib. İran sövdələşməsi, nüvə sövdələşməsi yalana, İran yalanına və hiyləsinə əsaslanır”, - deyə baş nazir əlavə edib.

Eyni zamanda İsrail Parlamenti Baş Nazir Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu da təsdiqləyib.

Knessetdə qəbul edilən qanuna əsasən, artıq bu iki şəxs fövqəladə hallarda hökumətdən razılıq almadan müharibə elan edə biləcək.

Qanun səs çoxluğu ilə qəbul edilib.

ABŞ və İsrailin xəbərdarlıq xarakterli çıxışlarına heç İran tərəfi də cavabsız qalmır, hətta İran rəhbərləri daha ciddi bəyanatlar səsləndirirlər. İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırıq. Hətta Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə sazişindən imtina edilməməsi barədə çağırış edib.

Əslində, Əli Əkbər Salehinin bu bəyanatında da bir növ müharibə ritorikası var. Çünki “daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırıq” deməklə Əli Əkbər Salehi ABŞ və İsrailə meydan oxuyur və İranın gücünü nümayiş etdirir. Görünən odur ki, ABŞ-ın təhriki ilə regionda yeni savaş, İran-İsrail müharibəsi başlaya bilər.

“İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramını gizli davam etdirməsi və bu yöndə arxiv sənədlərinin surətlərinin ələ keçirilməsi ilə bağlı açıqlaması Tehranın nüvə razılaşması öhdəliklərini pozmasına sübut kimi qəbul edilə bilməz” bu fikirləri isə Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini deyib. Hətta F. Moqerini vurğulayıb ki, Netanyahunun bəyanatında duyduqlarım nüvə razılaşmasının icrasına şübhə ilə yanaşmağa əsas vermir. F. Moqerinin fikrilərindən belə məlum olur ki, ABŞ-ın təhriki ilə İran-İsrail müharibəsi başlayarsa belə, Avropa Birliyi ABŞ və İsrailin yanında yer almayacaq. Əslində, F. Moqerinin açıqlaması bir növ İrana dəstək xarakteri daşıyır.

Netanyahunun İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etməklə bağlı ittihamı 2003-cü ildə ABŞ-ın İraqa nüvə proqramı olduğunu bəhanə edərək soxulduğunu yada salır. Belə məlum olur ki, İsrail İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarım ton məxfi material əldə edilməsini bəhanə edərək, müharibəyə hazırlaşır. Çünki İsrail Parlamentinin Baş Nazir Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləməsi bunu deməyə əsas verir. Amma İran İraq deyil. İsrail ABŞ-ın təhriki ilə İrana qarşı müharibə elan edərsə, bu, nə region, nə də İsrail üçün yaxşı nəticələnər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişini dəfələrlə tənqid edib və Vaşinqtonun bu müqavilədən çıxa biləcəyini söyləyib.

“Bu, Azərbaycan üçün də müəyyən təhlükələr yaradır”

“Anjey Kaspşik elə varlanıb ki, ikinci villasını tikir” - POLİTOLOQ

İsrail kəşviyyatının İranda nüvə proqramının olduğunu sübut edən məxfi materiallar əldə etməsilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, beynəlxalq aləm bir problemdən qurtulmamış çox təəssüf ki, başqa bir ciddi problemlə üzləşir: “İran məsələsi arxa plana keçdikdən sonra Şimali Koreyanın nüvə silahı əldə etməsi gündəmdə idi. Çox gərginlik yaranmışdı. Son anda şimali Koreya nüvə silahından imtina etdi və yumşalma baş verdi. Bu gün orada gərginlik dövrü arxada qalıb, danışıqlar gedir. İndi isə yeni bir problem çıxır ki, İsrail kəşfiyyatının məlumatına istinad edərək İranın nüvə çalışmalarını davam etdirdiyi iddia olunur. Bu, növbəti gərginlikdir. Bu, Azərbaycan üçün də müəyyən təhlükələr yaradır. Çünki İran bizə qonşu dövlətdir. İsraillə isə tərəgfaşlıq münasibətləri var. Bu, Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Amma mən hesab etmirəm ki, İsrail hökuməti o qədər düşünülməmiş addım atsın ki, İranla müharibə başlasın. Görünür, şimali Koreya təcrübəsindən istifadə edərək İran hakimiyyətinə təzyiqi artırmaq istəyirlər ki, İran da şimali Koreya kimi birdəfəlik nüvə çalışmalarından imtina etsin. Amma hər halda İran şimali Koreya da deyil, inanmıram ki, İsrailin tələbi qarşısında geri addım atsın”.

“İrana qarşı müharibə başlasa, daha dəhşətli ssenarilər baş verə bilər”

“Vaxtilə İraqda olan ssenari İranda davam etdirilə bilərmi” sualına E. Şahinoğlu belə cavab verdi: “İran İraq deyil. İraqın özündə belə nüvə silahını aşkar etmək bəhanəsilə müharibə başladı, nəticədə yüz minlərlə insan həlak oldu, ölkə dağıldı, terrorizm baş qaldırdı. İrana qarşı müharibə başlasa, daha dəhşətli ssenarilər baş verə bilər. Ona görə, mən düşünürəm ki, daha münasib mövqedə Avropadır. Avropa İranla dialoqun tərəfadarıdır və bu dialoq çərivəsində bütün suallara aydınlıq gətirilə bilər, yoxsa İranı belə hədələməklə, İrana qarşı müharibə elan etməklə bu məsələlə nəinki həll olunmayacaq, daha da bölgədə gərgin situasiya yarana bilər”.

“İrandan müəyyən şübhələrin səsləndirilməsi İsrailin mövqeyini gücləndirir”

Əli Əkbər Salehinin bəyanatı ilə bağlı politoloq qeyd etd ki, İrandan müəyyən şübhələrin səsləndirilməsi əslində, İsrailin mövqeyini gücləndirir: “Bu da xoşa gələn bir durum deyil. Çünki vaxtilə “Tamas” qrupu ilə anlaşma imzalanmışdı ki, İran sülh məqsədi ilə nüvə çalışmaları həyata keçirə bilər, ora müşahidəçilər göndəriləcəkdi. Biz bilmirik müşahidəşilərin hesabatları, qənaətləri nədir. Yəni onlar o qənaətdədirlərsə ki, İran nüvə silahı yaratmır. Əslində, daha çox onlara inanmaq lazımdır. Amma sizin də qeyd etdiyiniz açıqlama daha çox vəziyyətin gəriginləşməsinə xidmət edir. İran əgər nüvə çalışmalarını davam etdirirsə, bilərəkdən sanki bölgədə vəziyyəti gərginləşdirir”.

“İran nüvə silahı əldə etsə, Türkiyə də bu haqda düşünməyə başlayacaq”

“İran bilərəkdən niyə bölgədə vəziyyəti gərginləşdirmək istəsin” sualına gəlincə, E. Şahinoğlu belə dedi: “Hansı dövlətin ki, Qərblə münasibətləri gərgindir, artıq onun daxili işlərinə qarışacağını zənn edir, o nüvə silahı əldə etməyə çalşır. Bunu şimali Koreya da istəyirdi, vaxtilə İraq da istəyirdi, İndi də İran istəyir. İran bilir ki, Qərbin mövqeyi ona qarşı sərtdir, hər an ona qarşı zərbələr endirə bilərlər. Ona görə də nüvə silahı əldə etmək istəyir. İran nüvə silahı əldə etsə, avtomatik Türkiyə də bu haqda düşünməyə başlayacaq. Hindistan və Pakistanın da nüvə silahı var. Nüvə silahı bir ölkəni xarici təhlükədən qoruyur. Rusiya özü bölgədə varlığını məhz nüvə silahı ilə diktə edir ki, nüvə silahım var, hamı gərək məndən çəkinsin. Yəni nüvə silahı hər bir dövlətə xüsusi bir güc verir, onun toxunulmazlıq statusunu artırır. İran da yəqin bu prinsiplərdən çıxış edir”.

“Son anda bu gərginlik yenə də aşılacaq”

“Avropa Birliyi ehtimal edilə bilən İran-İsrail müharibəsindən kənarda qalacaq. Çünki Avropanın İrana qarşı ciddi iradları yoxdur. Avropa düşünür ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və bu məsələdə Amerikanın mövqeyindən fərqli mövqedə çıxış edir. Ona görə, İrana qarşı ABŞ və İsrail tərəfindən müharibə başlasa, Avropa bu müharibədə yer almayacaq. ABŞ və İsrail tərəfindən İrana qarşı müharibə başlasa, bu çox dəhşətli nətiəcələrə gətirib çıxara bilər. Ağlı olan hökumət belə bir riskə getməz. 2000-ci illərin əvvələrində bu risklər çox böyük idi, bölgədə çox gərgin bir stiuasiya yaranmışdı. Son anda bu gərginlik yenə də aşılacaq”,-deyə politoloq vurğuladı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.