KİV: ABŞ-ın keçmiş dövlət katibi İran XİN rəhbəri ilə görüşüb
5-05-2018, 09:00
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri cari ildə bir neçə dəfə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə “Boston Globe” nəşri diplomatik mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, tərəflər İranın nüvə proqramı üzrə razılaşmanın qorumaq yollarını müzakirə ediblər. Danışıqların detalları barədə məlumat verilmir.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib, gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
D.Tramp Böyük Britaniya, Almaniya və Fransa ilə aparılan məsləhətləşmələrin yekununda, mayın 12-dən gec olmayaraq ABŞ-ın razılaşmada qalıb-qalmadığını bəyan edəcək.