Şirməmməd Hüseynov: “Himnimiz Rafael Hüseynovun xoşuna gəlməyə bilər...”

5-05-2018, 10:15           
Şirməmməd Hüseynov: “Himnimiz Rafael Hüseynovun xoşuna gəlməyə bilər...”
Şirməmməd Hüseynov: “Rafael Hüseynovun xoşuna gəlməyə bilər, amma millətin xoşuna gəlir”; Vüqar Əhməd: “O deyirsə ki, himnimizdə xətalar var, deməli belədir”
Son vaxtlarda himnimizin dəyişdirlməsi məsələsi yenidən gündəmə gəldi. Belə ki, deputat, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov himnimizdəki sözlərin dəyişdirilməsi, xətaların aradan qaldırılması təklifini irəli sürüb. O qeyd edib ki, “himnimizdə ”hüququndan keçən əsgər" sözü 1918-ci ilə olan variantda olmayıb.

“Bu, 1992-ci ildə Xalq Cəbhəsinin dövründə edilib. Düzdür, onlar dəyərlərimizi yüksəkliyə qaldırmaq istəyiblər, sağ olsunlar, amma bəsitliyə yol veriblər. Biz də bu günə kimi bunu belə oxuyuruq. Ona görə bu xəta aradan qaldırılmalıdır".

Xatırladaq ki, himnin dəyişdirilməsi ilə bağlı bu günə qədər bir neçə dəfə təkliflər irəli sürülüb. Bu məsələ ictimaiyyət nümayəndələri arasında fikir ayrılığına, hətta qalmaqallara da səbəb olub. Məsələn, iki il öncə deputat Araz Əlizadə himnimizin major deyil, minor tonallığında olmasını diqqətə çatdıraraq demişdi: “Azərbaycan himninə qulaq asanda adam əlinə dəsmal götürüb ağlamaq istəyir”. Təbii ki, deputatın bu fikirləri ictimaiyyətdə tənqidlə qarşılanmışdı. Amma deputata dəstək çıxan, onun fikilərinin haqlı olduğunu düşünən həmkarları da oldu. O cümlədən deputat Nizami Cəfərov müzakirələr zamanı qeyd etmişdi ki, həqiqətən himnlə bağlı müəyyən problemlər var, onun sözləri ilə bağlı məsələ müzakirə olunmalıdır: “Hələ də himnimizin mətnin kim tərəfindən yazılması ilə bağlı müəyyən müzakirələr gedir. Çünki burada şübhələr var. Bundan başqa müzakirə olunan məsələlərdən biri də mətnin uzun olmasıdır. Digər bir məsələ isə mətnin dilində ağırlığın olmasıdır. Yəni poetiklik, pafos nisbətən azdır”.

Qeyd edək ki, himnin musiqisi qalmaqla, sözlərinin tamamilə dəişdirilməsini, hətta yerinə öz şeirinin daxil edilməsini istəyən şairlər də olub. Xalq şairi Sabir Rüstəmxanlının bu haqda kult.az saytına verdiyi açıqlamasından sitat: “Azərbaycanın yeni müstəqillik qazandığı illərdə parlamentdə dövlət atributları müzakirə olunarkən fikrimiz belə idi ki, Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Sovet Respublikasının himninin musiqisi qalsın, amma sözləri dəyişilsin. Hətta mən o vaxt - 1991-ci ildə bu himnin musiqisinə söz də yazmışdım”.

Beləliklə, himnimizdə dəyişiklər edilsinmi?

Məsələ ilə bağlı professor, Cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd Hüseynovun mövqeyini öyrənməyə çalışdıq. Professor himnimizdə hər hansı bir dəyişikliyə ehtiyac olmadığını vurğuladı:

“Mən Rafael Hüseynovdan belə bir açıqlama gözləmirəm. İnanmıram ki, o belə bir söz desin...

Zamanında deputat Nizami Cəfərov, Zəlimxan Yaqub və digər şairlərin bir neçəsi bildirmişdi ki, “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu" sözü nə anlamındadır? Gəlin, bu sözü dəyişək". Onda mən elə sizin qəzet vasitəsi ilə buna cavab verdim ki, bu sözün mənası odur ki, insanın ən böyük hüququ onun varlığıdır. Əgər insan, əsgər varlığından, canından keçirsə, deməli qəhrəmandır. Konstitusiyada xüsusi maddə var ki, vətən uğrunda canından keçən qəhrəmandır. İndi sual verirəm, bu sözdə nə anlaşılan deyil? İndi hər şey dəyişir. İstənilən şəxsin fikir söyləmək hüququ, ixtiyarı var. Heç kəsə də qadağan etmək olmaz ki, “hansısa fikri demə”. Sadəcə, bu cür məsələlərə soyuqqanlı yanaşmaq, müzakirələr aparmaq, sonda isə ümumi rəyi xalqın ixtiyarına vermək lazımdır. Yoxsa hər kəs ağzına gələni danışır, biz də başlayırıq müzakirə etməyə. İndi deyir də, necə deyək ki, danışma. Onun xoşuna gəlməyə bilər, amma millətin ki, xoşuna gəlir. Kiminsə deməyi ilə himnin sözləri dəyişmədi ki. Himnin sözləri, musiqisi tələm-tələsik yazılmayıb. Əvvəlcədən həm sözlərə, həm də musiqiyə müsabiqə elan ediblər. Bu işə də Üzeyir bəy nəzarət edib".


Vüqar Əhməd himnin dəyişdirilməsinin əleyhinə olduğunu dedi: “Çünki hər kəs, o cümlədən məktəbdə şagirdlər və sairə himnimizi bu cür əzbərləyib, bu cür sevir, ona hörmətlə yanaşırlar. Lakin əgər deputat Rafael Hüseynov belə deyirsə, deməli onun sözlərində həqiqət var. Lakin himnimizin musiqisinə gəldikdə, deyə bilərəm ki, həmin musiqini dəyişmək olmaz. Çünki müəllifi Üzeyir bəy Hacıbəylidir”.


Zemfira Qafarova: “Daha doğrusunu ancaq şairlər, yazıçılar deyə bilər”
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova isə məsələyə bu cür mövqe bildirdi: “Heç kimin ixtiyarı yoxdur ki, Üzeyir bəyin yazdığı notları dəyişdirsin. Lakin əgər himnin sözlərində nəsə xəta varsa, bu haqda şairlərlə məsləhətləşmək lazımdır. Çünki daha doğrusunu ancaq şairlər, yazıçılar deyə bilər”.

Xatırladaq ki, 1919-cu ildə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli və Əhməd Cavad tərəfindən “Azərbaycan marşı” tərtib olunub. 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanunu qəbul edib. Qanuna əsasən həmin marş Azərbaycanın Dövlət himni kimi təsdiq edilib. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilib.

Bir müddət əvvəl himnin musiqi tonallığı yuxarı olduğu ki, aşağı salınıb. Onu da vurğulayaq ki, himnimiz Azərbaycan dövlətinin 3 əsas rəmzindən biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.